Həbsxana, arxiv şəkli

Həbsxanada qəfil "qonaqlar": nöqsanları gizləmək mümkün olmadı

21
(Yenilənib 20:09 01.02.2021)
Penitensiar Xidmətinin Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən gələn MPQ üzvləri sənədlərin düzgün tərtib edilməməsi də daxil xeyli nöqsan aşkarlayıblar

BAKI 1 fevral - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, mətbəxinə, görüş otaqlarına və digər obyektlərinə baxış keçirilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin saxlanma şəraiti, rəftar məsələləri, sağlamlıq, qidalanma, telefon danışığı, görüş və digər hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub. Eyni zamanda Müvəkkilə ünvanlanmış yazılı müraciətlər qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu, tibb-sanitar hissəsində bəzi dərman vasitələrinin müddətinin bitdiyi və üzərində lazımi möhürün olmadığı, labarotoriya otağının və əməliyyat bölməsinin fəaliyyət göstərmədiyi, rentgen, USM aparatlarının və bir çox digər tibbi avadanlığın işlək vəziyyətdə olmadığı, həmçinin yanğınsöndürmə qaydalarına riayət edilmədiyi və yanğınsöndürmə vasitəsinin istifadə müddətinin keçdiyi, habelə sənədləşmədə nöqsanların olduğu müəyyən edilib.

Yekunda MPQ üzvləri tərəfindən müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, habelə nöqsanların aradan qaldırılması, saxlanma şəraitinin, rəftar məsələlərinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

21
Teqlər:
Ombudsman Aparatı, ombudsman, həbsxana
Toy, arxiv şəkli

Azərbaycanda toylara icazə verilə bilər - Şərtlər açıqlandı

7
(Yenilənib 23:28 02.03.2021)
Türkiyədəki kimi müəyyən sayda insanların iştirakı ilə toylara icazə verilə bilər"Türkiyədəki kimi müəyyən sayda insanların iştirakı ilə toylara icazə verilə bilər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Türkiyədə toy və digər şənliklərin keçirilmə qaydalarla bağlı mühüm qərar verilib. Belə ki aşağı, orta, yüksək və daha yüksək riskli yoluxmaların olduğu bölgələrdə toyların keçirilmə formatı və saatı müəyyənləşdirilib. Aşağı və orta yoluxma olan bölgələrdə 100 nəfər, yüksək və daha çox yoluxma olan bölgələrdə isə 50 nəfərdən və bir saatdan çox olmamaq şərti ilə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

Ötən gün isə Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacağını bildirib. Komitə sədrinin sözlərinə görə, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi operativ qərargahın səlahiyyətindədir. Həmin qurum bununla bağlı tibb mütəxəssislərinin pandemiya ilə bağlı yaranmış vəziyyətə dair qiymətləndirməsini nəzərə alaraq qərarlar qəbul edəcək.

Türkiyədə toy məclisləri ilə bağlı qaydaların tətbiq edilməsi Azərbaycanda da böyük maraqla qarşılanıb. Sputnik Azərbaycan qardaş ölkədəki təcrübənin Azərbaycanda tətbiqinin nə qədər mümkün olduğunu,  ölkəmizdə toy mərasimlərinin hansı şərtlər altında bərpa edilə biləcəyini araşdırıb.

Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib ki, yumşaldılma tədbirlərinə mərhələli şəkildə getmək lazımdır:

"Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılımaya gedə bilərik. Bu məsələdə tələskənliyə yol vermədən, səbr və təmkinlə addımlar atılmalıdır. Əks halda yumşaldılma tədbirləri sonradan müəyyən bir sərtləşdirmənin həyata keçirilməsinə gətirib çıxara bilər".

Həkim deputat qeyd edib ki, indiki rəqəmlər - yoluxmanın sayının gah azalması, gah da artması bizi o qədər də qorxutmamalıdır. Biz əsasən diqqətimizi vaksinasiya prosesinə yönəltməliyik. Vaksinasiya könüllü olsa belə, əhali bu prosesdə yaxından iştirak etməlidir. Bu prosesdə iştirak etməklə yumşaldılma tədbirlərinin həyata keçirilməsini sürətləndirəcəyik.

"Fikrimcə, iki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir. Biz yoluxmaların sayının dinamikasını nəzərə alaraq azalmaların maksimal olduğu, müəyyən artımın olduğu müddətlərə, sonrakı enmələrin hansı dinamikada getdiyinə və vaksinasiyadakı sıxlığa diqqət yetirsək, iki həftədən sonra bu barədə müəyyən fikirlər söyləmək olacaq. Azərbaycanda insanlar qoruma tədbirlərini anlayışla qarşılayırlar. Vaksinasiya prosesi də kifayət qədər qaneedici sürətlə gedir. Vətəndaşlar həm yaş qrupuna, həm də müəyyən olunmuş vaksinasiya strategiyasına görə müəyyən addımlar atıldıqdan sonra yumşaldılmaların da olması realdır", - deyə deputat əlavə edib. 

Deputat, iqtisadçı-alim Vüqar Bayramovun fikrincə isə son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir:

"Toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq bu sferada hələ də açılımaya gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin".

O qeyd edib ki, rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub.

"Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir. Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür", - V.Bayramlı deyib.

Millət vəkili Fazil Mustafa deyir ki, Türkiyədəki kimi müəyyən sayda insanların iştirakı ilə toylara icazə verilə bilər:

"İnsanların bir ildən çoxdur ki, toyları təxirə salınıb. Toylara icazə verilmir, amma restoranda 100-200 adam eyni anda əyləşir. Xəstəlik yayılacaqsa, elə restoranda da yayılacaq. Ölkədə müəyyən sahələrə qoyulan qadağalar iş yerlərinin bağlanması, insanların iş yerlərindən çıxarılması ilə nəticələnir. Sahibkarlar da burada məcbur qalıb bunu edirlər. İnsanlara müəyyən qadağalar qoyulub. Maska taxılması, sosial məsafə qaydalarına riayət edilməsi və dezinfeksiya məhlullarından istifadə mütləqdir. Bunlar gözlənilməklə qonşu ölkədə olan praktikanın müəyyən sayda insanların iştirakı ilə Azərbaycanda da tətbiqi mümkündür. Müəyyən sayda insanlar restoranda 1-2 saatlıq toy məclisi təşkil edə bilər. Bunun üçün qaydalar hazırlanmalı və bu istiqamətdə marifləndirmə işləri görülməlidir".

7
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

5
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

5
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli