Kür çayı

Bir quzu ilə müasir cihazları pərt eləmək: suya görə həbslər labüddür

98
(Yenilənib 00:25 11.01.2021)
Ekspert bildirib ki, Mingəçevir, Neftçala və Salyan rayonları ərazisində Kür çayı boyunca rəsmi 45 nasos stansiyası var. Onun fikrincə, işçilər icazə verməsələr, qanunsuz qoşulma ola bilməz. Bu, cinayətdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. "Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılıb, yüzlərlə nəzarətdənkənar qoşulmalar aşkarlanıb. Bunların böyük hissəsi aradan qaldırılır, amma bu iş davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır. İtkilərin azaldılması üçün nəzarətdənkənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə danışıb.

O qeyd edib ki, əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılıb və əlavə 31 cihaz da quraşdırılacaq. Onun sözlərinə görə, Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəinki Kür çayı boyunca, hətta böyük magistral kanallara belə nəzarətsiz qoşulmalar müşahidə edilir: "Mingəçevirdən su alan iki böyük kanal - Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları var. Yuxarı Şirvan Kür bəndinin sol sahilindən suyu qəbul edir. Yevlax, Ağdaş, Ağsu, Ucar, Kürdəmir, Hacıqabula qədər Yuxarı Şirvan kanalından su alır. Yuxarı Qarabağ kanalı isə Kür bəndinin sağ tərəfindən suyu qəbul edir. Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Ağdam rayonlarının ərazisi bu kanaldan su alır".

F.Həsənov qeyd edib ki, bu kanalların hər birinin baş idarəsi var. İdarələr kanallara nəzarət edir. Onun sözlərinə görə, görünən odur ki, bu idarələr müəyyən şəxslərə nasoslar qoymağa icazə verir. Bu idarələrin icazəsi olmadan heç kimin nasos qoymağa ixtiyarı yoxdur. Yəni əlavə nəzərdə tutulmayan həcmdə kanallardan da su götürürlər. Ekspert bildirib ki, Mingəçevir, Neftçala və Salyan rayonları ərazisində Kür çayı boyunca rəsmi 45 nasos stansiyası var.

Qarabağın su mənbələri: Ermənistan Laçın və Kəlbəcəri niyə qaytarmaq istəmir?>>

"Kürdə suyun səviyyəsi yaz daşqınları öncəsi yer səviyyəsinə yaxın olur. Digər vaxtlarda isə yer səviyyəsindən aşağı olur. Su öz-özünə əkin sahələrinə çıxa bilməz. Bu səbəbdən də nasos stansiyaları qoyulur. Buna mexaniki suvarma deyirlər. Su əkin səviyyəsinə qaldırılır. Dövlət tərəfindən iri əkin sahələri suvarılır. Ancaq əlavə qoşulmalar da olur. Kənd əhalisi, fermerlər əlavə qoşularaq öz əkin sahələrini suvarırlar. Bu suyun da hesabatı aparılmalıdır. Bəzən belə əlavə qoşulmalarla 100 hektarlarla ərazi suvarılır", - deyə Həsənov əlavə edib.

Onun sözlərinə görə, aidiyyətı qurumlar qanunsuz qoşulmalara nəzarət etməlidir:

"Amma biz insanıq da. Məsələn, fermerin biri gətirib həmin nəzarətçiyə bir quzu verir. Deyir ki, "icazə verin, qoşulum". Axı həmin qoşulmalar çölün düzündədir. İşçilərdən başqa heç kim gedib yoxlaya bilmir. Mənim fikrimcə, işçilər icazə verməsələr, qanunsuz qoşulma ola bilməz. Bu, cinayətdir. Belə şəxslər həbs edilməlidir. Monitorinqlər hansı ərazilərdə belə qoşulmaların daha çox olduğunu müəyyən edə bilir. Su-kanal idarələrinin rəhbərləri buna görə məsuliyyət daşımalıdır".

Mütəxəssisin fikrincə, quraşdırılmış ölçmə cihazları qanunsuz qoşulmaların qarşısını ala biləcək. O bildirib ki, bu ölçmə cihazları su hər rayonun ərazisinə daxil olanda və rayon ərazisindən çıxanda qoyulmalıdır. Bu zaman rayonlara nə qədər su verildiyi ölçülə bilər. Dəqiq nəzarət olsa, qanunsuz qoşulmaları müəyyən etmək mümkün olar.

98
Teqlər:
fermer, əkin, nasos, quraqlıq, Kür, su
Meşə yanğını, arxiv şəkli

Hirkanda yanğın: Azərbaycanın zəngin təbiəti məhv olmaqdadır

12
(Yenilənib 22:32 18.01.2021)
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

BAKI, 18 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.

Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

12
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

82
(Yenilənib 22:27 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.

82
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0