Azərbaycan hərbçiləri, arxiv şəkli

Orduya çağırılan tələbələrə güzəşt ediləcək

40
(Yenilənib 16:27 24.12.2020)
Hərbi vəzifəli tələbələr təhsil müddətində əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar

BAKI, 24 dekabr — Sputnik. Nazirlər Kabineti "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 23 aprel tarixli 76 nömrəli və "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ölkədə elan olunmuş hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin təhsilində bir sıra çətinliklər yaranıb.

Məlum olduğu kimi, cari ilin 27 sentyabr tarixində Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayıb. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib və bir qrup ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər ordunun komplektləşdirilməsinə cəlb olunublar. Həmin şəxslərin arasında normativ müddətdə ali və orta ixtisas təhsili müəssisələrini bitirə bilməyən bəzi tələbələr də vardır. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanatdan sonra həmin şəxslərin geri qayıtması nəzərdə tutulur.

Eyni zamanda qeyd etmək lazımdır ki, "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə bir sıra sənədlərə dəyişikliklər edilib və tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunublar. Həmin qərarın qüvvədə olma müddəti oktyabr ayının 1-nə qədər olub. Lakin, bir qrup tələbələr, o cümlədən hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələri, məlum səbəblərdən həmin müddətdə yekun dövlət attestasiyasından keçə bilməyib.

Nazirlər Kabinetinin qeyd olunan qərarı qüvvədən düşdüyünə görə və qismən səfərbərlik nəticəsində orduya cəlb olunmuş şəxslərin təhsil problemlərinin aradan qaldırılması ilə əlaqədar aşağıdakı qərarlarda dəyişiklik edilməsi zərurəti yaranıb:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı";

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları".

Qeyd olunan normativ sənədlərdə təklif edilən dəyişikliklərin qəbul olunması ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş, qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbələr təhsil müddətində əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.

40
Teqlər:
qərar, Nazirlər Kabineti, Əli Əsədov, güzəşt, tələbə, hərbi xidmət, Azərbaycan Ordusu
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

4
(Yenilənib 18:16 15.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

4
Kitabxana

Mədəniyyət işçiləri üçün böyük töhfə

3
(Yenilənib 00:38 16.01.2021)
Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir.

BAKI, 16 yanvar — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı "Boş məkan" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Cansız teatr", "Müqəddəs teatr", "Kobud teatr", "Teatr", "Y.Kaqarlitski" başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. "Britaniya imperiyası", "Şərəf legionu" ordenlərinə layiq görülüb. "Avropa teatr mükafatı", "Kioto" və "Beynəlxalq İbsen mükafatı" kimi ödüllərlə də təltif edilib. Onun əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

3

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

2
(Yenilənib 00:48 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

2