Avtomobilə texniki baxış, arxiv şəkli

Sürücülərin nəzərinə: Əgər karantin vaxtı texniki baxışla bağlı SMS gəlibsə...

107
(Yenilənib 22:59 19.12.2020)
Bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan avtomobillər olacaq. Texniki baxış vaxtı avtomobilin nə vaxt alınması ilə deyil, nə vaxt istehsal olunması ilə hesablanır.

BAKI, 19 dekabr — Sputnik. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə daha bir xəbərdarlıq edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu il texniki baxışdan keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələrinin təxminən 45 faizi hələ də bu prosesə cəlb edilməyib. Bəzi sürücülərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir.

Ölkədə yenidən sərt karantin tətbiq edildiyi üçün sürücülərin avtomobili texniki baxışa necə cəlb edəcəyi məsələsi gündəmə gəlir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev Sputnik Azərbaycan-a bildirib ki, karantin dövründə SMS icazə ilə evdən çıxmaq mümkündür və hər kəs 3 saat müddətində avtomobilini texniki baxışdan keçirə bilər. Əgər sürücü avtomobili texniki cəhətdən saz vəziyyətə gətiribsə, texniki baxışdan keçirmək prosesi maksimum 15-20 dəqiqə vaxt aparır.

Nazirlər Kabinetinin 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən, vətəndaşlar sərt karantin dövründə dövlət xidmətlərindən istifadə edərkən hər hansı gecikmə halları yaranarsa, o zaman həmin vətəndaşa bununla bağlı arayış veriləcək. Bu arayış təqdim edildiyi təqdirdə heç kim yolda karantin qaydasını pozduğuna görə cərimə edilməyəcək. Yəni bu xidmətlərdən istifadə etmiş vətəndaş hər hansı səbəbdən ləngiyərsə, o halda ona geriyə, yaşayış yerinə qayıtmasını müəyyən edən müvafiq arayış veriləcək.

N.Piriyev əlavə edib ki, xüsusi texniki vasitələr işləyir və nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdikdə cərimə tətbiq ediləcək:

"Əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman çalışıb 20 gün ərzində avtomobili texniki baxışdan keçirsinlər. Maşından istifadə edirlərsə, düşünürəm ki, 3 saatlıq harasa gedəndə texniki baxışa da vaxt ayırmaq olar. Nəzər almaq lazımdır ki, yolda xidmət edən əməkdaş kimisə nəzərə alsa belə, kameralar heç kimi nəzərə almır və qayda pozulduğu halda cərimə yazılacaq".

Şöbə rəisi onu da əlavə edib ki, hazırda Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələri hər gün fasiləsiz fəaliyyət göstərir. Növbə də yoxdur deyə rahat şəkildə hər bir şəxs avtomobilini texniki baxışa təqdim edə bilər.

"Yeri gəlmişkən, apardığımız araşdırmalara görə, bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan avtomobillər olacaq. Bir daha qeyd edirik ki, texniki baxış vaxtı avtomobilin nə vaxt alınması ilə deyil, nə vaxt istehsal olunması ilə hesablanır", - o, deyib.

Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir. İstisna hallar da var. Bu da onunla bağlıdır ki, yeni qaydalara görə, hər bir nəqliyyat vasitəsi ötən il hansı ayda texniki baxışdan keçirilibsə, bu il həmin ayın həmin günündə texniki baxış müddəti bitir. Qanunla, həmin maşının texniki baxışdan keçirilməsinə əlavə olaraq 20 gün vaxt verilir.

Texniki baxışla bağlı bütün bilgiləri əldə etmək üçün Asanpay.az saytında elektron kabinet yaratmaqla SMS məlumat əldə etmək və texniki baxışın tarixçəsinə nəzarət etmək mümkündür.

107
Meşə yanğını, arxiv şəkli

Hirkanda yanğın: Azərbaycanın zəngin təbiəti məhv olmaqdadır

10
(Yenilənib 22:32 18.01.2021)
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

BAKI, 18 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.

Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

10
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

67
(Yenilənib 22:27 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.

67
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0