Bakı şəhərinə mənzərə, arxiv şəkli

Vəziyyət məcburi köçkünlərin sayəsində dəyişə bilər, amma əsas qərarı virus verəcək

115
(Yenilənib 17:56 30.12.2020)
Ekspert hesab edir ki, bu gün tikintiyə qadağaların qoyulması insanlarda bu sahəyə soyuqluq yaradır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Pandemiya, müharibə, qələbə və məhdudiyyətlər fonunda, durğunluq yaranan, alqı-satqının dayandığı əmlak bazarının 2021-ci ildəki vəziyyəti virus, pandemiya ilə bağlı veriləcək qərarlardan asılıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

Onun sözlərinə görə, 2020-ci ildə sərhədlərin bağlı olması, xarici əlaqələrdə yaranan problemlər əmlak bazarına necə təsir etdisə, növbəti ildə də elə olacaq: "2021-ci il əmlak bazarında əsas proseslər işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış yerlərinin salınması, binaların tikilməsi, yaşayış massivlərinin yaradılmasından ibarət olacaq. Təbii ki, bu bir neçə il çəkəcək. Ondan sonra məcburi köçkünlər öz yurdlarına köçəcəklər. Bakıda boşluq yaranacaq və əmlak bazarında da müəyyən stabillik müşahidə ediləcək".

Ekspert qeyd edir ki, hazırda əmlak bazarında qiymətlər qeyri-müəyyəndir. Onun sözlərinə görə, əgər həmin ərazilər turistik zonalara çevrilsə, iş yerləri açılsa, insanların axını oraya daha çox olsa, həmin ərazilərə tələbat Bakı və digər şəhərlərdən daha çox olacaq. Pandemiya bitməsə, vəziyyət indi olduğu kimi qeyri-müəyyən olaraq qalacaq.

"Məcburi köçkünlər üçün tikiləcək binalar dövlət tərəfindən onlara veriləcək, yoxsa satışa çıxarılacaq? Bu sualla bağlı məsələ də əmlak bazarına təsir edəcək. Digər bir məsələ məcburi köçkünlərin 90-cı illərin əvvəllərində gəlib məskunlaşdığı evlərlə bağlıdır. Belə ki, həmin evlər yerli sakinlərin evləri idi. O sakinlərin böyük əksəriyyəti hələ də kirayədədir. İkinci mərhələdə bu məsələnin həll edilməsi vacibdir. Çünki həmin dövrdə order var idi. Çıxarış yox idi. Məcburi köçkünlər öz yurdlarına qayıdandan sonra evlərin həqiqi sahiblərinin öz evlərinə köçməsi də əmlak bazarına müəyyən qədər təsir edə bilər", - deyə E.Fərzəliyev bildirib.

O əlavə edib ki, tikinti şirkətlərinin tikdiyi binalara 5000-dən çox növbə var. 1000-dən çoxu isə ipoteka krediti ilə ev almaq üçün növbədədir.

"Nəğd pulla ev almaq anlayışı ancaq bizdədir. Xarici ölkələrə nəzər salsaq, görərik ki, vətəndaşların çoxu kreditlə alır və bank vətəndaşa ev almaq üçün minimal faizlə istədiyi qədər vəsait verir. Burada bank da, vətəndaş da, mənzili satan da qazanır. Amma bizdə bu məsələ çox məhduddur. Əgər bu məsələ yumşaldılarsa, bazarda canlanma da olar. Əmlak bazarında canlanma iqtisadiyyata da müsbət mənada öz təsirini göstərəcək.

Bu gün ipoteka ilə ev almaq istəyən vətəndaşdan o qədər sənəd tələb olunur ki, hər adam o şərtlərlə ev ala bilmir", - deyən ekspert vurğulayıb ki, bəzi tikinti şirkətləri reklam əsasında bildirirlər ki, 3-5 min ilkin ödəniş ödəməklə mənzil əldə edilir.

Amma belə mənzillərin aylıq krediti çox yüksək olur. Vətəndaşlar alır və aylıq krediti bir müddət sonra müəyyən səbəblərə görə ödəyə bilmir. Bu da problemli kreditlərin yaranmasına səbəb olur.

"Stabilləşmə olmalıdır, banklar pullar ayırmalıdır. Məsələn, hansısa bir vətəndaş sənətkardır, maşın ustası, ev ustasıdır, yaxud digər işlə məşğuldur. Bu vətəndaşın aylıq gəliri rəsmi işləyən vətəndaşın gəlirindən daha çox olur. Bu baxımdan düşünürəm ki, vətəndaş ümumi dəyərin 30%-ni verirsə, bankın qorxusu olmamalıdır", - deyə o bildirib.

Sənədsiz evlərlə bağlı problemlərə gəldikdə isə, ölkə başçısı sənədsiz evlərin sənədləşdirilməsi üçün qərar verib.

"Cənab prezidentin göstərişinə əsasən, mart ayından bu proseslərin həllinə başlanmalı idi. Pandemiya düşdüyündən həmin məsələ donduruldu. Amma bu gün sənədsiz evlər olduğu kimi qalır. Çıxarışsız evlərin qiyməti çıxarışlı evlərə nisbətən çox ucuzdur. Çünki vətəndaşlar çıxarışsız evləri almağa çəkinirlər.

Sənədsiz evlər çıxarışla təmin olunsa, tikinti şərtləri sadələşsə, həyət evləri də tikilər. Ən ucuz həyət evi təxminən 30 minə başa gəlir. Bu tikinti üçün lazım olan bütün materiallar daxili bazardan alınır. Bu da iqtisadiyyata müsbət mənada təsirini göstərir", - deyə o əlavə edib.

Ekspert hesab edir ki, bu gün tikintiyə qadağaların qoyulması insanlarda bu sahəyə soyuqluq yaradır. Belə ki, tikintiyə icazə verilən yerlərdə də tikintiyə nəzarət olunmalı, infrastruktur qorunmalı, küçələrin eni qorunmalı, su-kanalizasiya xətləri normal çəkilməlidir.

115
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Qarabağ, məcburi köçkünlər, alqı-satqı, ev, sənədsiz torpaq, qərar, daşınmaz əmlak bazarı, daşınmaz əmlak
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8