Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

142
(Yenilənib 17:45 01.02.2021)
"Normal cəmiyyətlər sosial ədalətsizliyə, hər hansı qiymət artımına ciddi reaksiya verir, ciddi şəkildə etiraz edir. Biz isə belə vəziyyətlərdə 2-3 status tutuzdurub, sakitləşirik"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda "Azərsu" ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir. Bu məsələ sosial şəbəkədə heç də birmənalı qarşılanmadı. Sputnik Azərbaycan bir neçə sosial şəbəkə istifadəçisinin suyun qiymətinin qalxması ilə bağlı yazdığı postları sizə təqdim edir.

Kişi qabı su ilə doldurur, arxiv şəkli
© AFP 2020 / FILIPPO MONTEFORTE

"Radio Antenn 101FM"-in əməkdaşı Əzizə İsmayılova məsələyə münasibətini belə bildirib:

"Əziz məmurlar, siz azadsınız! Biz sizi azad etdik!

Sabahdan suyun hər kubuna 1 manat ödəyəcəyik. 70 qəpik içə bilmədiyimiz suya + 30 qəpik kanalizasiya... Bütün iqtisadçıların yazdıqlarına nəzər salıram. Çəkilməmiş filmdir həyatımız..

Bilirəm, güləcəksiniz, amma vallahi, baş bankrimizlə Meliorasiya və Su təsərrüfatı rəhbərinin quda olduqlarını hələ indi bildim. (Bu ölkədə zatən 95% məmur zəncir kimi bir-birinə bağlıdır. Bu boyda şəcərəni yadda saxlayacaq yaddaş nə gəzir...) Deyəcəksiniz, məsələyə nə dəxli? Ola bilər, hansısa tərəfdən baxanda dəxli olmasın, mentalitetimiz tərəfdən baxanda isə dəxli var, özü də necə lazımdır...

Təsəvvürə necə gətirə bilirsiniz, iki qudadan biri milyardlıq bina qarşısında maşından düşsün, o biri yox. Bizim reallıqda belə şey olar?

Rəhbərlik etdiyi dövlətə məxsus bankın rəhbəri Elman Rüstəmov çıxdı dedi ki, "binanı öz hesabımıza tikirik", bir bəndə sual vermədi ki, "öz hesabınızda o qədər vəsait haradandır?" Yəqin, bütün qudalar ilə əl-ələ verib öz hesabına tikir bu göydələni... Ona da sual verən olmayacaq ki, su ilə bağlı bu qədər həll olunmalı dərd varkən, nədir bu bina sevdası? Yəni külli-ixtiyar məmurlarımızın qələminə bağlıdır - sorğusuz, sualsız.

Mətbuat yazır ki, o qədər şanslıdırlar ki, milyonluq hansı tender elan olunsa, mütləq qalibi qohumlar olur...

Necə olur axı bu? Necə olur ki, bu ölkədə gecə-gündüz çalışanlar bir qarın çörəyi zorla qazanır, cavan-cavan ömürlər kirayələrdə çürüyür, öləndə də kirayələrdə ölüb gedirik, amma bütün məmurlarımız, onların övladları, sürücüləri, öz sevgililəri, sevgililərinin sevgililəri, yetmir, hətta sürücülərinin sevgililəri belə cah-calal içində yaşayır, pula pul demirlər. Haradan, necə qazanırlar bu pulları?

Niyə məmurlarımız zəli kimi qanımıza susayıblar və ölməyincə qopub düşmürlər canımızdan?

Nə edək, necə edək ki, biz də qazana, biz də yaşaya bilək? 24 saatın az qala 18 saatını qarışqa kimi dayanmadan işləyirik. Əvəzində siz qazanırsınız, bizə qəpik-quruş düşür, onu da əlimizdən almaq üçün min cür plan qurursunuz...

