Azərbaycan bayrağı, arxiv şəkli

Vətən uğrunda canlarını əsirgəməyənlərə dövlət verir? Məsələ tək pulda deyil...

484
(Yenilənib 10:11 04.12.2020)
"Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir" - millət vəkili

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Torpaqlarımızın bütövlüyü uğrunda başlanan Vətən müharibəsində yaralanaraq qazi olan əsgər və zabitlərimizin sosial təminatı son günlər geniş müzakirə mövzusuna çevrilib. Ən çox müzakirə olunan məsələ isə qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanların sosial təminatı ilə bağlı yaydığı məlumatdan sonra bu məbləğ müxtəlif rəqəmlərlə göstərilir. Hətta qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğinin real yaşayış minimumundan dəfələrlə az olduğu geniş qınaq obyektinə çevrilib. Digər yaranmış narazılıq isə öz sağlamlığını Vətən yolunda itirmiş qazilərimizə dövlət tərəfindən ödənilən müavinətin məbləğinin fərqli olmasıdır. 

Sputnik Azərbaycan Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə, eləcə də şəhid ailələrinə ödənilən müavinətlərin məbləğini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir. Nazirlik sözçüsü bildirir ki, onlar digər sosial ödənişlərlə - pensiya, müavinət və sosial proqramlarla da əhatə olunurlar. F.Talıblı deyir ki, bu gün Azərbaycanda şəhidin vərəsələrinə 11 min manat sığorta ödənişi verilir: “Müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat təşkil edir. Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da orta məbləğ 400 manatdır. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Bundan əlavə, onlara 210-300 manat prezidentin aylıq təqaüdü verilir. Bütün bunlarla yanaşı, haqqında danışdığımız kateqoriya üçün bir sıra güzəştlər də tətbiq edilir. Məsələn, şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib”.

F.Talıblı bildirir ki, şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub:

“Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

Bəs görəsən, qazilərimizə verilən müavinətlərin məbləği ilə bağlı yaranmış narazılıq nədən qaynaqlanır?

“Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Qarabağ müharibəsi əlillərinə ödənilən müavinətlərin azlığı və fərqli olması barədə səslənən fikirlərdə həqiqət payı var. Həmsöhbətimiz deyir ki, bu gün Qarabağ qazilərinin heç də hamısı yüksək məbləğdə təqaüd almır: “Nazirliyin dünən açıqladığı rəqəmlər illərdir qazilərə ödənilən pensiya, müavinət və prezident təqaüdü ilə bağlıdır. Qarabağ əlillərinə pensiyalar müxtəlif cür hesablandığından birmənalı şəkildə demək olmaz ki, 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri bu məbləğdə pensiya alırlar. Çünki sovet dövründə xidmət keçən və Qarabağda müharibə başladıqda Azərbaycanda gəlib döyüşən Qarabağ əlillərinin pensiyası fərqli hesablanır. Sovet dövründə xidmət keçən Qarabağ əlillərinin müharibədə iştirakı ikinci xidmət sayıldığından, onlar müddətdən artıq hərbi qulluqçu hesab olunurlar. Məsələn, gizir 600 manat maaş alırsa, bu statusda olan 1-ci qrup Qarabağ əlili bu məbləğin 100 faizini, 2-ci qrup 80 faizini, 3-cü qrup isə 50 faizini alır.

İkinci hesablama isə  sovet dövründə yox, məhz Azərbaycan ordusunda xidmət keçmiş şəxslərlə bağlıdır. Azərbaycan ordusunda xidmət edərək müharibədə yaralanan qazilərin pensiyası 1-ci qrup 240, 2-ci qrup 200, 3-cü qrup 190 manata yaxındır. Bu sadaladığım şəxslər eyni zamanda prezident təqaüdü də alırlar.

3-cü kateqoriya isə 18-20 yaş arasında döyüşdə yaralanan və heç bir iş stajı olmayan şəxslərdir ki, onlara heç bir pensiya verilmir. Onlar ancaq müavinət alırlar. Onlara verilən müavinətin məbləği 1-ci qrupa 150, 2-ci qrupa 130, 3-cü qrupa 110 manatdır. Bunun üzərinə prezidentin aylıq təqaüdü də daxildir. 4-cü kateqoriya hərbçilərimizdir. Hansı ki, onların pensiyaları vəzifəyə görə aldıqları maaşa görə hesablanır. Tutaq ki, briqada komandiri 2000 manat maaş alırsa, onun 100, 80 və 50 faizi məbləğində pensiya alır. Onlar vətənin müdafiəsi zamanı yaralanıblarsa, bu zaman onlara prezident təqaüdü də ödənilir”.

R.Kərimoğlu müharibəyə könüllü qatılan və qazi olan şəxslərə ödənilən pensiya məbləğinə də aydınlıq gətirib. O, bildirir ki, Azərbaycanda könüllü anlayışı hərbi komissarlığa gedənə qədərdir: “Bu anlayış 1991-1992-ci ilə qədər idi. Onlar müddətdən artıq hərbi qulluqçu kimi təqaüd alacaqdır”. 

Bu gün qazilərimizə verilən pensiya məbləğinin fərqli olmasını isə qazi belə izah edir: “Bizim arzumuz odur ki, əlillik qrupundan asılı olaraq Qarabağ qaziləri minimum 2000 manat məbləğində pensiya alsınlar. Bu, yaşayış üçün normal məbləğ sayıla bilər. Qazi və şəhid ailələrinin bu ölkədə normal insan kimi yaşamaq haqqı var.

Şəhid ailələrinə gəlincə, R.Kərimoğlu qeyd edir ki, şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 300 manatdır: “Şəhid ailələrinə 300 manat prezident təqaüdü verilir. Üstəlik övladları 18 yaşına çatanadək müəyyən pensiya ödənilir. Bu məbləğ də aşağıdır. Biz hesab edirik ki, bu məbləğ də artırırlmalıdır”.

R.Kərimoğlu iddia edir ki, Azərbaycanda şəhid və qazilərin pensiyasını artırmaq üçün kifayət qədər resurslar var: “2001-ci ilə qədər qazilərimiz üçün əlavə dolanışıq imkanları yaradılırdı. Onlara ticarət köşkləri verilirdi ki, oradan gələn gəlirlə ailələrini dolandırsınlar. İndi bütün bu imkanlar ancaq varlılar üçündür. Bizim bu gün ən ciddi problemimiz bu insanların qapılarda qalmasıdır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizim üçün qanunda nə nəzərdə tutulubsa onu yerinə yetirir. Amma bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı qanunlarda boşluqlar var. İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir. Bu gün gərək Milli Məclisin deputatları bu boşluqların aradan qaldırılması məsələsini qaldırsınlar. Amma təəssüf ki, parlamentdə 3-5 nəfər xalqını sevən vətənpərvər deputat var. Qalanları bu millətə yaddır. Onların heç birinin övladı bu gün Qarabağ qazilərinin yerində deyil, onlar kimi aşağı pensiya almır. Onların hansının balası gedib müharibədə iki ayağından olsa, onlar pula ehtiyacları olmasa belə, Milli Məclisi dağıdarlar. Biz dəfələrlə parlamentə bununla bağlı müraciət etmişik ki, müvafiq qanunlar qəbul olunsun.

Şəhid ailələri, Qarabağ qaziləri və veteranların problemlərinin həlli ilə məşğul olan dövlət qurumunun yaradılmasına çox ciddi ehtiyac var. Bizim qurum çalışır ki, bu kateqoriyadan olan şəxslərin problemlərinin həllinə dəstək olaq. Amma problemin həlli üçün bir dövlət qurumu yaradılmalıdır. Bu gün icra hakimiyyətləri və digər qurumlarda şəhid ailələrinin, qazilərin problemləri ilə bağlı müraciət edəndə ƏƏSMN-ə yönəldirlər. Amma nəzərə almaq lazımdır ki, bu nazirliyin sözügedən kateroriya ilə bağlı iş görmək üçün bir-iki səlahiyyəti var. Səhiyyə Nazirliyi ilə bağlı şəhid və qazinin problemini ƏƏSMN həll edə bilməz. Biz illərlə bu problemin içindəyik”.

Həmsöhbətimiz deyir ki, müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği də bü gün qonşu ölkələrlə müqayisədə aşağıdır: “Müharibədə qalib gəldiyimiz Ermənistanda müharibədə həlak olan şəxslərin ailələrinə ödənilən birdəfəlik sığorta haqqı 21 min ABŞ dollarıdır. Ukraynada 70 min ABŞ dolları, Türkiyədə bu məbləğ 700 min TL civarındadır. Rusiya və Ukraynada müharibə əlillərinə kommunal, nəqliyyat və səhiyyə güzəştləri var. Türkiyədə qazilərə 15 il hər ay pensiyadan əlavə dövlət tərəfindən ayrıca vəsait ödənilir”.

R. Kərimoğlu bu gün şəhid ailələri və müharibə əlilləri ilə bağlı problemlərin təkcə pensiyanın azlığı ilə bağlı olmadığını söyləyir: “Bu gün qazilərə avtomobillərin və mənzillərin verilməsində problemlər var. Məsələn, başından travma alan, bir gözü, bir əli olmayanlara avtomobil verilmir. NK-nın bu təlimatında ciddi qüsurlar var. Amma iki gözü olmayana avtomobil verilir ki, ailə üzvlərindən biri idarə edə bilər. Biz illərdir ki, bürokratik məmurların ucbatından bu qaydanı dəyişdirə bilmirik”.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

R.Kərimoğlu həmçinin bildirir ki, dövlət qulluğunda işə qəbulda şəhid, qazi ailələrinin nümayəndələrinə heç bir güzəşt edilmir: “Qazi balaları yaxşı təhsil alır, dövlət qulluğuna qəbul üçün imtahan verir, amma müsabiqədən kim rüşvət veribsə, kimin həmin qurumda qohumu, tanışı varsa, o keçir. Bu ədalətsizliklər mütləq şəkildə aradan qaldırılmalıdır”, - deyə R. Kərimoğlu bildirir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün qazilərə prezident təqaüdü verilir. Deputat deyir ki, hazırda əsas diqqət göstərilməli məsələ gənc yaşdan əlil olan insanların məşğulluğunun təmin olunması, onların özünüməşğulluq proqramlarında iştirakını təmin etməkdir: “Əlbəttə ki, gələcəkdə onlara ödənilən pensiya məbləği də artırılmalıdır. Əlavə pensiya və müavinət növü də fikirləşmək olar. Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir. Pensiyaların verilməsi büdcəyə bağlı məsələlərdir. Gələcəkdə bunlara mütləq baxılmalı, yeni məbləğlər müəyyənləşdirilməlidir. 

Bu, müzakirə mövzusu ola bilər və olmalıdır da. Ölkə üzrə orta aylıq əmək haqqı artdıqca bu pensiya və müavinətlərin də məbləği artacaq. Mən təklif etmişəm ki, şəhid ailələri üzvlərinə dövlət qulluğuna qəbulda güzəştlər olsun. Bu da çox vacib məqamdır”, - deyə deputat bildirir.
484
Teqlər:
məşğulluq, avtomobil, mənzil, pensiya, müavinət, Azərbaycan, Qarabağ, şəhid, qazi

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0