Şəhidlər xiyabanı, arxiv şəkli

Vətəndaşların Şəhidlər xiyabanına ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək

14
(Yenilənib 15:02 19.01.2021)
"Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar".

BAKI, 19 yanvar — Sputnik. Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar: "Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar".

14
Teqlər:
Şəhidlər Xiyabanı, 20 Yanvar faciəsi
Pəhriz saxlayan qız, arxiv şəkli

Kortəbii pəhrizin fəsadları çox olur

4
(Yenilənib 19:32 11.04.2021)
Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

BAKI, 11 aprel — Sputnik. "Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya piylənmə səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44%-i, ürəyin işemik xəstəliyinin 23%-i və bəzi xərçəng növlərinin 7-41%-i həddindən artıq çəki və piylənmə ilə əlaqələndirilir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundova birgə hazırladıqları məqalədə qeyd ediblər.

Ekspertlər insanların artıq çəkidən daha "asan" yollarla uzaqlaşmağa çalışdıqlarını qeyd edirlər: "Onların yönəldiyi "möcüzəvi pəhriz"lər, "şok detoks"lar, "rahat arıqlama əlavələri" kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95%-i uğursuzluqla nəticələnir. Pəhriz sonrası ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir".

Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.

"Əslində pəhriz üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii pəhrizlərdə edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Belə ki, orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması pəhriz və sonrakı dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. Belə ki, insan ac qalaraq orqanizmi daha çox yeməyə meyilləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir. Diyetoloqlar arasında "cəhənnəm effekti" deyə adlandırılan prosesin də başlıca səbəbi bu hesab oluna bilər. Bu proses pəhrizin kiçik bir pozuntusunda insanda "uyğunsuzluq" hissinin yaranmasına və qat-qat artıq kalori alacaq şəkildə yeməyə davam edilməsinə gətirib çıxarır", - deyə məqalədə vurğulanır.

Kök adam
© Depositphotos / Nanka-photo

Onlar bildirirlər ki, uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən pəhrizlər metabolizmi zəiflədir: "Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizə son verdikdən dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizm səbəbindən insan əvvəlkindən də artıq çəki almış olur. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur. Diyetoloqların fikrincə, həftəlik 500-1000 q çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən pəhrizlər daha etibarlıdır və nəticəsi effektivdir. Odur ki tamamilə ac qalmaq faydalı deyil".

"Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə saxlanılan pəhrizlər bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən pəhrizlər zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur. Bəzi kortəbii pəhrizlər zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə imtina olunması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmayın ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər", - deyə məqalədə vurğulanıb.

Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının yeni mərhələsidir. Bu yaşlarda orqanizmdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir: "Yeniyetməlik dövrünün ən ciddi problemlərindən biri piylənmədir. Bu dövrdə piylənmə ilə bağlı problemi olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşılaşırlar. Buna səbəb yeniyetməlik dövründə yüksək çəki artımının orqanizmdə piy hüceyrələrinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy hüceyrələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan pəhrizlər adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipidemiya, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyümə və inkişafı mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir. Çünki qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.

Unutmayın ki, düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Buna görə də artıq çəki ilə effektiv mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır".

4

Azərbaycanda son sutkada 2424 nəfər COVID-19-a yoluxub

103
Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb

BAKI, 11 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.

103
Qız, arxiv şəkli

Zorakılığın adiləşməsi: kimdir günahkar?

0
(Yenilənib 20:06 11.04.2021)
İnsan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

BAKI, 11 aprel — Sputnik. Sosial şəbəkələrdə, xəbər saytlarında cinsi istismarla, zorlanma ilə bağlı xəbərlər gündəmə gələndə utancımdan özümə yer tapa bilmirəm. Bu cür xəbərləri oxuyanda özümü gücsüz, çarəsiz, təhqir olunmuş hiss edirəm. Hər dəfə qarşıma bu məzmunlu paylaşım, xəbər çıxanda o qədər sarsılıram ki, günlərlə keyiyirəm, ruhdan düşürəm, bəzən nəfəs almaqda da çətinlik çəkirəm. İnsan övladının qəddarlığı, xüsusilə ölkəmdə yaşayan, eyni havanı udduğum, eyni səma altında yaşadığım insanların heyvani hisslərlə, vəhşi instinktlərlə yaşaması, qəddarlaşması, hissizləşməsi məni qorxudur. Əminəm ki, neçə-neçə həssas insan mən yaşayan bu ağrılı hissləri yaşayır, həmin hadisədə zərər çəkənləri, zorakılıq qurbanlarını düşünür, düşündükcə gündə min yol yanındakı övladı, əzizləri, tanıdıqları, doğmaları üçün narahat olur. Təəssüf ki, bu cür xəbərləri tükünü tərpətmədən, zərrə qədər narahatlıq keçirmədən oxuyan, tirajlayan, reytinq xatirinə bu xəbərləri gündəmdə saxlayanlar var. Manyakların, qürursuzların və ləyaqətsiz ehtiras düşkünlərinin iyrənc əməllərini, bu qorxulu cinayətləri qeyri-peşəkar şəkildə təqdim etmək, paylaşmaq bəzi hallarda zorakılığı cəmiyyət üçün adiləşdirir. Bəzilərinin baş verənlərə reaksiyasız qalmasının bir səbəbi də bu xəbərlərin adiləşməsidir. Olduqca qorxulu, təhlükəli tendensiyadır. Zorakılığın, cinsi istismarın özü qədər, cəmiyyətin bu tip hadisələrə reaksiyasız qalması təhlükəlidir.

