İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. Pandemiya başlayandan birinci instansiya məhkəmələri ya fasilələrlə keçirilir, ya da sərt karantin dövründə ümumiyyətlə keçirilmir. Bu səbəbdən də xeyli təqsirləndirilən şəxs istintaq təcridxanasında qalıb.
Xaricdən Azərbaycana iki yüz cinayətkar gətirilib>>
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, hazırda istintaq təcridxanasında olan və istintaq işi bitən yüzlərlə məhbus var ki, məhkəmə baxışını gözləyir. Bu səbəbdən də istintaq təcridxanalarında sıxlıq yaranıb:
“İstintaq təcridxanasında 6 ay və daha çox öz məhkəməsini gözləyən insanlar olduğuna görə sıxlıq yaranır və epidemioloji situasiya kəskin şəkildə pisləşir. Bu, həm də dövlət büdcəsinə zərərdir. Çünki o insanlar dövlət büdcəsi hesabına orada yaşayırlar, qidalanırlar və s.”.
Deputat deyir ki, Penitensiar xidmətin rəhbərliyi də yaranmış vəziyyətdən narahatdır: “Penitensiar xidmətin rəhbərliyi ilə danışdım. Onlar da dedilər ki, çox ciddi problemlərimiz var, faktiki yerləşdirə bilmirik məhbusları. Çünki bir ucdan cinayət olur, aparırlar oraya. Məhkəmə də yoxdur, məhbus da qalır onun üstündə. Bəlkə, buna bəraət veriləcək, məhbus 6 ay orada durub gözləyir. Bəlkə, ona 3 aylıq cəza veriləcək, şərti cəza veriləcək? Niyə orada qalıb gözləsin axı?!”
Musa Quliyev bildirir ki, məhkəmə iclaslarını videokonfrans şəklində keçirməklə bu problemi həll etmək olar.
“Dünyanın bir çox ölkələrində bu praktika var. Məhbus istintaq təcridxanasında müəyyən otaqda konfransa qoşulur. Hakim öz otağından konfransa qoşulur, prokuror öz otağından, vəkil öz otağından. Videokonfrans şəklində bu məhkəmələrin keçirilməsi həm ədaləti təmin etmiş olar, həm də biz bilmirik ki, koronavirus pandemiyası bundan sonra nə qədər davam edək. İllərlə o insanları məhkəməsiz orada saxlamaq da doğru deyil və qanunun pozulmasıdır”.
Musa Quliyev birinci instansiya məhkəmələrinin videokonfrans şəklində keçirilməsini təmin etmələri üçün Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və Ali Məhkəməyə müraciət edib.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.