TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı

TƏBİB mətbuatı ona həkimlərə qarşı qərəzli olmaqda ittiham etdi

33
(Yenilənib 19:40 19.12.2020)
TƏBİB: Bəzi hallarda media nümayəndələrinin qərəzli mövqeyi ilə də üzləşirik. Biz onların gərgin əməyinə dəyər verdiyimiz halda, onlar gecə-gündüz yorulmaq bilmədən fədakarlıq nümayiş etdirən həkimlərimizin işini kölgə altına salmağa cəhd göstərirlər.

BAKI, 19 dekabr - Sputnik. Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi (TƏBİB) mətbuatda qurumun ünvanına səslənən ittihamlara cavab verib. 

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, TƏBİB əməkdaşları koronavirusla mübarizə çərçivəsində müayinə və müalicə ilə yanaşı, daim vətəndaşların maarifləndirilməsi üçün tədbirlər həyata keçirməkdədir.

"Əməkdaşlarımız, koronavirusun müalicəsində təcrübəyə malik həkimlərimiz mütəmadi olaraq həm yazılı, həm elektron mətbuatda, eləcə də radio və televiziyalarda çıxışlar edir, koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalar, tətbiq edilən metodiki göstərişlərin tələblərini izah edirlər. Onlar gün ərzində yüzlərlə sorğu qəbul edir və bütün sualları növbəli şəkildə cavablandırmağa çalışırlar. Lakin bəzi hallarda media nümayəndələrinin qərəzli mövqeyi ilə də üzləşirik. Biz onların gərgin əməyinə dəyər verdiyimiz halda, onlar gecə-gündüz yorulmaq bilmədən fədakarlıq nümayiş etdirən həkimlərimizin işini kölgə altına salmağa cəhd göstərirlər", - TƏBİB bildirib. 

"İddia olunur ki, ölkədə test problemi var, insanlar test oluna bilmir və özəl klinikalarda qiymətlər bahadır. Bir daha qeyd edirik ki, Azərbaycanda koronavirusu müəyyənləşdirən kifayət qədər test ehtiyatı var və hər gün dövlət hesabına ödənişsiz 20 minə yaxın test olunur. Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Özəl xəstəxanalarda test götürülməsi təcrübəsi isə dünyada da mövcuddur və istənilən şəxs profilaktik olaraq test vermək üçün müraciət edə bilər. Özəl klinikalar və laboratoriyalara nəzarət və qiymət tənzimlənməsi isə ümumiyyətlə TƏBİB-in səlahiyyətində deyil", - qurum əlavə edib. 

Qurum onu da bildirib ki, TƏBİB yalnız respublikadakı pandemiya xəstəxanalarında stasionar müalicə işinə cavabdehdir:

"2020-ci ilin iyun ayının sonundan etibarən Bakı şəhəri üzrə 103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir. Beləliklə, 103 xidməti və evdə müalicə ilə bağlı bütün suallarını aidiyyəti quruma ünvanlamaq olar. Brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir. TƏBİB əməkdaşları həmin brifinqlərə dəvət olunur və müəyyən olunmuş mövzu ətrafında fikirlərini bölüşür, sualları cavablandırırlar. Sonuncu  dəfə keçirilmiş və vaksinlərə həsr olunmuş brifinqdə terminlərdən istifadəyə gəlincə, qeyd edək ki, tibb elmi spesifik sahədir və burada terminlərdən istifadə etməmək mümkünsüzdür. Həmin brifinqdə hazırlanmış xüsusi slayd əsasında insanlara vaksinlərlə bağlı ümumi məlumat verilib və qeyd olunub ki, bu barədə növbəti brifinqlərdə daha ətraflı məlumat çatdırılacaq.

Xahiş edirik ki, bütün dünyanın üzləşdiyi bu çətin dövrdə “Biz Birlikdə Güclüyük” devizinə sadiq qalaraq həmrəy olmağı bacaraq. Qısa müddətə populyar olmaq üçün, dövlət maraqlarını şəxsi maraqlara qurban verməyək. Pandemiya yalnız səhiyyə qurumlarının məsələsi deyil, ümumilikdə dövlətin təhlükəsizliyinə qarşı ciddi təhdiddir. Əminik ki, ölkəmizin güclü iqtisadiyyatı və tibb işçilərinin peşəkarlığı sayəsində bu bəladan tezliklə xilas olacağıq! Bu mübarizədə bizimlə olan bütün qərəzsiz media nümayəndələrinə sonsuz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk".

33
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Meşə yanğını, arxiv şəkli

Hirkanda yanğın: Azərbaycanın zəngin təbiəti məhv olmaqdadır

13
(Yenilənib 22:32 18.01.2021)
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

BAKI, 18 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.

Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

13
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

86
(Yenilənib 22:27 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.

86
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0