Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Kiçik şəhərciyə sığınan Şuşa - Buranın qalası var, xarı-bülbülü

238
(Yenilənib 15:57 05.12.2020)
"Şuşanın işğaldan azad edilməsi ordumuzun qüdrətini, döyüş əzmini göstərdi. Əlbəyaxa döyüşdə də Ermənistan ordusunun kürəyini yerə vurduq. Şuşa döyüşü tarixlərə salınmalı bir döyüşdür. Şuşanın belə alınacağını ağlıma gətirə bilmirdim"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu Şuşanın nə alınmaz qalası var, nə də sıldırım qayası. Nə xarı-bülbülü var, nə də İsa bulağı... Yola şuşalılarla görüşə getmək adı ilə çıxsaq da, düz yollar bizi Bakının Yeni Ramana ərazisində salınan Şuşa şəhərciyinə gətirib çıxardır. Təskinlik verən məqam isə Şuşanın artıq azad olması və olduğumuz yerin telefonumuzda Şuşa-Malıbəyli kimi göstərilməsidir. 28 il əvvəl Azərbaycanın ən dilbər guşəsi, Qarabağın incisi olan Şuşanı tərk edərək Bakıda Şuşanın adını daşıyan kiçik bir qəsəbədə yaşamaq, bəlkə də şuşalıların ağıllarına belə gəlməzdi. Amma illərdir ki, şuşalılar paytaxtda salınan Şuşa şəhərciyinə sığınıblar. Şuşanın işğaldan azad edilməsi ilə xarı-bülbülün ətrinə həsrət qalan şuşalıları indi bu şəhərcikdə tutub saxlayan Şuşaya qovuşmağa qısa bir müddətin qalmasıdır. Sputnik Azərbaycan Bakıdakı Şuşa şəhərciyindən reportajı təqdim edir...

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Şuşa mədəniyyətin beşiyidir, deyirlər. Şuşa camaatının mədəni davranışı, istiqanlılığının burada da şahidi oluruq. Əvvəlcə şəhərcikdə uşaqlarla söhbətləşirik. Məktəblərdə dərslər onlayn keçirilsə də, Şuşanın Malıbəyli kənd orta məktəbi şəhərciyin mərkəzində yerləşdiyindən məktəblilərin dostları ilə görüş yeri elə bu məktəbin qarşısıdır. Malıbəyli kənd sakini Rəsulov İlkin Sputnik Azərbaycan-a müsahibəsində kənd orta məktəbinin 9-cu sinifdə oxuduğunu, 15 yaşı olduğunu söyləyir. Deyir ki, Şuşanı görməsə də təhsilini Şuşada başa vurmaq istəyir: "Mənim arzumdur ki, attestatıma Şuşa Malıbəyli məktəbinin məzunu yazılsın. Dərslərimi çox yaxşı oxuyuram. İstəyirəm ki, Şuşada, Malıbəyli kəndində məktəbi əla qiymətlərlə başa vurum".

  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Şuşa barəsində ancaq valideynlərindən eşidən İlkin Malıbəyli kənd məktəbinin tezliklə Şuşada fəaliyyət göstərməsini arzulayır: "Mən istəyirəm ki, ömrümün qalan hissəsini, yetkinlik dövrümü Şuşada keçirim. Tez-tez kəndimizin şəkillərinə, Şuşaya baxırdım. Deyirdim ki, kaş biz öz evimizdə yaşayaq. Atamın oxuduğu məktəbdə mən də oxuyum. Dayım şəhid olub. İstəyirəm, bütün şəhidlərimiz kimi onun da ruhu şad olsun".

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Əmiraslanov Rövşən isə Şuşanın Quşçular kənd sakinidir. 27 yaşında Şuşanı tərk edən Rövşən həm də döyüşçü olub. 1-ci Qarabağ müharibəsində aldığı xəsarətdən ikinci qrup əlil olan həmsöhbətimizin ürəyi Şuşa ilə döyünür. 2-ci Qarabağ müharibəsində könüllü orduya yazılsa da, əlilliyi olduğu üçün onu aparmayıblar. Şuşanın azad olunmasını yenidən şuşalıların doğuluşu günü adlandıran keçmiş döyüşçü Şuşa uğrunda döyüşlərdə iştirak edə bilməməsi ilə təəssüflənir: "Kaş məni heç olmasa o yerlərə bələd olan döyüşçü kimi aparaydılar. Şuşanın işğaldan azad edilməsi ordumuzun qüdrətini, döyüş əzmini göstərdi. Əlbəyaxa döyüşdə də Ermənistan ordusunun kürəyini yerə vurduq. Şuşa döyüşü tarixlərə salınmalı bir döyüşdür. Oraya göndərilən cəngavərlər Şuşanı topsuz, tanksız azad etdilər. O vaxt vuruşanda belə müasir silahlar yox idi. Şuşanın belə alınacağını ağlıma gətirə bilmirdim".

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Həmsöhbətimiz deyir ki, indi arzusu tezliklə bu şəhərciyi tərk edib Şuşaya yollanmaqdır: "Öz doğulduğum evimizə getmək istəyirəm. Mən Şuşanı, kəndimizi koluna, daşına qədər tanıyıram. 13 ildir ki, Şuşanın adını daşıyan şəhərcikdə yaşamaq çox ağır idi. Nəvələrim deyirlər ki, baba, niyə burada qalırıq, gedək Şuşaya".

Şuşa rayon Malıbəyli kəndinin daha bir sakini Aygün isə deyir ki, Şuşadan məcburi köçkün düşəndə 15 yaşı varmış: "Ermənilər bir ildən çox idi ki, kəndimizi atəşə tuturdular. 1991-ci ildən bizi atəş altında saxlayırdılar. Kəndimiz 1992-ci ildən mühasirədə saxlanılırdı. Özünümüdafiə batalyonu sayəsində biz kənddə qala bilirdik. Amma mühasirədə olduğumuzdan insanlar qanaxmadan ölürdülər. Yaralıları çıxarda bilmirdik. Bircə ümidimiz vertolyot idi, onu da vurandan sonra kəndimizdə yaralıları çıxartmaq mümkün olmadı. Şükür Allahın bu gününə ki, biz əsir qalmış torpaqlarımızı azad etdik. Bu xəbəri eşidəndə bütün vücudumuz əsdi. Kəndimiz, sözsüz ki, bizim qoyub gəldiyimiz kimi qalmayıb. Amma Malıbəyli bizim xəyalımızda qoyub gəldiyimiz kimi canlanır. Biz ilk gedəndə oradakı şəhidlərimizi ziyarət edəcəyik. Şuşanın adını daşıyan şəhərcikdə yaşamaq hər cür şəraitə rəğmən çox ağırdır. Hər dəfə Şuşa şəhərciyi deyəndə gözümün qabağına əsir qalmış Şuşa gəlirdi. Utanırdım bu sözü deməyə. Amma artıq biz doğma yurdumuz olan Şuşaya qayıdacağıq. O günə az qalıb" ...

238
Teqlər:
reportaj, şəhərcik, Ramana, Şuşa
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

14
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

14
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19