Bakıda tibbi maska taxmış şəxslər, arxiv şəkli

Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək

2111
"Vaksinasiyadan sonrakı bir ay müddətində vəziyyət analiz olunduqdan sonra müzakirə edilə, Azərbaycanda karantin qaydalarında müəyyən yumşaldılma addımları atıla bilər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Artıq bir neçə gündür ki, sosial platformada karantin qaydalarının yumşaldılacağı, hətta dərslərə başlanacağı barədə məlumatlar yayılır. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev də mətbuata açıqlamasında bildirib ki, yanvarın 18-dən sonra karantin yumşaldıla bilər: "Düşünürəm ki, yaxın vaxtlarda vaksinasiya başlayandan sonra virusa yoluxma daha da azalacaq. Mən hesab edirəm ki, bu ilin aprelinə qədər koronavirus pandemiyasından qurtara bilərik. Amma lazımdır ki, hamı vaksinasiyaya cəlb olunsun. Koronavirusa yoluxmada müşahidə edilən azalmalar nisbidir. Bayram günlərində götürülən test sayları az olub. Qəti qərar üçün qarşıdakı bir həftəni də gözləməliyik. Əgər azalmalar bu tempdə davam edərsə, 18 yanvardan sonra karantin yumşaldıla bilər".

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq
© Photo : Azerbaijani Management Union of Medical Territorial Units

Sputnik Azərbaycan karantin qaydalarının yumşaldılması ilə bağlı anonsların nə dərəcədə həqiqətəuyğun olduğunu, yumşaldılmanın hansı formada aparılacağını araşdırıb.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvarın ikinci yarısından koronavirusa görə vaksinasiyaya başlanılması nəzərdə tutulub: "Hesab edirəm ki, koronavirusa görə vaksinasiyaya başlanılmasından iki həftə sonra Azərbaycanda sərtləşdirilmiş karantin qaydaları yumşaldıla bilər. Amma təbii ki, karantin qaydaları mərhələli şəkildə yumşaldılmalıdır. Birdən-birə bütün qadağaları götürmək yoluxma sayını yenidən artıra bilər".

Ə.Rüstəm deyir ki, ilk mərhələdə sms-icazə sistemi aradan qaldırılmalıdır:

"Yanvarın 18-dən sms-icazə sistemi, düşünürəm ki, aradan qaldırılacaq. Vaksin vurulduqdan iki həftə sonra mərhələli şəkildə əyani təhsili bərpa etmək olar. İlk növbədə aşağı siniflərdə dərslər bərpa edilməlidir. Yavaş-yavaş yuxarı siniflərdə də əyani dərslərə aprelə kimi keçmək olar".

Dosent bildirir ki, iaşə sahələrində də xidmətləri bərpa etmək lazımdır: "Restoranlar yerində xidmətə, ticarət mərkəzləri tədricən öz fəaliyyətinə başlaya bilər. Hətta el şənliklərinin keçirildiyi məkanlarda da xidmət bərpa oluna bilər. O qədər də çox qonaq olmamaq şərtilə toylara icazə verilməlidir".

Müsahibimiz turizm sektorunda da qaydalara əməl etmək şərtilə qadağaların götürülməli olduğunu söyləyir: "Amma biz bütün sahələrdə xidməti bərpa etməyə qaydalara əməl etmək şərtilə başlamalıyıq. Əgər sosial məsafə, gigiyenik tələblərə əməl etməsək, vaksinasiyaya rəğmən, yoluxma sayında yenidən artım baş verə bilər. Çünki vaksinasiya kütləvi şəkildə aparılmayacaq. İlk növbədə əhalinin həssas təbəqəsi peyvənd olunacaq. Buna görə də sərtləşdirilmiş karantin mərhələli və qaydalara əmək etməklə yumşaldılmalıdır".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərt karantin qaydalarının yumşaldılması tədricən həyata keçirilməlidir. Əks halda, virusa yoluxmada arzuolunmaz mənzərə ortaya çıxa bilər:

"Karantin tədbirlərindən alınan müsbət dinamikadan sonra, əlbəttə ki, müəyyən yumşaldılmalara gediləcək. Karantin tədbirlərinin tətbiqi də elə bundan ibarətdir ki, yoluxmanın intensivliyi aşağı düşşün. Bundan arxayınlaşmaq olmaz. Biz karantin tədbirləri ilə xəstəliyin kökünü kəsə bilmirik. Xəstəlik davam edir, amma sürəti azalır. Yəni insanların koronavirusa yoluxma sayında azalma müşahidə edilir.

Vaksinasiyanın yanvar ayının ortalarından etibarən başlanılması planlaşdırılır. Vaksinasiyadan sonrakı bir ay müddətində vəziyyət analiz olunduqdan sonra müzakirə edilə, Azərbaycanda karantin qaydalarında müəyyən yumşaldılma addımları atıla bilər. Bakıdan rayonlara gediş-gəliş də həmin müddətdən sonra açıla bilər. Əsas məsələ ondan ibarətdir ki, yumşaldılma mərhələli şəkildə həyata keçirilsin. Əks halda, bu, yoluxma rəqəmlərin artımına gətirib çıxarar. Biz karantin qaydalarına əməl etməliyik, qoruma vasitələrindən istifadə etməliyik. Passiv immunizasiya, yəni peyvəndin tətbiqi nəticəsindən sonra immunitetin formalaşması yetərli olduğu halda yumşaldılmaya getmək olar. Hal-hazırda bizim arxayınlaşmamız yenidən virusa yoluxmada artıma gətirib çıxarda bilər".

2111
Teqlər:
pandemiya, sərnişindaşıma, vaksinasiya, məktəb, toy, Koronavirus, epidemiya, COVID-19, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (427)
Gözəllik salonu, arxiv şəkli

Bu sahələrin fəaliyyətinə yanvarın 25-dən icazə veriləcək

4
Ancaq xəbərdarlıq da var: Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. Sputnik Azərbaycan 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində fəaliyyətinə icazə verilən iş və xidmətlərin siyahısını təqdim edir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (427)

Azərbaycanda sərt karantin rejimi yumşaldılır - SMS icazə ləğv olundu

33
(Yenilənib 10:43 16.01.2021)
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Amma yumşaldılmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan daxil olan məlumatda qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

© AR Ministry of Education /

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

33
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (427)