Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, arxiv şəkli

KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli həbs edildi

63
(Yenilənib 15:30 14.01.2021)
Vüqar Səfərli mənimsəmə və vəzifə saxtakarlığı ilə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini bankda olan depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 mln 796 min AZNı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini leqallaşdırıb.

BAKI, 14 yanvar - Sputnik. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik cəmiyyətin əsas atributlarından olan kütləvi informasiya vasitələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılır.

Bununla yanaşı, bu mühüm sahə üzrə dövlətin dəstək siyasətinə öz qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törətmişdir.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurmuşdur.
Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf etmişdir.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

63
Meşə yanğını, arxiv şəkli

Hirkanda yanğın: Azərbaycanın zəngin təbiəti məhv olmaqdadır

12
(Yenilənib 22:32 18.01.2021)
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

BAKI, 18 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.

Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

12
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

81
(Yenilənib 22:27 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.

81
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0