Turan Məmmədlinin məzarı

Müharibə başlayanda hələ toy etmədiyinə görə sevinən qəhrəman

454
(Yenilənib 12:06 07.12.2020)
Döyüş yoldaşı: "Müharibənin gedişində sanki ürəyinə dammışdı şəhid olacağı. Telefonunun kodunu dedi mənə, nişanlısı ilə şəkillərinin yerini dedi. Sevinirdi ki, nişanlıyam, yaxşı ki hələ toyum olmayıb"

 

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də qəhrəmanımızın 27 yaşı olacaqdı. Ötən ilin noyabrın 7-də nişanlanmışdı. Bu il noyabrda toyunu edəcəkdi. Müharibə imkan vermədi. Oktyabrın 7-də şəhid oldu.

© Sputnik / Ilham Mustafa
Qırmızı və qara lent

Ağstafanın Göycəli kəndində doğulub boya-başa çatmış gizir Turan Məmmədli Vətən müharibəsində Fizuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. O Xocavənd ətrafında keçirilən hərbi əməliyyatda şəhid olub. Zəfər günündən 20 gün sonra nəşi torpağa tapşırılıb. Dəfnindən sonra onun məzarını ziyarətə döyüş yoldaşları da gəlib. Döyüşlərdən birində ayağını itirən döyüş yoldaşı Nurlan Məmmədov Turanın vətənpərvər dost, gülərüz, döyüşkən ruhlu bir hərbçi olduğunu deyib:

  • Turan Məmmədli
    © Sputnik / Ilham Mustafa
  • Turan Məmmədli
    © Sputnik / Ilham Mustafa
  • Turan Məmmədli
    © Sputnik / Ilham Mustafa
  • Turan Məmmədlinin yaxınları
    © Sputnik / Ilham Mustafa
  • Nurlan Məmmədov - döyüş yoldaşı
    © Sputnik / Ilham Mustafa
  • Nurlan Məmmədov - döyüş yoldaşı
    © Sputnik / Ilham Mustafa
  • Nurlan Məmmədov - döyüş yoldaşı
    © Sputnik / Ilham Mustafa
  • Turan Məmmədlinin yaxınları
    © Sputnik / Ilham Mustafa
  • Turan Məmmədlinin ailəsinin üzvü
    © Sputnik / Ilham Mustafa
1 / 9
© Sputnik / Ilham Mustafa
Turan Məmmədli

“Turanı 5 ildir tanıyıram. Bir yerdə xidmət keçmişik. Ən yaxın sirdaşım olub. Müharibə başlayanda da döyüşlərə bərabər girdik. O insanın üzündən heç zaman təbəssüm əskik olmurdu. Qələbədən sonra toyu olacaqdı. Döyüşlər başlamamışdan qabaq toyunun vaxtını planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti var idi. Məni buraxmadı ki, məzuniyyətə birgə çıxarıq, toyumda kömək edərsən. Müharibənin gedişində sanki ürəyinə dammışdı şəhid olacağı. Telefonunun kodunu dedi mənə, nişanlısı ilə şəkillərinin yerini dedi. Sevinirdi ki, nişanlıyam, yaxşı ki hələ toyum olmayıb” - deyə Turanla keçirdiyi son günlərdən danışıb.

© Sputnik / Ilham Mustafa
Nurlan Məmmədov - döyüş yoldaşı

Turanın komandiri olan Sübhan Allahverdiyev də döyüşlərdə yaralanıb. Onun sözlərinə görə, Vətən müharibəsi başlayanda Turanın sevincinin həddi-hüdudu olmadığını söyləyib.

“Arzusu idi. Deyirdi, komandir sizinlə bərabər taqımımla, əsgərlərimlə azad olunmuş torpaqların hamısına ayağımın dəyməyini istəyirəm. Xidməti dövründə birinci özü can atırdı tapşırıqlara. Onun taqımı həmişə birinci yerdə olub” - deyə şəhid dostunu yada salıb.

© Sputnik / Ilham Mustafa
Sübhan Allahverdiyev. Döyüş yoldaşı

Şəhidin atası Raqif Məmmədov deyir ki o oğlanlarının hələ kiçik yaşları olandan hərbçi olmalarını arzulayıb. Onları hərbi ruhda böyüdüb.

“Mən övladlarımı vətənpərvər böyütdüm. İki oğlum hərbçi oldu. Turan həmişə Vətənin azad olunmasından söhbət edirdi. Biz deyirdi onları ordan çıxarmalıyıq. Oktyabrın 7-si danışdıq. Torpaqlarımızın alınmasına sevinirdi. Elə həmin gün də şəhid oldu“ - şəhid atası deyib.

© Sputnik / Ilham Mustafa
Rafiq Məmmədov. Şəhidin atası

Şəhidlərin əziz xatirəsi onların döyüş meydanında göstərdiyi igidliklər heç zaman unudulmayacaq. Şəhidlərimizin, qazilərimin qəhrəmanlıqlarını Azərbaycanın müasir qəhrəmanlıq salnaməsinə çevriləcək.

454
Teqlər:
döyüş, Xocavənd, Ağstafa, Vətən müharibəsi, qəhrəman, şəhid
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Meşə yanğını, arxiv şəkli

Hirkanda yanğın: Azərbaycanın zəngin təbiəti məhv olmaqdadır

10
(Yenilənib 22:32 18.01.2021)
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

BAKI, 18 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.

Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb edilib.

10
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

72
(Yenilənib 22:27 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1.4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə. Amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzuolunan nəticə əldə edilməyib:

"Hal-hazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhdəçilik götürür. Azərbaycan da baza ili kimi 1990-cı ili seçərək 2030-cu ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir. Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləri aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirlər görülməlidir.

V.Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn, illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır. Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəymə adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən temperaturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu, uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiya dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə vitaminlərlə zəngin qidalara - meyvə-tərəvəzə üstünlük verin. Məsələn, qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən soyuqlama daha tez baş verir.

72
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0