Bakıda köhnə avtobus, arxiv şəkli

Gözəl ağa çox gözəl idi, vurdu... - İctimai nəqliyyatmızın ağır günləri hələ qarşıdadır

98
(Yenilənib 17:42 27.11.2020)
Ekspert: "Dizellə işləyən avtobusların yığışdırılması sərnişindaşımada ciddi avtobus çatışmazlığına səbəb olacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərində sərnişindaşımada istismarda olan dizel yanacağı ilə işləyən avtobuslar xətlərdən kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib. Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

Sputnik Azərbaycan dizel yanacağı ilə işləyən avtobusların xətlərdən nə vaxt çıxardılacağını, bu boşluğun nə ilə dolduracağını araşdırıb.

Nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşunas Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dizellə işləyən avtobusların xətdən kənarlaşdırılacağı real görünmür. Ekspert bildirir ki, belə halda paytaxtda sərnişindaşımada ciddi avtobus çatışmazlığı yarana bilər: "2019-cu il 7 mart tarixində "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar verib. Həmin qərarın 2-ci bəndində "Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər" yer alıb. Qərarın 2.1.14. bəndində qeyd olunur ki, avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Qərarın son icra tarixində isə qeyd edilir ki, bu tələblərin 2.1.14-cü yarımbəndi 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Belə çıxır ki, paytaatda sərnişindaşımada istismar edilən dizel yanacağı ilə işləyən avtobuslar 2021-ci ilin yanvar ayının 1-dən etibarən xətlərdə istismardan tam uzaqlaşdırılacaq. Bu qərarın icrası həmin tarixədək real deyil. Düzdür, dünyanın əksər ölkələrində daxili yanma mühərriki dizellə işləyən avtobusları xətlərdən yığışdırırlar. Amma küllü məbləğdə vəsait tələb edir. Bu günədək dövlət vəsaiti hesabına 700 ədəd BakuBus avtobusları alınıb. Bu gün Bakıda istismarda olan 1400-dən çox avtobus dizellə işləyir. Xətdə olan 2200 avtobus Bakı və Bakıətrafının sərnişindaşıma tələblərini ödəmir. Dünyada sərnişindaşımada keyfiyyəti artırmaq üçün metro, trolleybus, tramvaydan istifadə olunur. Bakıda isə ancaq sərnişinlər Bakı metrosu və avtobuslarla daşınır. Metro isə məhduddur, 26 stansiyadan ibarətdir ki, bu da ancaq şəhəri əhatə edir, şəhərətrafında yoxdur. Yəni, bu gün 2200 avtobus sərnişindaşımada azlıq edir. Əhalinin ictimai nəqliyyatdan daha rahat istifadəsi üçün avtobusların sayı artırılmalıdır. Belə bir şəraitdə bu sərt tələbin icrası real deyil və avtobus çatışmazlığına gətirib çıxarar.

