Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi

Ağcabədidə 14 min əhalinin istifadə etdiyi yolların yenidən qurulması bitmək üzrədir

11
(Yenilənib 15:56 27.11.2020)
Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri sonuncu mərhələ üzrə həyata keçirilir.

BAKI, 27 noyabr — Sputnik. Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin sevincinə səbəb olub.

© Azerbaijan Highway State Agency
Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi

Çünki Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.

Ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azərelmitətdiqatlayihə İnstitutu" MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlandı. Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yollarıdır.

Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri sonuncu mərhələ üzrə həyata keçirilir.

© Azerbaijan Highway State Agency
Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi

Bu işlər çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb.

Yollar boyu mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 1400 paqon-metr uzunluğunda `müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.

Hazırda "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla təqribən 250 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

© Azerbaijan Highway State Agency
Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi

Layihənin sonuncu mərhələsində yol boyu 4 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.

Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan 14 min vətəndaşımıza respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

11
Teqlər:
AAYDA, Ağcabədi, yol

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0