Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva

Ombudsmandan məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı müraciət

18
(Yenilənib 13:25 19.11.2020)
Azərbaycan Dağlıq Qarabağda yaşayan bütün şəxslərin insan hüquqlarına hörmət edir və heç kəsi zorla yerindən çıxarmayıb.

BAKI, 19 noyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın uzun illərdən bəri işğal altında olan ərazilərinin azad olunması və bir milyona yaxın məcburi köçkünün hüquqlarının bərpa edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət edib. Sputnik Azərbaycan-a qurumdan daxil olan müraciətdə deyilir: "Mən, Səbinə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsmanam. Bu, Azərbaycan üçün, eləcə də bütün region üçün tarixi bir andır. Ermənistan-Azərbaycan münaqişəsinə hər iki ölkənin imzaladığı bəyanatla son qoyulub. Bu bəyanat tarixi əhəmiyyət daşıyır. Bəyanat Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoydu və regionumuza çoxdandır gözlənilən sülh və sabitlik gətirdi.

Öz torpaqlarından zorla çıxarılaraq məcburi köçkünə çevrilmiş bir milyona yaxın insan artıq doğma yurduna qayıda biləcək. Biz şadıq ki, onların hüquqları təmin ediləcək.

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində əks-hücum əməliyyatı həyata keçirdi və beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqları azad etdi. Bir çox insan, o cümlədən mülki şəxslər həyatını itirdi. Təəssüf ki, bu hər hansı müharibədə qaçılmaz nəticədir və hərbi əməliyyat ən son tədbir kimi tətbiq edilməlidir.

Azərbaycan da 30 ilə yaxın müddət ərzində gözləyib ki, Ermənistan BMT tərəfindən qəbul olunmuş əlaqədar sənədləri icra etsin və məcburi köçkünlərin insan hüquqları bərpa olunsun. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə hər hansı bir addım atılmayıb. Həmin şəxslərin insan hüquqlarına və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə tamamilə etinasız yanaşılıb".

Müraciətdə bildirilib ki, beynəlxalq sənədlər kağız parçası olaraq qalmamalı, onlara hörmət edilməklə yerinə yetirilməlidir: "Beynəlxalq hüquq və beynəlxalq sənədlərə hörmətsizlik dünyanı yalnız xaosa sürükləyə bilər.

Biz bu müddət ərzində Azərbaycanın müxtəlif regionlarında həyatını itirən mülki şəxslərə görə çox təəssüf edirik. Onların döyüşlərlə hər hansı əlaqəsi yox idi və münaqişə zonasından uzaqda yaşayırdılar. Buna baxmayaraq, onlar öz evlərində ballistik raketlərlə hədəfə alındılar. Çox təəssüf ki, ölən və yaralanan mülki şəxslər arasında bir çox uşaq, qadın, ahıl insanlar da var. Mülki əhali döyüşlər zamanı hədəf seçilməməlidir. Bu, həm də beynəlxalq humanitar hüququn tələbidir.

Azərbaycan Dağlıq Qarabağda yaşayan bütün şəxslərin insan hüquqlarına hörmət edir və heç kəsi zorla yerindən çıxarmayıb.

Biz insan hüquqları və sülh naminə bütün müvafiq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və insan hüquqları təsisatları ilə əməkdaşlığımızı davam etdirəcəyik".

18
Teqlər:
Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan Silahlı Qüvvələri, məcburi köçkün, ombudsman
Mİngəçevirdə keçmiş turist bazasının ərazisi

Mingəçevir sakinləri təşvişdə: "İlanlar artıq ev heyvanına çevrilib" - FOTO

210
(Yenilənib 18:07 21.06.2021)
İlan zəhəri bəzi xəstəliklər üçün faydalı olsa da, ilan sancanın həyatda qalması üçün bəzən dəqiqələr belə çatmır. Mingəçevirdə Boz dağ adlanan ərazidə daha çox yayılan gürzənin zəhərindən istifadə mümkündür. Ancaq hələ ki, ondan qorunmaq lazım gəlir.

BAKI, 21 iyun — Sputnik. Mingəçevir şəhərində yerləşən keçmiş turist bazasında ilanlar sakinlər üçün qorxulu kabusa çevrilib.

Sputnik Azərbaycan xəbər verir ki, isti günlərdə ilanların sayı daha da artdığından onlar insanlara, ev quşlarına zərər yetirirlər. Turbazada Ağdam, Kəlbəcər, Laçın rayonundan olan sakinlər məskunlaşıblar.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə keçmiş turist bazasında məskunlaşan sakinlər

Ağdam sakini olan Valeh Məcnunov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində ilanların soyuducudan, divara asılan xalçanın arxasından çıxdığını deyib: “Düzünü desəm, ilanlar, demək olar ki, biz sakinlərin ev heyvanına çevrilib. Həyətdə, evin içində rahat sürünürlər. Həyat yoldaşım bir neçə gün öncə soyuducunu açanda gürzə ayağının üstünə düşüb. Çox qorxmuşdu, böyük oğlum özünü çatdırıb tez məhv etmişdi. Kiçik oğlum Muradı isə həyətdə gəzən zaman ayağından sancıb. Tez xəstəxanaya çatdırdıq, şükür, ciddi problem yaranmadı. Azyaşlı uşaqlara görə qorxuruq, onları sancsa, ağır fəsadları ola bilər. Bu zəhərli canlılara bir əncam çəksələr, yaxşı olar”.

