CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbul imtahanlarında müharibə sualları - Gözlənilən yenilik

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət İmtahan Mərkəzinin qəbul imtahan qaydalarında xüsusi bir qeyd var ki, son dövrlərdə baş verən və imtahan iştirakçılarının canlı şahidi olduğu hadisələr də birbaşa test tapşırıqlarında istifadə edilə bilər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bu il ali məktəblərə qəbul imtahanlarına yeni tip suallar salınacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq: "Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq. Bu suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

DİM Mərkəzinin bu açıqlaması sosial platformalarda müəyyən müzakirələrə yol açıb. Sputnik Azərbaycan qəbul imtahanlarında dərsliklərdə olmayan mövzuların imtahan suallarına salınması məsələsini araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına yalnız dərsliklərdə olan mövzulardan suallar salınması tövsiyə edilir: "Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin qəbul imtahan qaydalarında xüsusi bir qeyd var ki, son dövrlərdə baş verən və imtahan iştirakçılarının canlı şahidi olduğu hadisələr də birbaşa test tapşırıqlarında istifadə edilə bilər. Bunun üçün isə elmi və elmi-kütləvi jurnallarda, ədəbiyyatlarda həmin mövzular birmənalı şəkildə əks olunmalıdır. Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında iştirak edən hər bir abituriyent Dövlət İmtahan Mərkəzinin çap etdiyi "Abituriyent 1" jurnalını oxuyur. Bütün abituriyentlərə bu tövsiyə olunur ki, qəbul imtahanlarında istifadə ediləcək mövzularla tanış olsunlar, eləcə də oradakı məqalələri oxusunlar. Təbii ki, Azərbaycanın son dövrdə əldə etdiyi ən mühüm nailiyyət Vətən müharibəsində qazandığı qələbədir. Ona görə də bu mövzu qəbul imtahanlarının suallarında istifadə oluna bilər. Yəqin ki, bu çətin test tapşırığı formatında olmayacaq. Çox güman ki, xronologiya tipli test tapşırığı, işğaldan azad edilmiş ərazilərimizlə bağlı sual ola bilər. Bu həmin ərazilərdəki mədəni-tarixi abidələrimizin dağıdılması, abidələrin hansının işğal altında olduğuna dair ola bilər. Buna da hər bir abituriyent asanlıqla cavab verəcək. Düşünmürəm ki, Azərbaycanda abituriyentlər bu tip suallara cavab verməkdə çətinlik çəksinlər. Digər tərəfdən də bu tip sualların sayı o qədər də çox olmayacaq. Nəzərə alaq ki, ancaq bir fənn üzrə - tarix fənnindən salınacaq. Amma ola bilər ki, gələcəkdə mətnlə verilmiş test tapşırıqlarına Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızla bağlı mətnlər salınsın. Test tapşıqlarında işğaldan azad edilmiş ərazilərimizin coğrafiyası, çayları, təbii-ehtiyatları ilə bağlı suallar da yer ala bilər. Xarici dillərlə bağlı suallarda da Vətən müharibəsi ilə bağlı mətnlərin tərcüməsi tələb oluna bilər. Hər bir fəndə Vətən müharibəsi ilə bağlı suallar yer ala bilər. Bu da normal qəbul edilməlidir. Biz çalışmalıyıq ki, abituriyentlər bu mövzularda müəyyən biliyə malik olsun, bu mövzuları mənimsəsinlər".

Xəbər lenti
0