Baza stansiyasının antenası, arxiv şəkli

Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

76
(Yenilənib 23:01 17.01.2021)
Mütəxəssisin fikrincə, antenlər alçaq radiusdadırsa, ziyanı hədsizdir. Mobil operator antenlərinin quraşdırılması prosesinin monitorinqi aparılmalıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda mobil operatorların yaşayış məntəqələrində quraşdırdığı antenlərlə bağlı "Qaynar xətt"ə 17 şikayət daxil olub. ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, hər bir şikayətin yerində araşdırılması məqsədilə ölçü işləri aparılıb.

Belə ki, 17 şikayətin 16-da şüalanma norma daxilində müəyyən edilib. Onun sözlərinə görə, bu qurğuların müəyyən texniki parametrləri olur. Bu antenlərdən təkcə Bakıda istifadə edilmir. Bu gün belə antenlərdən bütün dünyada istifadə edilir. Onların texniki pasportunda əhatə dairəsi qeyd edilir.

Mütəxəssis bildirib ki, texniki pasportda qeyd olunan göstəricilərdə antenlərin mənfi təsiri 2 metr məsafə dairəsində olmur.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mobil operatorların antenlərinin quraşdırılması ilə bağlı standartları əks etdirən qaydalar var.

"Mobil operatorların antenləri yaşayış olmayan ərazilərdə, ən az 30 metr hündürlükdə yerləşdirilməlidir. Belə olan təqdirdə onun təsirləri minimuma endirilmiş olur", - deyən mütəxəssis vurğulayıb ki, müəyyən dövlət qurumları antenlərin yerləşdirilməsi ilə bağlı razılıq verməlidir.

"Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Sanitariya-epidemioloji xidmətin razılığı olmadan haradasa antenlərin quraşdırılması qadağandır. Buna baxmayaraq, şəxsi həyətlərdə, restoran və şadlıq saraylarının üzərində, məktəb və uşaq bağçalarının yanında antenlər quraşdırılır. Bu qanuna zidd bir haldır. Bu standartlara uyğun quraşdırılacaqsa, onun hündür qülləsi olmalıdır. Mobil operatorların antenləri səpələnmiş haldadır. Burada bir nizamlı sistem qurulmayıb. Kənar, yaşayış olmayan ərazilərdə normal qülləsi olan antenlərin quraşdırılması xərcləri böyükdür. Yəni mobil operatorlar bu prosesə 100-200 min manat xərc çəkməlidir", - deyən ekspert vurğulayıb ki, mobil operatorlar bu xərci dəfələrlə azalda bilmək üçün antenləri məktəblərin, uşaq bağçalarının, kafe və restoranların üzərinə yerləşdirirlər. Bu qənaət riskləri artırır. Monitorinqlər aparılarsa, mobil operatorların antenlərinin quraşdırıldığı ərazilərdə insanların ölüm nisbəti ortaya çıxar.

Mütəxəssisin fikrincə, antenlər alçaq radiusdadırsa, ziyanı hədsizdir. Mobil operator antenlərinin quraşdırılması prosesinin monitorinqi aparılmalıdır.

"Monitorinqlər aparılmalı, statistika ortaya çıxarılmalıdır. Antenlərin hansı standartlarla quraşdırıldığı müəyyən edilməlidir. Bu ciddi əhəmiyyətli məsələdir. Monitorinqlərdən sonra ciddi addımlar atılmalıdır. Ehtiyac olarsa, antenlərin yerləşdirilməsi standartını əks etdirən qaydalar sərtləşdirilməlidir", - deyə ekspert bildirib. Onun sözlərinə görə, son zamanlar yaşayış evlərinin tikintisi prosesi sürətlənib. Əgər əvvəllər mobil operatorların yaşayış ərazisi olmayan yerlərdə antenlər var idisə, indi bu antenlər yaşayış ərazilərinə düşə bilər: "Amma mobil operatorlar həmin antenlərin yerinin dəyişdirilməsi barədə düşünmür".

Mütəxəssislərin fikrincə, elektromaqnit şüalanma insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Həkim terapevt Məlahət Abbasova bildirir ki, mobil operatorların antenləri yaşayış evlərinə yaxındırsa, bu ilk növbədə fizioloji pozuntuya səbəb ola bilər. Bu zaman ürəkbulanma, baş ağrısı, yorğunluğun artması müşahidə edilir. Eyni zamanda psixoloji pozuntular əsəbilik, özünü idarəetmədə çətinlik və s. ola bilər: "İnsan radio şüalanmaya məruz qaldığı zaman endokrin, əsəb, immunitet, reproduktiv sistemlərdə problemlər müşahidə edilir. Bu təsir onkoloji xəstəliklərin yaranmasına gətirib çıxara bilər".

Həkim vurğulayıb ki, şüalanma uşaqlar, hamilə qadınlar, mərkəzi sinir, ürək-damar sistemi və allergiya xəstəliklərindən əziyyət çəkən insanlar üçün xüsusilə təhlükəlidir.

76
Gülsurə İbadova

Kişilərlə yarışa girib: "Beş yüz min manatlıq maşından əvvəl ehtiyat edirdim" - FOTO

33
(Yenilənib 17:00 08.03.2021)
Üç qız, üç oğul anası olan Gülsurə İbadovaya həyat yoldaşı və ailəsi dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Hər gün sübh tezdən yuxudan oyanır. Həyət-bacada işlərini sahmana salıb, tarlaya yollanır. Texnikanın hər tərəfini yoxlayır, sazlığına əmin olandan sonra kombaynı işə salır. Düz otuz ildən çoxdur ki, kombaynçı işləyən pambıqçı-mexanizator Gülsurə İbadovanın günü belə başlayır. 16 yaşından kombayn sürücüsü işləyən bu qadın 60 yaşı olmasına baxmayaraq, bu gün də işinin başındadır. Sputnik Azərbaycan bir çox kişinin bacarmadığı ağır işin ödəsindən ustalıqla gələn zərif cinsin nümayəndəsini oxucularına təqdim edir. 

Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib bir il Texniki Peşə məktəbində təhsil aldıqdan sonra pambıqçılıq sahəsində işə başlayır. Ona köməkçi kimi işləmək tövsiyə olunsa da, G.İbadova Sevil Qazıyevanın başına gələnlərdən sonra buna razı olmur. Özünün dediyinə görə, pambıq sahəsində işə becərmədən başlayır. Sonra ona sürmək üçün traktor verirlər. Elə həmin ilin avqust ayında yeni pambıqdərən kombayn idarə edir. Sovet dövründə qabaqcıl sürücü-mexanik kimi dəfələrlə mükafatlara layiq görülür. Hətta Ulu öndər Heydər Əliyevlə də görüşərək ondan mükafat alır. Həmin illəri xatırlayan Gülsurə İbadova Heydər Əliyevin onun saçına sığal çəkərək tövsiyə verdiyini də unutmayıb: "Mənim uzun saçım vardı. Heydər Əliyev saçıma sığal çəkib mənə dedi ki, pambıq yığanda mütləq saçımı yığım. O mənə Sevil Qazıyevanın başına gələnləri xatırlatdı".

© Photo : Courtesy of Gyulsura Ibadova
Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib

Sovetlər Birliyi dağıldıqdan sonra bir müddət bələdiyyədə çalışan G.İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir. Həmsöhbətimiz deyir ki, Şirvan Şəhər Kənd Təsərrüfatı İdarəsi ona rayona gələn yeni kombaynı sürməyi təklif edir. G.İbadova Kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bu istəyini səsləndirir. Nazirin tapşırığı ilə ona yeni gətirilən pambıqdərən kombaynı idarə etmək həvalə olunur. G.İbadova nazirin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısından da ağızdolusu danışır.

Yeni pambıqdərən kombaynın sovet dövründəki kombayndan fərqli olduğunu söyləyən G.İbadova çətin olsa da, bu işin də öhdəsindən gəlir:

"Yeni kombaynı idarə etmək üçün sürücülük vəsiqəm köhnə idi. Bu kombaynı sürmək üçün imtahandan keçib 5 kateqoriyalı sürücülük vəsiqəsi aldım. Kombaynı Şirvandan sürüb Sabirabada gətirdim. Əlbəttə ki, bu  texnika müasir olduğundan, sovet dövründəki kombayndan çox fərqlənir. Bu texnikanın 17 ton ağırlığı var. 500 min manat qiyməti olan texnikanı idarə edəndə əvvəlcə ehtiyat edirdim. Hətta iki gün idi işə çıxmışdım ki, kombaynda şlanq partladı.

Yoldaşım çilingər olduğundan mayenin axmaması üçün "salnik" (kipgəc) qoydu. Kombaynı sürüb Məmişlər kəndinə getdim. Oraya çatmışdım, yenə problem yarandı. Texniki dəstək üçün mühəndisə müraciət etdim. O bildirdi ki, xamutu açıb boşaltmaq lazımdır. Bundan sonra  bəzi xırda detalları özüm bağlamağı öyrəndim. Amma sovet kombaynını sıfırdan - mühərrikinə qədər - özüm yığa bilirdim. Bu kombayn bahalı olduğu üçün problem olanda əlimi vurmağa çəkinirəm. Problem yarananda servisə zəng edirik, gəlib həll edir. Amma yeni kombaynlarda hələ ki ciddi problem yaranmayıb".

© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova

Həmsöhbətimiz deyir ki, sovet dövründəki kombaynlarda yerə şeh düşən kimi pambıqdərənin "şpindeli" (oxu) tutulurdu: "Amma yeni kombaynlar şampunla özü yuyub-təmizlədiyi üçün problem yaranmır".

İşinin incəliklərindən danışan G.İbadova bununla belə, şeh olanda pambıq yığımının çətin olduğunu söyləyir: "Sentyabrın sonuna qədər şeh olmur. Biz o vaxtdan səmərəli istifadə edirik. Elə vaxt olub ki, bir həftə evə getməmişəm. Gecə-gündüz pambıq yığmışam. Elə şam yeməyimizi də sahədə yemişik. Yuxusuz işləmək çətin olsa da, pambıq mövsümündə bu əziyyətə qatlaşmalısan. Çünki sentyabrın sonunda bəzən yağışlar yağmağa başlayır. İnsanların əməyi itməsin deyə biz çalışırıq ki, sahələrdə məhsulu yağış yağanadək yığıb qurtaraq".
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Heydər Əliyev Gülsurə İbadovaya mükafat verib
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
1 / 4
© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova kollektivlə

Çox məhsul yığımının onların qazancına da təsir etdiyini söyləyən G.İbadova  sentyabrın 13-dən noyabrın sonuna qədər 380 hektardan pambıq yığdığını, 2600 manata qədər pul qazandığını söyləyir: "Pambıq əsasən yayda yığılır. Saat 6-da yuxudan durub, evdə işləri sahmana salıb, "VAZ 2106" ilə "Aqroservis"ə gedirəm. Pambıqdərənin yağına, mühərrikinə baxıb, avtoyuyucuda aparatını  yuyub-təmizləyirəm. Sonra hansı sahəyə göndərirlərsə, oraya gedirəm. Son illər pambıq istehsalında məhsuldarlıq artıb. Elə vaxt olub ki, 80 hektar sahədən 300 ton pambıq yığmışıq. Bir həftə ərzində bu işə üç kombayn cəlb olunub. Məhsulun çoxluğu həm də bizim qazancımıza təsir edir".

© Photo : Courtesy of Gyulsura Ibadova
İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir

G.İbadova bildirir ki, pambıq yığımından qazandığı pulu ailəsinə xərcləyir. Üç qız, üç oğul anası olan G.İbadovaya həyat yoldaşı və ailəsi də dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib: "Yoldaşım narşərab zavodunda çilingər işləyirdi.  Qohumluğumuz olsa da sevib ailə qurmuşuq. Hər ikimiz torpağa bağlı, zəhmətsevər insanlarıq. Övladlarımızı da belə tərbiyə etmişik".

G.İbadova 60 yaşında kombayn sürməyin heç də çətin olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, bu yaşda işləmək  ona zövq verir. "İş adamı gümrah saxlayır. Bəlkə, elə mənim gümrah qalmağımın səbəbi işimdir", - deyir kombaynçı müsahibimiz.

33
Teqlər:
müsahibə, sürücü, pambıq, kombayn, qadın
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayında azalma, ölüm sayında artım baş verib

353
(Yenilənib 18:21 08.03.2021)
İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

BAKI, 8 mart - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

353
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, yoluxma, pandemiya, Koronavirus, COVID-19

Gəncədə polis vətəndaşlara xəbərdarlıq edib

0
(Yenilənib 20:08 08.03.2021)
Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib. 

BAKI, 8 mart - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib: 

"Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb. DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır.

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

0