Bakıda geyim dükanların birində

Bakının gecə həyatı: Virusa yoluxmağa əsl fürsət var - REPORTAJ

170
(Yenilənib 12:42 28.01.2021)
Geyim mağazalarının "qırxının çıxmasını" Bakı əhli cani-dildən "qeyd edib". Gün ərzində işdə-gücdə olanlar axşam saatlarında mağazalara axışıblar. Gözünün qurdu ilə cibinin pulunu öldürənlərin yadına virus düşməyib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yanvarın 25-dən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla) icazə verilib. Qərar açıqlanarkən bildirilmişdi ki, ticarət obyektləri fəaliyyətə başladıqdan sonra müştərilər arasında sosial məsafə qorunmalı, gigiyena qaydalarına əməl edilməlidir.

© Sputnik / Zulfiyya Guluyeva
Bakıda geyim dükanların birində

Sputnik Azərbaycan 40 gün bağlı qaldıqdan sonra açılan ticarət obyektlərində bu tövsiyəyə necə əməl edildiyini öyrənmək üçün axşam saatlarında paytaxtın geyim mağazalarından reportaj hazırlayıb. Bakı sakinlərinin ən çox alış-veriş etdiyi mağazalar Nizami küçəsində yerləşdiyindən axşam saat 18:00-dan sonra burada insan sıxlığı müşahidə olunurdu. Bir aydan çoxdur ki, geyim mağazalarının açılmasını gözləyən paytaxt sakinləri brend firmaların məhsullarının satıldığı ticarət obyektlərində sözün əsl mənasında sıxlıq yaratmışdı. "Zara" geyim mağazasında qapıdan içəri daxil olan müştərilərin temperaturu yoxlanıldıqdan, əlləri dezinfeksiya edildikdən sonra içəri buraxılırdılar. Amma mağazada müştəri sıxlığı olduğundan sosial məsafə qorunmurdu. Hətta dəyişmə otaqlarının qarşısında belə növbə yaranmışdı. Kassanın qarşısında isə demək olar ki, tıxac idi. Müştərilər bəyəndikləri geyimi almaq üçün növbəyə düzülmüşdülər.

© Sputnik / Zulfiyya Guluyeva
Bakının mərkəzi

Nizami küçəsində yerləşən ticarət obyektlərinin çoxunda eyni vəziyyət müşahidə olunurdu. Brend geyimlərin satıldığı butiklərdə müştəri sıxlığı vardı.

© Sputnik / Zulfiyya Guluyeva
Bakıda geyim dükanların birində

Eyni vəziyyət aksesuarların satıldığı kiçik mağazalarda da müşahidə olunurdu. Sahəsi o qədər də böyük olmayan aksesuar, alt paltarı butiklərində, demək olar ki, pandemiya ilə bağlı heç bir tövsiyəyə əməl edilmirdi. Hətta kassada belə sosial məsafə tələbinə əməl olunmurdu. Vəziyyətdən görünürdü ki, ticarət obyektlərini öz qazanclarından başqa heç nə maraqlandırmır.

© Sputnik / Zulfiyya Guluyeva
Bakının mərkəzi

Apardığımız müşahidələr göstərdi ki, geyim mağazalarında yaşanan qələbəlik restoranlar açıldıqdan sonra iaşə obyektlərində də davam edəcək. Çünki McDonald`s restoranlar şəbəkəsinin qarşısında insanlar yemək almaq üçün yığılmışdılar. Açıq havada maska tələbinə əməl edilsə də, sosial məsafəni qoruyan yox idi. Bəzi restoranlar "Tarqovı" adlanan bu küçədə əhalinin sıx olduğunu nəzərə alıb içkilərin küçə satışını həyata keçirirdilər.

  • Bakının mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakının mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakıda geyim dükanların birində
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakıda geyim dükanların birində
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 4
© Sputnik / Zulfiyya Guluyeva
Bakının mərkəzi

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət obyektlərində sosial məsafənin qorunmaması virusa yoluxma sayını artıra bilər: "Koronavirusa yoluxmamaq üçün üç qızıl qayda var ki, ona hər birimiz pandemiya bitənədək əməl etməliyik. Bunlardan biri sosial məsafənin qorunmasıdır. Əgər bu gün geyim mağazalarında və digər ticarət obyektlərində buna əməl edilməsə, bu, növbəti qapanmaya səbəb ola bilər. Biz istəyiriksə ki, ticarət obyektləri işləsin, restoranlar açılsın, həyat öz axarına qayıtsın, qoyulan tələblərə əməl edilməlidir".

170
Teqlər:
COVID-19, virus, mağaza, restoran, kafe, geyim, alış-veriş mərkəzi, alış-veriş, ticarət mərkəzi, Bakı

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

2
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

2
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı

Bazarlığı haradan etməyə üstünlük verirsiniz?

0
0