Bilirik ki, acizik. Bilirik ki, bizim nə deməyimiz, nələr çəkdiyimiz sizin umrunuzda belə deyil. Nə deyiriksə-deyək, sonda onsuz da siz deyən olacaq.

Kiçicik, öləzimiş bir ümidlə deyirik ki, bəlkə, bir az insaf edəsiniz, azca Allah qorxusu, ölüm qorxusu düşsün canınıza, barı ovcumuza atdığınız qəpik-quruşa tamah salmayasınız.

Cah-calal istəmirik, villalar, milyonluq maşınlar istəmirik. Sizdə olanlarda da gözümüz yoxdur. Sizin kimi ən bahalı şəhərlərdə gəzmək, ən bahalı otellərdə pul səpmək, ən bahalı həyat yaşamaq da istəmirik.

İnanın ki, istəyimiz də fantastik deyil - bircə ay adam kimi yaşaya bilək, başımızı soxmaq, kirayə zülmündən azad olmaq üçün bircə otaq almağı xəyalımızdasa da canlandıra bilməkdən o yana keçə bilmir xəyallarımız...

Suyu bahalaşdırdınız, ərzağı, yanacağı bahalaşdırdınız, sabah da yerdə qalanlar bahalaşacaq... Bəs maaşlar?

İndi bütün kirayədə qalanların ürəyi qapı tıqqıltısına və ya "xozeyka" zənginə bağlanıb... Sanki xəbərimiz yoxmuş kimi "bilirsən də, qiymətlər qalxdı" cümləsini eşitməmək üçün bir kamaz kubik yükləməyə razıyıq. Telefona gələn hər "dırınqqq" ürəyimizi ayağımızın altına salır.

Axı niyə, cənab məmurlar? Niyə bu ölkədə hər şey ancaq sizin olmalıdır? Hər şey ancaq sizin istək və arzularınız əsasında həyata keçməlidir?

Bu ölkədə pul yoxdur, imkan yoxdursa, krizisdirsə, niyə axı onun bütün yükünü biz biçarə xalq sümüklərimizə qədər hiss etməliyik? Maaşımız gündəlik xərclərin heç 2 həftəsinə belə yetmirsə, siz deyin, nə edək, necə edək, kimdən imdad diləyək, dərdimizi kimə söyləyək?

Bu qədər aciz, bu qədər köməksiz, bu qədər ümidsiz, bu qədər çarəsiz yaşamaqmı olar?! Bizə baxanda heçmi utanmırsınız özünüzdən? - deyərdim amma siz bizi milyonluq maşınlarınızın tünd-qara plyonka çəkilmiş pəncərəsindən başqa harada görürsünüz ki...

Qiymət artımının bizə təsirindən nə bu qudaların, nə başqa qudaların, əlbət ki, xəbərləri yoxdur və heç olmayacaq da.

Onlar qızıldan qiymətli vaxtlarını sosialda problem içində başını itirənlərin nə dedikləri ilə maraqlanmağa sərf etmirlər... Söz çatdıranlarında da haradadır o cürət ki, bunu dilə gətirsinlər...

Sizə qibtə edirik, cənab məmurlar. Çünki siz azadsınız və biz sizi azad etdik!"

İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov isə paylaşımı ilə Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin su problemini vurğulayıb: "Hamı içməli, çimməli, paltar yumalı, unitaz suyunu fikirləşir. Mən də Acınohurun palçığını, tozunu harada yuyacam, onu düşünürəm. Göz yaşımıza da bir "içoççik" qoysana, a şura hökuməti!"

Anews.az saytının redaktoru isə etirazını belə çatdırıb:

"Görəsən, suyu bahalaşdıran Tarif Şurasının xəbəri varmı ki, hər il mənzilimin borularını su ilə gələn zibildən təmizləmək üçün mən usta çağırıb 100 manat pul ödəyirəm, kranların torunu hər həftə təmizləyirik, evə hər ay 3 balon, ofisə isə 5 balon içməli su alıram. Çünki krandan gələn suyu qaynadıb qaba tökəndə 3-4 gündən sonra ağ çöküntü ilə dolur. "Azərsu"ya da şikayət etsən, deyəcək, binanızın su anbarındandır. Bax belə-belə işlər...

Yazar Cəlil Cavanşir insanları susmamağa səsləyib:

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk. Normal cəmiyyətlər sosial ədalətsizliyə, hər hansı qiymət artımına ciddi reaksiya verir, ciddi şəkildə etiraz edir. Biz isə belə vəziyyətlərdə 2-3 status tutuzdurub, sakitləşirik. Xüsusilə Tarif Şurasını hədəfə alan postlar qarşıma çıxır. Gözəl insanlar, hökumətdən, prezidentdən xəbərsiz benzinin, ərzağın, aksizin, suyun qiyməti qalxa bilərmi?

Bir ilə yaxındır işsiz-gücsüz qaldıq, evdə qalıb pandemiyanın, karantinin bitəcəyini gözlədik, xülasə, susmaq mümkün olduğu qədər susduq. Susduqca "islahatlar" daha ciddi miqyas almağa başlayır. Ölkədə xoş olmayan hadisələr baş verir. Hər keçən gün yardım üçün, ailəsinin ehtiyacı üçün tanımadığı adamlara ağız açanların sayı artır. Hər gün ən azı 4-5 abırlı adam küçədə yaxınlaşıb kömək istəyir. Dilənçi yox ha, dilənçi kökünə salınmış adamlardan söhbət gedir. İntiharların sayında artım, bununla bağlı aparılan müzakirələr sanki cəmiyyətə mesaj verir ki, "etiraz etməyin, ölün, canınız qurtarsın". Səhv davranırıq. Ağlanacaq halımıza gülürük. Vəziyyət isə həqiqətən çox pisdir".

"Facebook" istifadəçisi Taleh Mahmudov da məsələyə münasibətini bildirib: "Hər işi zarafata, lağlağıya qoyuruq. Amma orta hesabla 15 manat su pulu indi 30 manat olacaq. Tarif Şurası qaldırıb, səhv edib. Heç bir əsası yoxdur! Vətəndaş kimi tələb edirəm ki, hökumət buna reaksiya versin. Niyə belə olmalıdır? Hesab edirəm ki, köhnə tariflə hələ bir neçə il ziyansız işləmək olar. Yeyintilərinin, şişirtmə qiymətlə layihələrinin, artıq israfların qabağını alsınlar, yetər.

Sosial şəbəkə istifadəçisi Asim Kazımlı bildirir ki, insanların əksəriyyətinin etiraz səbəbi ödədiyi pula dəyəcək xidməti (məhsulu) ala bilməməsidir:

"Məsələ qiymətin yüksək olmasında deyil. İnsanların əksəriyyətinin etiraz səbəbi ödədiyi pula dəyəcək xidməti (məhsulu) ala bilməməsidir. Hökumət yetkililəri qiymətləri müqayisə etdikləri ölkələrlə nədənsə xidmət və məhsul keyfiyyətini heç müqayisə etmək istəmirlər. Metronun, benzinin, dizelin, suyun, qazın, işığın, ictimai nəqliyyatın qiyməti qalxır, amma nə məhsulun, nə də xidmətin keyfiyyəti qalxır. Məsələn, "Azərsu" ASC neçə illərdir su, kanalizasiya xətlərini yenəliyib qurtara bilmir. İl boyu təmirləri bitmir. Anar Cabrayıllı əhalini suyu israf etməkdə günahlandırır, amma küçələrdə əsas xətlərdən israf olunan sudan xəbərləri yoxdur? Hələ suyun keyfiyyətinin standartlara cavab verib-verməməsini qoyuram kənara. Dəfələrlə bu da müzakirə olunub. Benzinin, dizelin qiyməti qalxır. Bunu xarici ölkələrlə müqayisə edirlər. Amma fakt odur ki, bizdəki keyfiyyətdə dizeli, benzini onlar heç istifadə etmirlər. İctimai nəqliyyatın qiymətini də yenə başqa ölkələrlə müqayisə edirlər. Amma nəqliyyatın və sürücülərin xidmət keyfiyyəti yenə unudulur. Avtobuslarda nə təmizlik, gigiyena, nə də sürücü tərbiyəsi 1 qəpiyə belə dəymir".

