Bakıda qar

Təbiətin cilvəsi, yoxsa texnologiya - Bakıya niyə "seçmə" qar yağır?

1570
(Yenilənib 00:32 02.02.2021)
Bakının bir hissəsinə qar yağıb, digər hissələrinə yağmaması günlərlə müzakirə olundu. Həmişə fevralda qar gözləyən paytaxt sakinlərini həmin hadisənin təkrarlanma ehtimalı maraqlandırır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Bakıya yağan ilk qarın üstündən xeyli vaxt keçməsinə baxmayaraq hələ də qarın paytaxtın bir hissəsinə yağıb, digər hissəsinə yağmaması müzakirə edilir. Paytaxt sakinlərini bu hadisənin təkrarlanma ehtimalının olub-olmadığı da maraqlandırır. Məsələ sosial platformada da geniş maraq kəsb etdiyindən Sputnik Azərbaycan yaranan suallara aydınlıq gətiməyə çalışıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində qar əsasən relyefi yüksək olan ərazilərdə müşahidə olunub: "Paytaxta yağan ilk qar Yasamal ərazisində daha intensiv olub. Dənizə yaxın ərazilərdə yağışla qarışıq olsa da, qar kimi gözə çarpmayıb. Ancaq sabahı gün bəzi ərazilərə qar formasında yağıb. Buna əsasən dənizin təsiri ilə şəhərin mərkəzində binaların hündür olması şərait yaradır. Dənizdə temperaturun isti olması yağan yağıntıların yer səthinə yaxın hissələrdə yağış formasında düşməsinə səbəb olur. Məhz bu səbəbdən də şəhərin mərkəzində sulu qar, kənar yerlərdə isə yağıntı qar formasında düşüb".

R.Verdiyev deyir ki, ilk qar yağanda adətən sulu qar olur, sonra bərk formaya keçir:

"Binalar və dəniz istilik verir, yer səthinə yaxın yerlərdə yağıntı sulu formaya keçir. Bu, relyefin və şəhərdə tikintilərin sıx və hündür olması ilə bağlıdır. Təbii ki, Xəzər dənizinin də təsiri var. Bunlar şəhər mikroiqlimi əmələ gətirir. Mikroiqlim də şəhərdən nisbətən kənar ərazilərlə müqayisədə isti olmasına, o yağıntıların bərkiməsinə imkan vermir".

Qeyd edək ki, qarın yağmasında bölgələrdə də fərq müşahidə olunub. Məsələn, İsmayıllı, Qəbələ, Şəkiyə qar yağsa da, Şəkinin bəzi kəndlərində həmin günlər hava xoş keçib.

R.Verdiyev bildirir ki, bu, hava kütlələrinin təsiri ilə əlaqədardır: "Soyuq hava kütlələrinin hərəkət istiqamətindən asılı olaraq qarın yağmasında bölgələr üzrə fərq yarana bilər".

Xatırladaq ki, Bakıda ilk qar yağan zaman paytaxtın mərkəzi hissəsində qarı yağış əvəzləyib. Bu, insanlar arasında iqlim dəyişkənliyi ilə bağlı məlumatların yayılmasına səbəb olub.

1570
Teqlər:
iqlim, hava, Bakı, qar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11