Bu gün sərnişindaşıma ilə həm dövlətə aid "BakuBus", həmçinin də özəl sektor məşğul olur. Özəl sektorun isə CNG ilə işləyən avtobusları almaq imkanı yoxdur. Çünki, CNG ilə işləyən avtobuslar dünyanın ən bahalı avtobuslarıdır. "BakuBus"a 700 avtobus Azərbaycan dövləti tərəfindən 5 il müddətində alınıb. Qısa vaxtda dizellə işləyən avtobusların dövlət hesabına alınmış CNG ilə işləyən avtobuslarla əvəzlənməsi inandırıcı deyil. Üstəlik işğaldan azad edilmiş ərazilərimizə iri həcmli investisiya tələb olunur. Belə bir vaxta dövlətin yüz milyonlarla vəsaiti sırf avtobusların alınması üçün xərcləməsi inandırıcı görsənmir. CNG ilə işləyən avtobusların birinin qiyməti 500 min manat, bir qədər ondan yuxarıdır. NK-nın həmin qərarı Bakı Nəqliyyat Agentliyinin təklifi ilə qəbul olunub. Bu qərar yəqin ki, bir qədər uzadılacaq. Bundan sonra isə elə bir dövr gəlir ki, artıq CNG ilə işləyən avtobuslar yox, elektrobuslar gündəmə gəlir. Amerika və Rusiyada artıq elektrobuslar dövriyyəyə buraxılır. Onlarda daxili yanma mühərriki yoxdur. Havaya ümumiyyətlə zəhərli qazlar buraxmırlar. Azərbaycanda isə hələlik dizel mühərrikli avtobusları istismara yararlı saxlamaq lazımdır. Həmin qərar qəbul olunduqdan sonra Vergi Məcəlləsinə də dəyişiklik edildi. Dəyişiklikdən sonra dizel mühərrikli avtobusların gətirilməsinə qoyulmuş rüsum artırırldı. Bu gün özəl daşıyıcıların GNG ilə işləyən avtobusları gətirmək imkanı yoxdur. Hətta mən belə deyərdim ki, rüsumları əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Dizellə işləyən, amma ekoloji cəhətdən ən son ekoloji tələblərə uyğun avtobuslar gətirilsin. Dövlət özəl şirkətlərə elektrobusların gətirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər görməlidir. Əks halda, dizellə işləyən avtobusların yığışdırılması sərnişindaşımada ciddi avtobus çatışmazlığına səbəb olacaq".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşımalarına cəlb olunan avtobuslarla bağlı Nazirlər Kabinetinin 4 mart 2019-cu tarixli 73 saylı qərarı ilə təsdiq olunan norma və standartlar var: "Həmin sənədə əsasən 2022-ci ilin 1 yanvar tarixindən sərnişindaşımalar üzrə CNG və Elektirik mühərrikli avtobuslar qəbul olunacaq. Həmin vaxtda xətdə olacaq dizel mühəttikli avtobuslar isə tədricən marşrut sistemindən kənarlaşdırılacaq. Bu gün Bakı şəhərində məlumat üçün bildirim ki, dizel mühərrikli avtobusların sayı təxminən 2 min ədədə yaxındır. Ötən dövrdə dövlət tərəfindən sərnişindaşımalar üzrə xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu çərçivədə şəhərimizə yeni və komfortlu avtobuslar gətirilərək istismara buraxılıb. Bu avtobusların hamısı məhz CNG mühərriklidir. Hazırda Bakı şəhərində müntəzəm sərnişindaşımalara cəlb olunan avtobusların 604 CNG yəni sıxılmış qaz mühərriklidir. Bu avtobusların 1 ədədi Xaliq Faiqoğlu şirkətinin istsmarında olan nəqliyyat vasitəsidir. 603-ü isə BakuBus MMC-yə aiddir. Lakin bu statistika dəyişilməkdədir. Çünki bilirsiz ki, daha 115 ədəd BMC markalı müasir və komfortlu avtobusların gətirilir şəhərimizə. Onlarında hamısı CNG mühərrikli avtobuslardır. Növbəti il üçün alınması nəzərdə tutulan avtobuslar da eyni qayadada CNG mühərrikli olacaqdır. Daşıyıcılara da bununla bağlı həm yazılı həm də şifahi məlumat verilib, tapşırılıb ki, yeni avtobuslar gətirilərkən mütləq həmin norma və starndarları o cümlədən CNG və elektirik mühərrikli olmasını nəzərə alsınlar".

M. Ağayev bildirib ki, paytaxt Bakının ekoloji tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir.

98
Teqlər:
Ərşad Hüseynov, BakuBus, BNA, Mais Ağayev, Bakı şəhəri, sərnişindaşıma, ictimai nəqliyyat, avtobuslar

Azərbaycanda sərt karantin rejimi yumşaldılır - SMS icazə ləğv olundu

29
(Yenilənib 10:43 16.01.2021)
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Amma yumşaldılmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan daxil olan məlumatda qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

© AR Ministry of Education /

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

29
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Xəstəxana

Bakı sakinlərinə zəhərlənmə ilə bağlı xəbərdarlıq

2
(Yenilənib 10:28 16.01.2021)
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

BAKI, 16 yanvar — Sputnik. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 20-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Sonuncu geniş dezinfeksiya tədbirləri zamanı paytaxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulmuşdu.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

2
Teqlər:
xəbərdarlıq, zəhərlənmə, dezinfeksiya, Bakı
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar