Prezident İlham Əliyev

İlham Əliyev: "Qarabağımızı biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik"

86
"Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm".

BAKI, 29 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Sputnik Azərbaycan bildirir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında
© Official website of President of Azerbaijan Republic

2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur.

Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir.

Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir.

Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir.

Prezident İlham Əliyev Qubadlı və Zəngilan rayonlarında
© Official website of President of Azerbaijan Republic

Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram.

Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

86
Teqlər:
abadlıq-quruculuq işləri, müharibə, Qarabağ, Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, xalqa müraciət, müraciət, Prezident İlham Əliyev
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya