BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatında inzibati-idarəçilik fəaliyyətinin təşkili, aparatın strukturundakı idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsi, icra mexanizminə nəzarət məqsədilə AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı "AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında" qərarda öz əksini tapıb.
Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti Aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək.
Eyni zamanda AMEA üçün ayrılmış büdcə vəsaitlərinin Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən maddi-texniki təchizat, xidmət və digər tələbatların ödənilməsi üzrə istifadəsinə mərkəzi nəzarəti gücləndirmək, bu sahədə şəffaflığı və səmərəliliyi artırmaq üçün aparatın strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb.
AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.
BAKI, 5 mart - Sputnik. Abşeron rayonunun Saray qəsəbəsində fərdi evdə partlayış olub. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında olub. 49 yaşlı Mətanət Mehdiyeva, 23 yaşlı Ayşə Mahmudova, 3 yaşlı Məhəmməd Mahmudov və 4 yaşlı Nilay Mahmudova ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. İlkin versiyaya görə, faciəyə səbəb məişət qazının sızması olub.
Oxşar hadisə yanvarın 25-də Xırdalan şəhərində baş vermişdi. Şəhərin 27-ci məhəlləsində yerləşən fərdi ikimərtəbəli binada partlayış olmuş, 8 nəfər dağıntılar arasından çıxarılmışdı. Onlardan 33 yaşlı Aytən Musayeva artıq keçinmişdi. Bir gün sonra isə onun qızı Fatimə Musayevanın cansız bədəni tapılmışdı.
Yaxınlıqda olan binaların dörd sakini də həmin partlayış zamanı xəsarət almışdı.
BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vaksinasiyada sıxlıqla bağlı açıqlama yayıblar. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.
Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.
Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.
Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.
Qurumlar bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş ediblər ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.
Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.