Məhkəmə hakiminin çəkici, arxiv şəkli

Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı

38
Bu kimi qanunsuz əməllərə yol verən şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb.

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Qeyd edilən məlumatlarla bağlı toplanan materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanmış, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu kimi qanunsuz əməllərə yol verən şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.

Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur.

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınıb.

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir.

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir".

38
Teqlər:
Baş Prokurorluq
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

7
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

7
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

10
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

10
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0