Yusifov Abbas

Bir şəklə sığan iki qəhrəmanlıq: biri Vətənin borcu, biri ürəyin - FOTO

72
(Yenilənib 21:24 08.01.2021)
“Nə özümün, nə də yoldaşımın ailəsinin bir ayağımın olmamasını mənə hiss etdirməməsi məni ruhlandırır”

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Ötən gündən sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri arasında bir foto çox məşhurdur. Fotoda Vətən müharibəsi zamanı döyüşlərin birində sol ayağını itirən qazi və nişanlısının rayon qeydiyyat şöbəsində nikah bağladığı xoş an əks olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, fotosu yayılan qazimiz Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndindin sakini Abbas Yusifovdur.

© Sputnik / Ilham Mustafa
Abbas Yusifov həyat yoldaşı ilə

24 yaşı fevralda tamam olacaq leytenant rütbəli qazimiz Suqovuşan və Talış istiqamətlərində döyüşlərdə iştirak edib. Sentyabrın 30-da isə döyüşlərin birində minaya düşüb. A.Yusifov ayağının birini itirsə də ona heyfsilənmədiyini, ancaq sonadək döyüşlərdə iştirak edə bilmədiyi üçün təəssüfləndiyini deyir.

“Hərbə marağım uşaq vaxtlarımdan olub. Müharibə filmlərini həmişə həvəslə izləmişəm. Sərhəd kəndi olduğundan hələ uşaqlıqdan tez-tez atəş səslərini eşitmişəm. Uşaqlıqdan qərara gəlmişdim ki, hərbçi olacam. Evin tək oğlu olsam da bu yolu seçdim. Döyüş yolum ilk günlərdən Tərtərdən, Suqovuşandan başladı. Sentyabrın son günü düşmən minasına düşərək xəsarət aldım”, - qazimiz danışır. 
  • Yusifov Abbas
    © Sputnik / Ilham Mustafa
  • Nikah şəhadətnaməsi
    © Sputnik / Ilham Mustafa
  • Yusifov Abbas
    © Sputnik / Ilham Mustafa
  • Yusifov Abbas
    © Sputnik / Ilham Mustafa
  • Yusifov Abbas
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Yusifov Abbas

Abbas döyüş zamanı orduda yüksək əhval-ruhiyyənin şahidi olduğunu söyləyib. Ailə qurmasına gəlincə isə A.Yusifov hərbi xidmətdə olduğu zaman nişanlı olduğunu söyləyib. Sağalıb evə döndükdən sonra isə yolunu gözləyən nişanlısı ilə ailə qurub. Gələcəyə nikbin baxan qazimiz həyata keçiriləcək çoxlu planının olduğunu deyir.

“Biz döyüşlərə canımızı verməyə getmişdik, amma Vətən ayağımızı aldı. Hazırda ayağımın olmamağını özümə problem etmirəm. Bəlkə də bu səbəbdəndir ki, çətinlik də çəkmirəm. Məni ruhlandıran nə özümün, nə də yoldaşımın ailəsinin bir ayağımın olmamasını mənə hiss etdirməməsidir”, - deyə bildirib. 

Abbasın indi bir istəyi var: ayağına protez qoyulub, normal yeridikdən sonra yenidən hərbi xidmətini davam etdirmək, bacardığı mümkün işlərdə çalışmaq. Qeyd edək ki, Abbas Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

72
Teqlər:
müharibə, Tərtər, Qazax, sosial şəbəkə, yaralı, evlilik, Qarabağ, qazi
Meşə yanğını, arxiv şəkli

Hirkanda yanğın: Azərbaycanın zəngin təbiəti məhv olmaqdadır

10
(Yenilənib 22:32 18.01.2021)
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

BAKI, 18 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.

Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

10
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

70
(Yenilənib 22:27 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.

70
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0