Daş bazarı

Daş bazarı daşa dönüb pandemiya Fərhaddan da güclü çıxdı

11804
(Yenilənib 00:22 25.01.2021)
Sürücü bildirir ki, daş karxanalarında mişar daşının qiyməti 30-35 qəpiyədir. Ancaq mişar daşını karxanadan almaq, gətirmək və alıcı gözləmək uzun zaman aldığı üçün bu, daşın qiymətinə təsir edir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Bu gün daş bazarında alıcı olmasa da, qiymətlər artmaqda davam edir. Ötən dövrlə müqayisədə mişar daşının qiymətində 5-8 qəpik artım olub. Belə ki, daş karxanalarının olduğu ərazilərdən və daşın sərtliyindən asılı olaraq qiymətlər də 5-10 qəpik fərqlə satılır.

"KAMAZ" avtomobili sürücüsü Vilayət Məmmədovun sözlərinə görə, daşın qiyməti həm də daşınacağı yerlə müəyyənləşdirilir. Məsələn, Pirşağı daş bazarında daş Pirşağı, Kürdəxanı daxilində daşınırsa, mişar daşının ədədinin qiyməti 40-48 qəpik arasında dəyişir. Məsafə çoxdursa, bu zaman sürücülər daşın qiyməti ilə yanaşı, yol üçün pul da tələb edirlər.

Sürücü bildirir ki, daş karxanalarında mişar daşının qiyməti 30-35 qəpiyədir. Ancaq mişar daşını karxanadan almaq, gətirmək və alıcı gözləmək uzun zaman aldığı üçün bu daşın qiymətinə təsir edir.

Hazırda paytaxtın daş bazarlarında mişar daşının qiyməti 39-48 qəpik arasında dəyişir. V.Məmmədovun fikrincə, alıcılar daha çox nəmişliyə dözümlü olan Qızılqaya və Qaradağ mişar daşına üstünlük verir. Ancaq Türkan daşı da keyfiyyətli daşdır.

© Sputnik / Irade JELIL
Daş bazarı

Digər daş karxanalarının mişar daşı bir qədər ucuz satılır. Burada qəpik fərqindən söhbət gedir. Ancaq imkanı az olan şəxslər bu daşlardan alırlar. Sürücü qeyd edir ki, əgər pandemiya bir müddət də davam etsə, daşın qiyməti dəyişilməz olaraq qalacaq. Qazanca gəldikdə isə, V.Məmmədovun sözlərinə görə, hər maşından 50 manat qazanc güclə əldə etmək olur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daş çoxmərtəbli binaların tikintisi zamanı deyil, fərdi həyət evlərinin tikintisi zamanı istifadə edilir.

Ancaq pandemiya dövründə daş karxanalarının özündə sıxıntılar müşahidə edildi. İşçilərə icazələrin verilməməsi karxanalarda az məhsulun istehsal edilməsi ilə nəticələndi. Bu da daşın qiymətinin artmasına səbəb oldu.

Ekspertin fikrincə, hazırda tikinti materiallarının qiymətində bahalaşma müşahidə edildiyi üçün fərdi həyət evi tikdirmək çox çətindir:

"Fərdi həyət evinin tikintisi üçün rəsmi icazə almaq çox çətindir. Deyirlər ki, layihəni çək, təqdim et, icazəni al. Bu belə deyil. Vəziyyət deyildiyi qədər də sadə deyil".

E.Fərzəliyev qeyd edib ki, fərdi həyət evləri daha çox yay aylarında tikildiyi üçün yay aylarında tikinti materiallarının qiyməti ucuzlaşır. Hal-hazırda daşın qiymətinin artmasına səbəb isə tikintilərin olmaması, karxanaların az məhsul istehsal etməsi və yanacağın bahalaşmasıdır.

İqtisadçı Günel Hüseynovanın sözlərinə görə, pandemiya dövrü bütün sahələrin fəaliyyətini dayandırmasına səbəb olub. İş yerlərinin bağlanması, sərt karantin rejiminin tətbiq edilməsi fərdi həyət evlərinin tikintisinin də dayandırılması ilə nəticələnib. Bu fonda mişar daşının qiymətinin bahalaşması normaldır. Çünki tikintilərin sayı və daş kəsimi az olduğu üçün bu qiymətə təsir etməlidir. Digər tərəfdən yanacağın qiymətinin artması da müəyyən məhsulların daşınma qiymətinin artmasına səbəb olur.

Ötən il açıqlanan məlumata görə, hazırda Azərbaycanda 300-ə yaxın daş karxanası fəaliyyət göstərir. Əvvəllər bu rəqəm 800 olsa da, karxanalarda olan qanunauyğunsuzluqlar nəticəsində çoxunun faəliyyəti dayandırılıb.

11804
Yarmarka

Deputat bahalaşma ilə bağlı həyəcan təbili çaldı

7
"Heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır. Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Benzinin qiyməti cəmi 10 qəpik bahalaşdı, amma bundan sonra monopolistlər hər gün qiymətləri bahalaşdırmağa başladılar. Hər gün demək olar ki, eyni məhsullar müəyyən qədər bahalaşır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır: "Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır".

7
Azərbaycanlı müğənni Səidə Sultan

Azərbaycanlı müğənni karantin qaydalarını pozdu

9
Görüntülərdən aydın olur ki, əyləncə zamanı karantin qaydaları kobud şəkildə pozulub, sosial məsafə qaydalarına əməl edilməyib

 

BAKI, 9 mart — Sputnik. Ötən gün Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə daha bir əyləncə gecəsi təşkil edilərək karantin qaydaları kobud şəkildə pozulub.

Sputnik Azərbaycan "oxu.az"a istinadən xəbər verir ki, restoranların birində səhnə alan Səidə Sultan həm də burada doğum gününü qeyd edib.

Görüntülərdən aydın olur ki, əyləncə zamanı karantin qaydaları kobud şəkildə pozulub, sosial məsafə qaydalarına əməl edilməyib.

9
Yeni Azərbaycan Partiyasının inzibati binası

Parlament sədri: “YAP-ın qurultayında mühüm qərarlar qəbul edilib”

0
"Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış edib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

"Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib"-deyə o qeyd edib.

Sədr bildirib ki, bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll edib, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

O qeyd edib ki, qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar".

"Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər"-deyə o əlavə edib.

 

0