Digər bir sosial şəbəkə istifadəçisi Bəxtiyar Hacıyev suyun qiymətinin bahalaşması ilə bağlı fikrini belə çatdırıb:

"Bu gün Tarif Şurası suyun 1 m3 (yeni standartlarla 100 vedrə) qiymətini 0.5 AZN-dən 1 AZN-ə qaldırdı. Mən bu qərarı tənqid etməyəcəm. Məncə, artıq özünütənqid zamanı çatıb.

Xalq olaraq bütün belə qərarlara uzağı "Facebook"da 2-3 gülməli post yazıb, ürəyimizi boşaldıb, sonra qul kimi hər qərara tabe olduqca, 200 milyonluq da bina da tikəcəklər, 480 milyonluq da. Şəhid ailələrini dinləməyəcəklər, qazilərə baxmaq üçün maaşlardan məcburi faiz də tutacaqlar. Benzin və sudan sonra qaz və işıq tariflərini də artıracaqlar. Ürəyiniz istəsə, üstünə bir devalvasiya da edərlər. Lap belə deyib-gülsək, 2-3 yeni Müşahidə Şurası yaradıb, Mikayıl Cabbarovu oralara da sədr təyin edərlər. Ürəkləri istəsə, dövlət qurumlarında ixtisarlara da başlayıb, işsizlər ordusunun sayını da artıra bilərlər. İstəsələr, taxacağımız maskaların materialları ilə bağlı yeni standartlar da tətbiq edə bilərlər və bu standartlara cavab verməyən maskaları taxanları cərimələyə də bilərlər. Susduqca, 1-2 yeni milyonluq saatı İbizaya aparıb, orada itirə bilərlər. İşğaldan azad olunmuş torpaqlarda hektar-hektar villalar, bağlar salarlar. Əsgər və zabitlərin maaşlarını endirərlər.

Qısacası, tutduqları postdan asılı olaraq, aylıq yüz min, yarım milyon, milyonlar, on milyonlardan ibarət olan gəlirlərini məhdudlaşdırmaq əvəzinə, dövlətin bütün yeni yaranan xərclərini sadə vətəndaşa yükləyə bilərlər.

Xalq özünün xalq olduğunu anlayıb, deyib-gülmək, lağlağı etmək, yerində şikayətlənmək əvəzinə, "biz xalqıq, daha bəsdir" deyib, birləşməyənə və etiraz etməyənə qədər.

Bütün bunlar bir gündə baş verməyib, zamanla xalqın etiraz ruhunu öldürüblər. Zamanla da bunu diriltmək lazımdır".

QHT sədri Mirvari Qəhrəmanlı isə məsələyə münasibəti belə bildirdi: "Bir şəkilini yolda döyüb pulunu əlindən alırlar. Sonradan ondan soruşurlar ki, "Niyə qışqırıb köməyə adam çağırmadın?" Deyir, "Ağzımı açım, iki qızıl dişim görünsün, onu da çıxarıb aparsınlar?"

Suyu bağlayıb dinməz oturun, səsinizi çıxarsanız, sərt karantin edib hamını evə salıb qaz ilə işığın da pulunu qaldıracaqlar".

