CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biz bu rəngi sevmirik? Bakı bir ovuc yaşıllığa möhtac qalıb

© AFP 2023 / CHRISTOPHE SIMONВид на трущобы Росинья в Рио-де-Жанейро, Бразилия, фото из архива
Вид на трущобы Росинья в Рио-де-Жанейро, Бразилия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Avropa hündürmərtəbəli binalarda yaşıllıq salır, Azərbaycanda isə heç yaşayış kompleksləri lazımi həcmdə yaşıllıqla təmin olunmur

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 yanvar - Sputnik. Dünyada fabrik və zavodların, o cümlədən şəxsi avtomobildən istifadə edənlərin sayının artması ilə əlaqədar olaraq havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə müxtəlif addımlar atılır, layihələr cızılır və reallaşır. Bu gün Avropanın bir çox ölkələrində artıq hündürmərtəbəli binaların eyvanlarında da yaşıllıqların salınması vacib şərtlərdəndir.

Lakin Azərbaycanda biz vəziyyətin tam əksini görürük. Yaşayış binalarının ətrafında kifayət qədər yaşıllıqların olmaması günümüzün aktual problemi olaraq qalır.

Sumqayıtda “7 Göyərçin” abidəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Sumqayıt ekoloji cəhətdən təmiz şəhərə çevriləcək

Sputnik Azərbaycan bu problemə yenidən toxunaraq müxtəlif ekspertlərin rəyini öyrənib.

Biologiya elmləri doktoru, Nəbatat bağının laboratoriya müdiri Yusif Zeynalov 1976-cı ildən orada işləyir. O deyir ki, bu gün Abşeronun yaşıllaşmasının çox böyük əhəmiyyəti var: "İlk olaraq küləklərin qarşısı alınır, oksigenlə təmin olunur, tozun havada asılı qalmasının qarşısını alır. Yəni yaşıllıqlar şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasında mühüm rola malikdir. Vaxtilə Abşeronda yaşıllaşma çox zəif olub. Ötən əsrin 50-60-cı illərində vəziyyət heç də ürəkaçan deyildi, bir balaca külək əsən kimi toz-torpaq aləmi bürüyürdü. İndi yaşıllıq çoxalsa da, bəzi yerlərdə qırılır, məhv edilir. Bəzən obyektlər tikəndə onun ətrafındakı yaşıllıqları da qırır, yaxud ağacları kəsib qurutmağa çalışırlar. Bununla da Bakının yaşıllaşmasına çox böyük ziyan vururlar".

Həmsöhbətimiz deyir ki, son zamanlar az da olsa, Bakının yaşıllaşması davam etdirilir: "Lakin idarələr, təşkilatlar bu işdə çox zəif mövqe sərgiləyir. Bu günün ən aktual problemi yaşıllaşmadır. Yaşıllaşma olmasa, Abşeronun vəziyyəti getdikcə pisləşər. Çünki bu gün Bakıda avtomobillərin sayı artıb və havaya külli miqdarda zəhərli qazlar buraxılır. Havadakı çirkliliyin qarşısını alan isə məhz yaşıllıqlardır. Bundan başqa, fabriklərin də sayı artıb. Bir vaxtlar zavod və fabriklərin ətrafında yaşıllıq zolaqları salınırdı. O zamanlar bu işlər məcburi xarakter almışdı".

Ситуация в Нагорном Карабахе - Sputnik Azərbaycan
QARABAĞ
Törətdiyi ekoloji cinayətlərə görə Ermənistandan ayrıca təzminat tələb edilməlidir

"Əvvəllər Yeni Günəşlidə bir dənə ağac yox idi, hər yer düzənlik idi. İndi isə orada yaşıllıqların sayının artması nəticəsində bu gün oranın havası çox gözəl, təmiz olub", - deyə Y.Zeynalov əlavə edib.

Y.Zeynalov deyir ki, illik olaraq Nəbatat bağından 10 mindən çox bitki alınıb Abşeronun yaşıllaşdırılmasına verilib: "O zamanlar bir çox zavod və fabriklərin ətrafının yaşıllaşdırılması bizim Nəbatat bağının fəaliyyəti nəticəsində olurdu. Nəticədə iş yerlərinin ətrafında yaşıllıqlar salınırdı və zəhərli maddələrin miqdarı aşağı düşürdü. Yaşıllaşdırma trestinə bəzən 100 minə yaxın bitki verirdik. İndinin özündə də bu ənənəni davam etdiririk, ehtiyacı olan şirkətləri təmin edirik".

Əmlak üzrə ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında daha öncəki illərlə müasir Bakını müqayisə edib: "Təxminən 20-25 il bundan əvvəlki Bakıya nəzər salsaq, deyə bilərik ki, o zamanlar bütün yaşayış binalarının öz həyətləri və həyətlərində yaşıllıq əraziləri var idi. O vaxtkı Bakının yüksəkdən çəkilmiş şəkillərinə baxanda şəhər sanki yaşıllıqlar içərisində salınmış kimi görünürdü. Lakin 2000-ci ildən sürətlə inkişaf edən tikinti sektorunun iqtisadiyyatın inkişafına təsiri müsbət olsa da, ekoloji baxımdan yaşıllıq ərazilərin qismən məhv olmasına səbəb oldu. Köhnə binalar arasında sovetlər dövründən qalmış ağaclar belə artıq öz yaşlarını ötüb. Hətta güclü külək olduğu zaman həmin ağacların qırılaraq avtomobillərə zərər vurduğunun daima şahidi oluruq".

"Ötən il dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə ağacəkmə aksiyası keçirildi. Bu aksiya çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi baş tutdu. Bu cür aksiyalar son illər şəhər ətraflarında mütəmadi olaraq keçirilir. Lakin mərkəz və mərkəzə yaxın ərazilərdə torpaq sahələrinin məhdud olması səbəbindən yaşıllıq ərazilərinin salınmasında problemlər yaranır. Son illər salınmış yeni parklara nəzər salsaq, onlar yaşıllıqlar əvəzinə mərmər və daş örtüklərlə bəzədilib. Bu isə həm ekoloji cəhətdən, həm də insanların isti havalarda sərinləyə bilmələri ücün heç də səmərəli deyil", - ekspert əlavə edib.

Срубленные деревья - Sputnik Azərbaycan
Ekologiyanın düşməni cəzalandırılıb

Memar, professor Cahid Həsənovu tikinti zamanı pozulan normativlər narahat edir: "Bakıda çox zaman yaşayış binalarının istismara verilməsində, onların sahibkarlar tərəfindən alınaraq tikintilərinin həyata keçməsində birmənalıı şəkildə yaşıllıq zolaqları seçilməyib. Düzdür, son illərdə Memarlıq və Arxitektura Komitəsi tərəfindən qaydalar hazırlanıb və ümumi tikintinin 25 faizindən az olmayaraq yaşıllıqların olması tələbi var. Sahibkar istəyir ki, 1 santimetrə də qənaət edərək ondan gəlir qazansın. Burada ictimaiyyətin də günahı çoxdur. Camaat ev alanda əsas verdiyi sual bu olur ki, üzü dənizə baxır, ya yox. Sanki bununla hər şey həll olunur. Lakin soruşulmur ki, həyətyanı ərazidə yaşıllıq zolağı neçə kvadratmetrdir?"

"Təsəvvür edin, aylarla davam edən karantin müddətində biz eyvana çıxıb ancaq üzbəüz binanı, onun damını gördük. Gözümüzə yaşıllıq dəydimi? Belə hallarda da yaşıllığın olmaması psixoloji gərginlik, əsəb yaratdı. Yaşıllığın çox olması vacibdir. Parkın olması kifayət etməməlidir. Hər kəsin dincəlmək üçün ucqar rayonlara getmək imkanı yoxdur. İnsanların dincəlməsi üçün şəhərdən kənarda xüsusi meşə zolağı yaradılmalıdır ki, ən azı, insanlar həftəsonu gedib istirahət edə bilsinlər", - deyə ekspert əlavə edib.

Ekspert Avropa təcrübəsini nümunə göstərir və deyir ki, bu gün bir çox Avropa ölkəsinin hündürmərtəbəli tikililərinin eyvanları bitkilərlə doludur: "15-ci mərtəbədə yaşayan sakinin eyvanında bağ var. Artıq Avropada bu tendensiya geniş yayılıb. Biz də bu təcrübəyə keçməliyik".

Xəbər lenti
0