Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

135
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

135
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0