CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailə faciəsi, yoxsa “xoşbəxt”liyin kəsə yolu

© AFP 2023 / MENAHEM KAHANAНевеста в свадебном платье, фото из архива
Невеста в свадебном платье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertin fikrincə, qız övladlarını daha çox özləri erkən yaşlarında ailə həyatı qurmuş insanlar ərə verməyə çalışırlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. On beş yaşında ailə həyatı qurmağa məcbur edilən Nailə deyir ki, atası onu dostunun oğluna ərə verəndə həyatının əsl həbsxanaya çevriləcəyini təsəvvür etməzmiş. İndi özü də qız anasıdır və övladının tez ərə verilməsinə qarşıdır. On altı yaşında ailə qurmuş Samirə isə əksinə özünü xoşbəxt hiss etdiyini və təhsil almış yaşıdlarının indi ona həsəd apardığını söyləyir.

Azərbaycanda bütün dövrlər üçün aktual olan erkən nikah problemini aradan qaldırmaq üçün istər dövlət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində ardıcıl maarifləndirmə işləri aparılsa da, problem hələ də həll edliməmiş qalmaqdadır. Bir çox ekspertlər erkən nikahları Azərbaycan ailəsi üçün ciddi narahatlıq doğuran amillər sırasına qoyur. Ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması, yarıda buraxılmış təhsil sonradan daha ciddi fəsadlara, o cümlədən məişət zorakılığına yol açır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın bildirdiyinə görə, hər il 3000-ə yaxın uşaq 15-17 yaş həddində qız uşaqları tərəfindən dünyaya gətirilir. Millət vəkili Nigar Arpadarai Sputnik Azərbaycan-a bildirib ki, erkən nikah probleminin müxtəlif səbəbləri olsa da, nəticələri eyni olaraq xoşagəlməzdir. “Bu tip ailələrə nəzarət olmalıdır. Çünki bir çox hallarda gənc yaşında övlad dünyaya gətirən valideynin özü “uşaqdır”, - deyən millət vəkili düşünür ki, eyni zamanda, erkən nikaha daxil olmuş və övlad dünyaya gətirmiş qadınların cəmiyyətə inteqrasiyası vacibdir.

On beş yaşında ailə qurmağa məcbur edilən Nailə də (ad şərtidir) ailəsində yaranan problemlərinin əsasən onun yaşının az olması, məişət qayğıları qarşısında səriştəsizliyi ilə izah edir. “Əvvəlcə hər şey gözəl görünür, yeni geyimlər, hədiyyə olunan qızıl-zinət əşyaları adamın gözünü qamaşdırır. Bir övladın olandan sonra isə problemlər başlayır. Ev işlərini görməyə adamın gücü çatmır. Qaynananın, qaynatanın, ər və uşağın qulluğunda durmağa sadəcə çatdıra bilmirsən”, - deyir Nailə. Müsahibimiz onu da əlavə edir ki, bütün məişət qayğılarına çatdıra bilməyəndə şiddətə məruz qalması sanki "həyat norması"na çevrilib.

Sosioloq Tərlan Tağıyevanın sözlərinə görə, erkən nikah dünyanın bir çox müsəlman ölkələrində var və təəsüflər olsun ki, normal qarşılanır. Övladlarını yetkinlik yaşına çatan kimi evləndirən valideynlər onların gələcəyini, həyatlarının hansı səmtdə inkişaf edəcəyini, uşaqlarını nələrin gözlədiyini, onların sağlamlığını, təhsilini düşünmürlər. Sadəcə “ailə qursun, yüküm azalsın” düşüncəsi ilə qızlarını ərə verirlər.

Elə on altı yaşında ailə qurmuş Samirə (ad şərtidir) də erkən nikaha daxil olduğu üçün özünü xoşbət hesab edənlərdəndir. “Evim, ailəm, övladım var. Qadının başqa nəyi olmalıdır ki?! Təhsil alan qızlara da baxıram. Çoxu hələ də subaydır. Mənim kimi xoşbəxt olmaq üçün insanın bəxti olmalıdır. Yoldaşım məni sevir, əsas da budur”, - deyə Samirə bildirir. Samirə onu da gizlətmir ki, həyat yoldaşı ilə rəsmi nikaha yalnız övladları dünyaya gələndən sonra giriblər.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, erkən nikahlar daha çox bölgələrdə müşahidə edilir və bu tendensiya yerli xüsusiyyətlərlə şərtlənir. Psixoloq deyir:

"Uşaqlığını doyunca yaşaya bilməyən qızların ana olması, uşaq dünyaya gətirməsi sonradan onların psixikasını zərbə altında qoyur. Çünki analıq məsuliyyəti təkcə fizioloji deyil, eyni zamanda psixoloji bir prosesdir". Ekspertin fikrincə, övladlarını ailə yükü ilə daha çox özləri erkən yaşlarında ailə həyatı qurmuş insanlar yükləməyə çalışırlar. Cəmiyyətə inteqrasiyanın olmaması, təhsildən yayındırma, “anan, xalan, nənən oxumayıb, sən də oxumayacaqsan” düşüncəsi çox zaman sağlam məntiqi üstələyir".

F.Mehmanqızı vurğulayıb ki, intiharların statistikasını araşdırmaq mümkün olsaydı, erkən nikaha girmiş, çox uşaq dünyaya gətirmiş qadınların sayının daha çox olduğunu müəyyən etmək olardı.

Sosioloq Tərlan Tağıyeva bu kimi hallardan çıxış yolunu cəzaların sərtləşdirilməsində görür: “Məsələn, bir valideyn buna görə cəzalandırılsa, digərlərinə də dərs olar”.

Deputat N.Arpadarai deyir ki, istənilən halda, bu tip neqativ halların qarşısının alınması üçün təhsilin səviyyəsinin artırılması, təhsildə oğlan və qızlar üçün bərabər imkanların yaradılması önəmlidir: “Vətəndaşlar üçün aydır olmalıdır ki, valideyn uşağın təhsil hüququnu təmin etmədiyi halda qanunu pozur. Çıxış yolu kimi təhsili görürəm”.

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. Qadını nikaha daxil olmağa məcbur etmə Cinayət Məcəlləsinin 176-1 maddəsi ilə tənzimlənir. “Həmin şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni qanunun tələbi budur”, - hüquqşünas desə də, onu da əlavə edir ki, reallıqda bunun tətbiqinə az təsadüf olunur.

Xəbər lenti
0