Təqaüdçü qadın, arxiv şəkli

Pensiyaçıların həsrətlə gözlədiyi xəbər gəldi - artımların vaxt veriləcəyi açıqlandı

530
(Yenilənib 13:57 20.01.2021)
Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:

"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

530
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Poliklinikalarda sıxlıq yaranıb - hörmət edib geri qaytara bilmirlər...

4
(Yenilənib 13:49 05.03.2021)
Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vaksinasiyada sıxlıqla bağlı açıqlama yayıblar. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.

Qurumlar bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş ediblər ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.

4
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İTSDA, Səhiyyə Nazirliyi, sıxlıq, poliklinika, vaksinasiya, vaksin

Yenə külək... Şənbə günü diqqətli olun

3
(Yenilənib 13:40 05.03.2021)
Sabah Abşeron yarımadasının meteohəssas insanları üçün hava əlverişsiz keçəcək - növbəti günə doğru güclü külək istiqamətini dəyişərək şimaldan əsəcək

BAKI, 5 mart — Sputnik. Azərbaycanda martın 6-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək. 

Martın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında martın 6-da arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

3
Teqlər:
hava şəraiti, əlverişsiz, meteohəssas insanlar, duman, külək, hava proqnozu