 

142
Teqlər:
münasibət, sosial şəbəkələr, Tarif Şurası, qiymət artımı, su
Mövzu:
Tarif Şurasının sürprizləri (14)
Mingəçevirdə ölü qarğa

Mingəçevirdə qarğalar qırılır - FOTO

3
(Yenilənib 18:39 27.02.2021)
Şəhər sakinləri son bir həftədə quşların ölümünü daha çox müşahidə etdiklərini deyirlər. Qarğa leşlərinə şəhər xəstəxanasının həyətində də rast gəlinir.

Rahim Məmmədov, Sputnik Azərbayacan

BAKI, 27 fevral — Sputnik. Qarğaların 250-300 il yaşaması haqda əfsanələr dolaşsa da, əslində, bu səs-küylü quşlar 15-20, ən çoxu isə 30-40 il ömür sürür. Onlar əsasən zibil poliqonlarında daha çox gözə dəyir. Əsasən bitkilər, böcəklər, qida qalıqları ilə dolanırlar. Qarğalar təhlükə ilə üz-üzə qaldıqda və ya yem tapdıqda daha çox səs-küy salmaları ilə seçilirlər. Sputnik Azərbaycan xəbər verir ki, son bir həftədə Mingəçəvir şəhəri ərazisində bu canlıların kütləvi ölümü müşahidə edilir. Şəhər sakini Mobil Ələkbərov Sputnik Azərbaycan-a bildirib ki, parklarda, küçələrdə qarğa leşlərinə son günlər tez-tez rast gəlinir: 

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə ölü qarğalar
“Mən şəxsən bu gün şəhər ərazisində beş qarğanın ölüb düşdüyünü görmüşəm. Amma bilmirəm ölüm səbəbi nədir. Onu həkimlər, mütəxəssislər araşdırmalıdırlar. Onu da deyim ki, 10-15 gündür, belə ölüm halları çoxdur. Əvvəlki günlərdə qarğa leşlərinə rast gəlməmişdim”.

Qarğaların kütləvi ölümü hər hansı xəstəliyin yayılmasına səbəb ola bilər. Elə bunu nəzərə alan Mingəçevir sakinləri narahatdırlar. Şəhər sakini Mehman Məlikov aidiyyatı qurumları tezliklə hərəkətə keçməyə, quşların ölüm səbəbini müəyyən etməyə səsləyib.

  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mobil Ələkbərov
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə ölü qarğalar

“Bir həftə, bəlkə də çox olar, parklarda, küçələrdə qarğa leşlərinə rast gəlirik. Yəqin ki, xəstəlikdən ölürlər, bunu dəqiq deyə bilmərəm. Aidiyyatı qurumlara müraciət edirik ki, bunu araşdırsınlar, öyrənək, görək nədən ölür bu canlılar. Küçədə hərəkət edən zaman görürsən, qəfildən göydən nəsə düşdü. Baxırsan ki, qarğadır, ağacdan leşi düşür. Onlar uzunömürlüdür, qəfildən belə çoxlu ölümü səbəbsiz deyil”.

Şəhər ərazisində quşların qara, ağ-qara və digər bəzəkli növlərinin leşlərinə rast gəlinir. Həmçinin Mingəçevir Şəhər Xəstəxanasının həyətində də quşların ölüsünü görmək olur. Qarğaların kütləvi ölüm səbəbini öyrənmək üçün Mingəçevir şəhər Baytarlıq İdarəsinə müraciət etdik. İdarə rəisi Talıb Talıbov Sputnik Azərbaycan-ın bölgə müxbirinə məsələdən xəbərsiz olduğunu bildirib. Həmçinin şəhər sakinlərinin idarəyə müraciət etmədiklərini deyib.

3
Teqlər:
ölüm, qarğa, Mingəçevir
Zəncir, arxiv şəkli

"Narkobaron Alı" ələ keçdi

6
(Yenilənib 18:29 27.02.2021)
Keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub

BAKI, 27 fevral — Sputnik. Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

6
Teqlər:
narkotik, polis, həbs, narkobaron