© Sputnik / Rahim Mammadov
Laçın sakini Gözəl Teymurova

İlanlarla bərabər, əqrəb və digər zəhərli həşəratlar da turbazada təhlükə saçır. İlanlar insanlarla yanaşı, toyuq-cücəyə də zərər yetirir. Laçın sakini Gözəl Teymurova Sputnik Azərbaycan-a bildirib: “Otuz ildir burada məskunlaşmışıq, elə ilanlar da bizimlə bərabərdir. İsti günlərdə daha da artırlar. Qızım toyuq hinində də görüb, hətta qoluna dolanıb ona zərər yetirməyə az qalmış özümü çatdırıb bellə başını əzmişəm. Çox qorxuludur buralar".

Gözəl xanım tezliklə yurduna dönəcəyi və doğma torpağına qovuşmaq sevinci ilə yanaşı, sürünənlərdən də canını qurtaracağı günü gözləyir: "Çox sağ olsun şanlı ordumuz, möhtərəm prezidentimiz, torpaqlarımızı işğaldan azad etdilər. Tezliklə öz kəndimizə qayıdacağım günü gözləyirəm”.

Turbazada yaşayanlar bildirirlər ki, əvvəlki illərdə ərazi dizinfeksiya ediləndə həşəratlar, ilanlar nisbətən azalmışdı. Bu il isə burada dərmanlama işləri aparılmayıb. Mingəçevir Dezinfeksiya İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, onlar təsərrüfat hesablı idarə olduqlarına görə dərmanlama işləri üçün müqavilə bağlanmalıdır.

Eləcə də oxuyun:

210
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxma sayı azaldı

6
(Yenilənib 17:56 21.06.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı ilə bağlı son statistikanı açıqladı.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 959 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, bu günə qədər isə ümumilikdə 3 680 977 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. İyunun 20-də  1 nəfər koronavirusdan vəfat edib.

Vaksinasiyanın statistikası

Azərbaycanda bu gün 215 nəfər vaksinasiya olunub.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 989 673, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 949 646, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 040 027 nəfər təşkil edir.

 

 

 

 

6
Vergilər nazirliyi

Vergi ödəyicilərinin yeni qeydiyyat üsulunu öyrənmək istəyənlərin nəzərinə

0
(Yenilənib 18:58 21.06.2021)
Dövlət Vergi Xidməti 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərin sayı barədə məlumat yayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb.

BAKI, 21 iyun — Sputnik. 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.260.629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Sputnik Azərbaycan Dövlət Vergi Xidmətinin saytına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb. Bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı artıb

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9%) kommersiya qurumlarının hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7% artaraq 138.803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4% artaraq 15.793 vahid təşkil edib. Cari ilin 5 ayında 4.573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3%-i elektron qaydada, 16,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.

Bu ilin ötən dövrü ərzində ilkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 910 hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib ki, bu da ümumi qeydiyyatın 20%-i deməkdir. Yanvar-may aylarında qeydiyyatdan keçmiş 4.573 kommersiya qurumundan 4.214-ü yerli investisiyalı, 359-u isə xarici investisiyalı qurumlardır. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 56,1% artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,7% təşkil edib.

Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4.676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8% artıb. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8%-lik artım müşahidə edilir. Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1% azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6 faiz) müşahidə edilir.

2021-ci il iyunun 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,2%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyəti, 1,3%-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,6%-i kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,3% artıb, xüsusi çəkisi isə 59% olub. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artaraq 24.574 vahid təşkil edib.

Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib

2021-ci il iyunun 1-dək 16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10.787-nin fəaliyyəti aktivdir, 4.472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib. Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2%-i xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti və kooperativ, 2,6%-i isə digər təşkilati-hüquqi formalardadır. Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29%-i ticarət, 27%-i xidmət, 13,1%-i tikinti, 30,9%-i digər sahədə fəaliyyət göstərir.

Bu ilin may ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 35-i Türkiyə, 7-i İran, 6-sı Pakistan, 3-ü Rusiya investisiyalı hüquqi şəxslərdir.

2021-ci il iyunun 1-nə 285 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Aktiv vergi ödəyicilərinin sayı artır

Qeyd edək ki, 2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

Fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə,136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

Yeni qeydiyyat üsuluna maraq artır

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

0