***

Qəbul edirəm ki, bütün cəmiyyətlərdə, hətta inkişafda bizdən çox-çox öndə olan ölkələrdə də bu cür iyrənc hadisələr baş verir. Bəli, razıyam ki, dünyanın bütün inkişaf etmiş cəmiyyətlərində bu hadisələr mediada işıqlandırılır. Ancaq hansı formada? Təbii ki, bu məsələlərdə peşəkar kodekslər gödən keçirilir, cəmiyyətin psixaloji aurası nəzərə alınır. Əlbəttə, media bu cür halları işıqlandırmalıdır. Sadəcə müharibədən yenicə çıxmış, pandemiyanın hər gün can aldığı, psixaloji gərginlikdə olan bir cəmiyyətdə bu xəbərlərin tirajlanmasında bir qayda, bir üslub tapılmalıdır. Narahatlığım medianın bu xəbərləri acgözcəsinə, bəh-bəhlə, manşetə çıxarması ilə bağlıdır. Bəzən media bu xəbərləri işıqlandırmadan hüquq mühafizə orqanlarına dəstək verməklə, onları təşviq etməklə hadisələrin açılmasına, günahkarın cəzalandırılmasına nail ola bilər. Təəssüf ki, əksəriyyət qısa müddətlik populyarlığın, məşhurlaşmağın, reytinq toplamağın arxasınca qaçır. İllərdir bu media xaosu davam edir və cəmiyyət hələ də bu faciələrdən dərs çıxarmayıb.

Məncə, insan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

***

Bu günlərdə Neftçalanın kəndlərinin birində azyaşlıya qarşı törədilən cinsi istismar olayı sadəcə dəhşətdir. Xüsusilə, zərərçəkənin bəzi yaxınlarının istismarda iştirakı, bəzilərinin isə hadisəni bilərək mane olmaması, göz yumması insanı dəhşətə gətirir. Mənəviyyatını və əxlaqını itirmiş bu cür qəddar insanlarla eyni cəmiyyətdə yaşamaq sözsüz ki, qorxulu, təhlükəlidir. İnanıram ki, tezliklə bu manyaklar, mənəviyyatını itirmiş şəhvət düşkünləri tezliklə öz layiq olduqları cəzanı alacaq. Düşünürəm ki, bu cəzalar da o qədər ədalətli, qanunlara və mənəviyyata əsaslanan şəkildə verilməlidir ki, bu cür əməlləri ağlından belə keçirənlər, çəkinməlidir.

Bir məqamı da xüsusi olaraq və ağrıyla qeyd etmək yerinə düşər: Azərbaycanda zorlanma, cinsi istismar, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri, yaxınları bəzən el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət etməkdən ehtiyat edir. Nəticədə günahkarlar cəzasız qalır, zərərçəkənlərin həyatı isə məşəqqətə çevrilir.

***

Birinci növbədə media, ictimai fəallar bu məsələləri ictimailəşdirərkən müəyyən qədər diqqətli olmalı, mənfi nümunə yaranmaması üçün, bu cür hadisələrin adiləşməməsi üçün çalışmalıdırlar. Eyni zamanda hüquq-mühafizə orqanları bu hadisələrin açılmasında, günahkarın cəzalandırılmasında fəal olmalı, insanlarda özlərinə qarşı güvən yaratmalıdır. Hər birimiz əlimizdən gəldiyi qədər ətrafımızdakı hadisələrə çevik və vicdanlı reaksiya verməli, bu cür dəhşətli hadisələrin azalması, aradan qalxması üçün çalışmalıyıq. Yaxınlarımızın, doğmalarımızın qurbana çevrilməməsi üçün, bu cür hadisələrin zərərçəkmiş qurbanalarına qarşı həssas olmalıyıq…

0