İşıq

İşığın tarifləri gecə gündüzə görə dəyişəcək - bəs oğurluq necə olacaq?!

406
(Yenilənib 20:06 13.12.2020)
Ekspert: "Azərişıq" ASC daha bahalı dövrdə satdığı elektrik enerjisini normal dövrdə, yəni, tarifin daha aşağı olduğu müddətdə satışla əvəzləyə və oğurlaya bilər. Əmin olun ki, bu sahədə kifayət qədər peşəkardırlar və bu belə də olacaq".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. 2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni, bu dəyişiklik ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsini nəzərdə tutub. Artıq bununla bağlı hökumətdə müzakirələr gedir. Mediada dərc olunan məlumata görə, Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyəti dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.

Maraqlıdır, belə bir addımın atılması, tariflərin bu cür tənzimlənməsi ilə mövcud sahədə nə kimi dəyişikliklərə nail olmaq olar?

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır: 

"İlk növbədə bu gün ölkəmizdə tətbiq edilən tariflərin iqtisadi səmərəliliyi və əhalinin alıcılıq gücü aspektindən bu məsələni qiymətləndirmək olar. İkinci aspektdən baxdıqda görə bilərik ki, bu gün elektrik enerjisi Azərbaycanda kifayət qədər yüksəkdir. Çünki Azərbaycanı eyni gəlirli ölkələrlə müqayisə etdikdə görə bilərik ki, adambaşına elektrik enerjisinə sərf olunan xərclər daha çoxdur. Yəni bənzər gəlirli ölkələrdə əhalinin ailə büdcəsində elektrik enerjisi sərfiyyatı daha aşağıdır. Bu istiqamətdən qiymətləndirmə aparsaq, deyə bilərik ki, bugünkü tarif sisteminin dəyişdirilməsinə hansısa formada ehtiyac yaranır, yəni qiymətlərin daha da aşağı salınmasına və əlçatan olmasına ehtiyac var".

Ekspertin sözlərinə görə, hazırda dövlət müəssisələrinin tam və yaxud qismən özəlləşdirilməsi, xüsusi ilə də təchizat sahələrində özəlləşmə gündəmdədir. "Bu gün bu müəssisələr dotasiya, subsidiya ilə dolanır. Yəni, Açıq Səhmdar Cəmiyyətlərinin böyük əksəriyyətinin gəlirləri xərclərini kompensasiya etmir. Rəsmi olaraq həmin qurumlar göstərməyə çalışır ki, tarif siyasəti məhsulun maya dəyəri ilə uzlaşdırılmır, daha çox sosial faktorlarla, yəni, əhalinin alıcılıq gücü ilə uzlaşdırılır. Bu səbəbdən də səmərəlilik yoxdur, zərər var", - deyə ekspert əlavə edir.

R.Həsənov bildirir ki, bu sferada səmərəliliyin olmamasının əsas səbəbi səriştəsiz idarəetmə və korrupsiya amillərinin geniş yayılmasıdır: "Ölkə başçısının çıxışı bir daha göstərdi ki, dövlət müəssisələri tamamilə oğurluq, talan və korrupsiya ilə məşğuldurlar. Bu dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti kəsirlə ortaya çıxır. Buna görə də indiki halda belə bir yanaşma qoyulur, beynəlxalq metodologiyalardan istifadə edilməklə hansısa formada fərqli sosial qruplara qarşı eyni zamanda günün müəyyən hissələrində, pik saatlarda təzyiqin aşağı salınması məqsədilə qiymətlər artırılsın. Belə olan halda təbii ki, insanlar daha ekonomik davranışlar nümayiş etdirəcək ki, bu da müəyyən qədər də olsa, tələbi aşağı salacaq".

Ekspertin fikrincə, qeyri-pik saatlarda qiymətləri optimallaşdırmaqla tələb səviyyəsini müəyyən tarazlıq səviyyəsinə gətirib çıxartmaq olar. Bu, dünya təcrübəsində müəyyən qədər tətbiq olunan alətlərdən biridir. Lakin bu zaman da son sözü təbii ki, müəyyən edilən tariflər deyəcək. 

İqtisadçı bildirir ki, biz artıq elektrik enerjisini ixrac edən ölkəyik, təminatla bağlı problem yoxdur. Əsas məsələ müəssisələrin fəaliyyətinin səmərəliliyinin təşkil olunması və eyni zamanda da bu prosesə özəl sektorun cəlb edilməsidir.

Həsənov hesab edir ki, özəl sektorun bu prosesə cəlb edilməsi müəssisələrin fəaliyyətində şəffaflığı şərtləndirə bilər, əlbəttə ki, bu proses sona qədər davam etdirilərsə:

"Nə üçün sona qədər qeyd edirəm, çünki Azərbaycanda bəzi hallarda biz onu da müşahidə edirik ki, bu məqsədlə yola çıxılır, yəni sistem özəl sektorun fəaliyyətinə uyğunlaşdırılır, lakin özəlləşmə baş tutmur. 2015-ci ildən "Azərbaycan Beynəlxalq Bankı"nın sağlamlaşdırılması və özəlləşdirilməsi ilə bağlı prezidentin sərəncamı oldu. Hökumət iki ildir açıqlayır ki, sağlamlaşma prosesi bitib. Bəs, o zaman niyə özəlləşdirilmir? Çünki yenə də müəyyən, subyektiv maraqlar var. Burada müxtəlif faktorlar konkret qərarların qəbuluna mənfi təsir göstərir. Bu səbəbdən bənzər istiqamətlərdə də eyni problemlərin müşahidə olunacağından ehtiyat edirəm. Yəni tariflər dəyişdirilsin, qiymətlər hansısa formada artırılsın, bununla həmin müəssisələrin gəlirlərinin artırılması təmin olunsun, lakin son nəticə olaraq müəssisələr özəlləşdirilməsin və bu gəlirlər korrupsiyanın predmetinə çevrilsin. Lakin özəl sektor prosesə cəlb olunarsa, o zaman şəffaflıq, səmərəlilik olacaq və bu istiqamətdə hüquqi bazanın daha da təkmilləşdirilməsinə ehtiyac olacaq". 

Ekspert deyir ki, Azərbaycanda təbii inhisarçılar istehlakçılar qarşısında heç bir məsuliyyət daşımır. Yəni "Azərenerji", "Azərişıq", bu gün onların nöqsanları səbəbindən elektrik enerjisinin ötürülməsində baş verən qəzalar səbəbindən istehlakçılara dəymiş zərərlərin ödənilməsi görməmişik. Bu istiqamətdə məhkəmələr iddiaları təmin edə bilmir. Əslində isə enerjisini ötürən tərəf məsuliyyət daşımalıdır. Lakin bu bizdə yoxdur.

"Ümid edirəm ki, tariflərlə bağlı bu dəyişiklilər həm səmərəliliyi artıracaq, şəffaflıq təmin olunacaq, istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq. Eyni zamanda da təchizat sisteminin təkminləşdirilməsi və bu istiqamətdə yönələn investisiyanın həcminin artması, dövlət büdcəsi üzərində yaranan süni yüklərin azalması və həmin müəssisələrin fəaliyyətinin də səmərəli təmin olunmasına səbəb olacaq", - deyə ekspert proqnoz verib.

Lampa, arxiv şəkli
© AFP 2020 / NICOLAS ASFOURI

Gecə-gündüz tarifinə nəzarətə gəldikdə isə ekspert bu prosesin elektron şəkildə həyata keçiriləcəyini deyir: "Bu proses proqram təminatı ilə olacaq. Bu zaman günün gecə və gündüz olmasına görə tariflər istifadə olunduğu müddətə görə iki cür hesablanacaq. Lakin "burada da yeyinti ola bilərmi?" sualına cavab olaraq bu ehtimalın ola biləcəyini qeyd edə bilərəm. Məsələn, "Azərişıq" ASC daha bahalı dövrdə satdığı elektrik enerjisini normal dövrdə, yəni, tarifin daha aşağı olduğu müddətdə satışla əvəzləyə bilər və oğurlaya bilər. Əmin olun ki, bu sahədə kifayət qədər peşəkardırlar və bu belə də olacaq".

Həsənovun sözlərinə görə, sovet dövründən də belə bir təcrübə qalıb ki, ötürmə zamanı itkilər olur. Bu, kommunal təchizatla bağlı digər qurumlarda da olur. Amma bu itkilərin bir qismi obyektiv səbəblərdən, yəni texniki səbəblərdən qaynaqlanırsa, əhəmiyyətli hissəsi subyektiv səbəblərdən baş verir. Kommunal təchizatla məşğul olan qurumlar enerjini hansısa sahibkarlıq subyektinə satır, qeyri-rəsmi sövdələşmə ilə bunun heç uçotunu da aparmırlar, aylıq rüşvət kimi müəyyən məbləği alaraq ciblərinə qoyurlar. Həmin fərqi isə itki kimi rəsmiləşdirirlər və bu da dövlətin üzərində qalır. Ona görə də özəl sektorun fəaliyyəti çox önəmlidir. Özəl sektorun bu kimi fəaliyyətlərə daxil olmasına ehtiyac var, bu zaman itkilərin azalması üçün investisiya qoyulacaq.

P.s.Qeyd edək ki, səsləndirilən fikirlərlə əlaqədar "Azərişıq" ASC rəsmi mövqeyini dərc etməyə hazırıq. 

406
Teqlər:
işıq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" ASC, "Azərişıq", Azərişıq
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya