Distant təhsil, arxiv şəkli

Təhsil nazirinin bəhanəsi - Uşaqlar var, şərait yoxdur

240
(Yenilənib 13:55 04.12.2020)
Ekspert:  "Təhsil nazirliyi bəhanə etməkdənsə, kompüter alınması üçün tender elan etməlidir" "Təhsil nazirliyi bəhanə etməkdənsə, kompüter alınması üçün tender elan etməlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Ölkəmizdə koronavirus pandemiyasına görə təhsil distant həyata keçirilsə də, məlumdur ki, müəllim və şagird kontingetinin xeyli hissəsi müvafiq avadanlıq olmadığından onlayn təhsilə qoşula bilmir. Təhsil naziri Emin Əmrullayev də öz çıxışında ölkədə distant təhsillə bağlı ciddi problemlərin olduğunu açıqlayıb. O bildirib ki, ilk gündən kompüter və internet probleminin olacağı məlum idi. Bu səbəbdən də teledərslər layihəsini seçiblər: "Zaman alsa da, teledərslər daha əlçatandır və orada ən bacarıqlı müəllimlər dərs deyir. Problem interaktivlə bağlıdır, yəni şagirdlər suallarını rahat verə bilmirlər. Böyük şəhərlərdə təxminən 74-75% təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir".

E.Əmrullayev xatırladıb ki, ölkədə 1 milyon 500 min şagird var və onların hamısını qadcetlərlə təchiz etmək mümkün deyil: "Etiraf edək ki, Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq, əksinə, bizim daha ciddi problemlərimiz olacaq. Odur ki düzgün strategiya seçmək üçün ictimai müzakirəyə açıq olmalıyıq".

Sputnik Azərbaycan ölkəmizdə təhsilalanların və təhsilverənlərin onlayn təhsilə əlçatanlığını təmin etməyin yollarını araşdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə təhsilverənlərin və təhsilalanların onlayn təhsilə əlçatanlığı nazirin dediyindən də aşağı həddədir:

"Hazırda ölkəmizdə 1 milyon 500 min şagird var. Amma nazir qeyd edir ki, Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Bakı şəhərində 440 min, Sumqayıt şəhərində 58 min, Abşeron rayonunda 45 min şagird təhsil alır ki, bu da üç ərazidə cəmi yarım milyondan çox, təxminən 543 min şagirdin təhsil alması deməkdir. Onlarla ümumilikdə 40 minə yaxın müəllimin çalışdığını nəzərə alsaq, bu 600 min şəxsin aktiv tədris prosesinin iştirakçıları olduğu deməkdir. Nazir deyir ki, onların 75 faizi onlayn dərslərə qoşulub. Bu isə 450 min alət (kompüter, planşet, telefon) deməkdir. Onu qeyd edim ki, elektron portaldan qeydiyyatdan keçmə onlayn təhsildən istifadə etmək demək deyil. İkincisi, hər il orta məktəblərə təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd noutbuk verilir ki, bu da 100 mindən çox internetə çıxış aləti deməkdir. Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter var idi, sonradan bu rəqəm daha da az oldu. Hazırda məktəblərdə dərs olmadığı üçün bu alətlərin aztəminatlı ailələrdən olan şagirlərə verilməsi daha məqsədəuyğun olardı".

K.Əsədov bildirir ki, rəsmi məlumata görə, məktəblərdə 83 min kompüter var:

"Sevindirici haldır ki, bu gün respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Yəni orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Amma bunlar təkcə kompüterlərdir. Axı 40 minə qədər də noutbuk Təhsil Nazirliyi tərəfindən məktəblərə verilib. Hələ bura bir neçə xarici ölkə tərəfindən hədiyyə edilənləri demirəm. Misal üçün, Yaponiya, Koreya, Çin hökumətləri tərəfindən məktəblərə bir neçə dəfə noutbuklar hədiyyə edilib. Bu hesabla onlayn təhsildən kənar qalan şagirdləri kompüterlə təmin etmək olardı. Nazir qeyd edib ki, "1 şagird, 1 kompüter" sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər. Mən bu fikri doğru hesab etmirəm. Misal üçün, bu sistemi tətbiq edən ölkələrdən biri Banqladeşdir. Bu ölkənin təhsil reytinqi bizdən dəfələrlə yuxarıdadır. Nazirin yanaşması ilə məsələyə baxsaq, onda Sinqapur dərsliklərindən istifadə etmək ümumiyyətlə yanlışdır. Çünki onların təhsil sistemi və dərs metodu olduqca sərtdir ki, bunun da nəticəsində dünyada ən çox intihar edən şagirdlər bu ölkənin payına düşür".

Ekspert hesab edir ki, vəziyyətdən bir çıxış yolu məktəblərə verilən kompüterlərin şagirdlərə verilməsidirsə, digər çıxış yolu nazirliyin kompüter alınması üçün tender elan etməsi, bunun üçün büdcədən əlavə vəsait üçün müraciət etməsidir.

İKT üzrə tanınmış ekspert Osman Gündüz isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsilalanların onlayn təhsilə qoşulmasını təmin etmək üçün imkanlar var:

"Bunun üçün imkanlar məhdud deyil. Birinci imkan təhsil müəssisələrindəki kompüterləri təhsilalanlara verməkdir. 2005-ci ildən bu tərəfə məktəblərə 100 minlərlə kompüter verilib. Mən xatırlayıram ki, təkcə bir səfirliyin xətti ilə məktəblərə 20 min ədəd noutbuk verilmişdi. Başqa ölkələrdə də distant təhsil müddətində dediyim təcrübədən istifadə edilib. Xüsusilə müəllimlərin əksəriyyəti məktəblər tərəfindən kompüterlə təmin edilib. Qazaxıstan büdcədən kompüterlərin alınması üçün milyonlarla manat vəsait ayırdı. Nəzərə almaq lazımdır ki, valideynlərin hamısının 1000-1500 manat pul verib kompüter almaq imkanı yoxdur. Ona görə də, Təhsil Nazirliyi bu problemin yaranmaması üçün öncə hökumətə müraciət etməli idi. Əsaslandırmalı idi ki, nə qədər sayda təhsilalanın kompüterə, qadcetlərə ehtiyacı var. Qeyd edim ki, Təhsil Nazirliyi bununla bağlı sorğu keçirmişdi. Nazirlikdə bununla bağlı dolğun informasiya var ki, nə qədər şagirdin kompüteri var, internetə çıxışı var, eləcə də nə qədər şagirdin kompüter almaq imkanı var. Nazirlik çox təəssüf ki, sorğunun nəticəsini açıqlamadı. Halbuki bu rəqəmlərə istinad edərək Təhsil Nazirliyi hökumətdən əlavə vəsait istəməli idi. Koronavirus pandemiyası fors-major halı olduğundan mart ayından etibarən bu istiqamətdə tədbir görməli idi".

O.Gündüzün sözlərinə görə, üçüncü məsələ isə internetə çıxışla bağlıdır: "Bu gün Təhsil Nazirliyinin şagirdlərin internetə çıxışını təmin etmək üçün Rabitə və Yüksək Texnoogiyalar Nazirliyi ilə birgə gördüyü işləri qənaətbəxş saymaq olmaz. Başqa ölkələrin təcrübəsinə baxsaq müəllim və şagirdlər üçün internetə çıxışda güzəştlər tətbiq edilib. Onlar pulsuz internetlə təmin edilib. Onlara modemlər verilib, hətta mobil internet də ayrılıb. Regionlarda internetə əlçatanlıq çox aşağıdır. Bunun isə günahı Təhsil Nazirliyində deyil. Məhz regionların internetləşdirilməsi, keyfiyyətli internetin verilişi üçün dövlət proqramı olmalıdır. Əgər biz gözləsək ki, addım-addım hansısa provayder ev-ev internet çəkəcək, yaxud da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hansısa layihə çərçivəsində fiber-optik internet çəkəcək, regionların keyfiyyətli internetə çıxışı üçün 50-60 il lazımdır. Dövlət Neft Fondu hardasa 5-6 il əvvəl bunun üçün yarım milyard vəsait ayırmağı nəzərdə tuturdu. Həmin pulun xərclənməsi ilə bağlı şəffaflığın olmaması məsələsindən bu vəsaitin ayrılması da təxirə düşdü".

O.Gündüz bildirir ki, bu gün də hökumət ehtiyac olan sayda kompüterin yığılması üçün ölkədə kompüter istehsal edən müəssisənin imkanından istifadə edə bilər:

"Vaxtilə Azərbaycanda kompüter istehsal edən "Kür" müəssisəsi var idi. Sonradan o müəssisə iflasa uğradı. Bu gün Mingəçevirdəki həmin müəssisədə "Acer" kompüterlərinin yığımı həyata keçirir. Onlar məhdud şərtlərlə işləyirlər. Hökumət həmin müəssisəyə sifariş verib ehtiyac olan sayda kompüter yığdıra bilər".

O ki qaldı Azərbaycanda lazım olan qədər sayda kompüterin satılıb-satılmamasına, iri şirkətlər nazirin fikrinin əksini söyləyirlər.

"Kontakt Home"un İctimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova isə Sputnik Azərbaycanda kompüter satışında heç bir məhdudiyyət olmadığını bildirib. Onun sözlərinə görə, əgər sifariş verilərsə, istənilən sayda ölkəyə kompüter alıb gətirə bilərlər: "Bizdə tələb əsasında bazarda kifayət qədər sayda kompüter var. Əgər tələb yüksək olarsa, daha çox alıb satışını təşkil edə bilərik".

Xarici KİV-lərin isə yaydığı məlumatlara görə, koronavirus pandemiyası səbəbindən məsafədən təhsil və iş kompüterlərə tələbatı artırıb. Bu da bazarda tələblə təklif arasında disbalans yaradıb. Kompüter istehsal edən müəssisələr tələb olunan sayda kompüter istehsal edib çatdıra bilmirlər.

240
Teqlər:
Kamran Əsədov, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Osman Gündüz, Emin Əmrullayev, distant, Distant Təhsil Sistemi, Azərbaycanın təhsil naziri, təhsil naziri
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

12
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

12

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0