ANAMA ləğv edildi, əvəzində yeni agentlik yaradıldı

45
(Yenilənib 18:28 15.01.2021)
Yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ANAMA-nın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

BAKI, 15 yanvar - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Agentliyə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

9. Agentlik:

9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ləğv olunub.

Sənədə əsasən, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Beləliklə, yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

45
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

133
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

133

Gəncədə sərnişinlərin olduğu mikroavtobus qəzaya uğrayıb, yaralılar var

75
(Yenilənib 23:22 05.03.2021)
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

75

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

0
(Yenilənib 00:30 06.03.2021)
Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

BAKI, 6 mart - Sputnik. Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

0