Prezident İlham Əliyev xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO

18
(Yenilənib 21:47 01.02.2021)
İlham Əliyev və Mehriban Əliyeva Abşeron rayonunda müxtəluf təyinatlı obyektlərə baş çəkib, Yasamalda salınan yeni parkda olublar

BAKI, 1 fevral - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə dövlət başçısının rəsmi səhifəsində məlumat verilib.

Prezident və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar

Sonra onlar Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib, xəstəxanada yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 4 hektar sahədə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.

© Official website of President of Azerbaijan Republic
Abşeron Rayon Mərkəzi Xəstəxanası

Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında da iştirak edib, orada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev yenidən qurulan “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə də tanış olublar.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseyində

Dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Yeni korpusun Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

© Official website of President of Azerbaijan Republic
Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-lisey

Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb. STEAM sistemi işarələrlə, alqoritmlərlə robotexnologiyanın hazırlanması və proqramlaşdırılması, onların üzərində uşaqların birgə əməkdaşlığı, digər fənlərlə inteqrasiyasını nəzərdə tutur. Bu, mahiyyət etibarilə yeni təfəkkür formasının yaradılması deməkdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında

Prezidentin tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Artıq yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.

18
Berlin kinofestivalının mükafatları, arxiv şəkli

Erməni yalanları Berlin film festivalında ayaq tutacaqmı? - Azərbaycan əks-tədbirlər görür

2
Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Erməni yalanlarını təbliğ edən "Arsax Qara bağ" filmi 2021 Berlin Film Festivalında nümayiş olunacaq. Bununla bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Mədəniyyət Nazirliyinin bu barədə məlumatı var və bununla bağlı müəyyən addımlar atılıb: "Həmin film 71-ci Berlin film festivalında festival proqramlarının birində nümayiş etdirilməsi nəzərdə tutulub. Həmin film haqqında festivalın saytında məlumat gedən kimi Mədəniyyət nazirliyi bunun qarşısını almaq məqsədi ilə tədbirlər görməyə başladı. Mədəniyyət naziri Anar Kərimov Almaniyanın Mədəniyyət və Media üzrə müvəkkilinə etiraz məktubunu göndərdi. Bundan əlavə, Berlin film festivalının direktoruna da etiraz məktubu göndərilib. Bununla yanaşı, Almaniya Federativ respublikasının ölkəmizdəki səfiri ilə nazirlikdə görüş keçirildi. Görüş zamanı cənab nazir Anar Kərimov səfirə bu məsələ ilə bağlı öz etirazını bildirdi".

Kinematoqrafiya şöbəsindən verilən xəbərə görə, filmin məlumat hissəsində böhtan və qərəz xarakterli məlumatlar yer almışdı: "Hətta filmin istehsal edildiyi ölkə kimi qondarma "Arsax Respublikası" kimi qeyd olunmuşdu. Hazırda Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub. Amma film hələlik qalıb. Nazirlik öz işini davam etdirəcək. Biz nəticəni gözləyirik. Festivaldan çıxarılma məsələsi belədir ki, filmin proqramdan çıxarılması mələsi qəliz məsələdir. Bilirsiniz ki, festivallar Avropada müstəqil qurumlardır. Hər halda biz öz etirazımızı bildirmişik".

2
Söyüdlü – Zod qızıl yatağı

Yataqların ehtiyatları bir daha qiymətləndiriləcək

3
(Yenilənib 15:54 03.03.2021)
“AzerGold” QSC tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. "2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olan ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur. İşğala qədər metallar üzrə toplanan geoloji məlumatlar bu yataqların bir çoxunun böyük sənaye ehtiyatlarına malik olduğunu təsdiqləyirdi". Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunan ərazilərində yerləşən yataqlarından qızıl, gümüş, mis və molibden ehtiyatları ötən əsrin 90-cı illərinin ortalarından etibarən Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalıb: "Qanunsuz hasilat və satış nəticəsində əldə olunan qeyri-qanuni iqtisadi dividendlər Ermənistan Respublikasının, xüsusilə də qondarma rejimin maliyyələşdirilməsində mühüm rol oynayıb. Bununla da Azərbaycan Respublikasının iqtisadi və dövlət maraqlarına ciddi ziyan vurulub. Hazırda ölkəmizin nəzarətində olan sözügedən yataqların ehtiyatları bir daha qiymətləndiriləcək və əlaqədar dövlət qurumları tərəfindən qeyri-qanuni hasilat nəticəsində Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması işləri icra ediləcək".

"Öz növbəsində “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb. Cəmiyyət tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb. Bununla bağlı əldə edilən materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub", - deyə məlumatda bildirilib.

Bununla yanaşı, cəmiyyət tərəfindən işğaldan azad olunan ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar görülür: "İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilən ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq. Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

3