Şəhid Arəstə Baxışovanın qızı Zəhra Məmmədli anasının şəklini göstərir

İkinci Qarabağ müharibəsinin şəhid xanımı - O, ön cəbhəyə könüllü yollanmışdı

93
(Yenilənib 20:26 16.11.2020)
Nəvələrinin hər gün anasını soruşduğunu deyən M.Baxışova hər gecə ən çətin suallara cavab verməli olduğunu bildirir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. İkinci Qarabağ müharibəsinin xanım şəhidi olduğundan, Arəstə Baxışovanın vaxtilə yaşadığı ünvan, keçmiş "Motodrom" adlanan ərazinin ən populyar məkanına çevrilib. Burada yaşayan hər bir sakin qəsəbənin xanım şəhidi ilə fəxr edir. Deyirlər ki, "Aslanın erkəyi, dişisi olmaz" məsəlini elə birbaşa Arəstə Baxışovaya aid etmək olar. Çünki, zərif cinsin nümayəndəsi olmasına baxmayaraq, Arəstə Baxışova hərbi tibb qulluqçusu olaraq cəbhə bölgəsinə könüllü yollanıb.

Sputnik Azərbaycan ölümü ilə dillərdə dastan olan Arəstə Baxışovanın ailəsindən reportajı təqdim edir.

© Sputnik / Zulfiyya Guluyeva
Şəhid Arəstə Baxışovanın qızı Zəhra Məmmədli ilə birgə fotoşəkli

Qapıda bizi Arəstə xanımın yadigarlarından biri, qız övladı Zəhra Məmmədli qarşılayır. Anası cəbhəyə gedəndən gözü yolda qalan Zəhra, artıq 8 gündür ki, daha anasının yolunu gözləmir. Övladından qalan yadigarlarını bağrına basan ş̧əhidin anası Məktubə Baxışova isə qızının əmanətlərinə sahib çıxdığını bildirir.

M.Baxışova ilə söhbət zamanı öyrənirik ki, qızı mərhum Arəstə Baxışova elə uşaqlıqdan qorxmaz olub: "Qorxu nədir bilmirdi mənim balam. İlanı əlində boğurdu. Müharibə başlayandan sonra işdən gəlib mənə dedi ki, "ana, mən cəbhəyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır. Etiraz edə bilmədim. Bilirdim ki, bunun mənası da yoxdur".

© Sputnik / Zulfiyya Guluyeva
Şəhid Arəstə Baxışovanın anası Məktubə Baxışova və qızı Zəhra Məmmədli

Məktubə ana bu gün tək təsəllisinin qızının şəhidlik məqamına yüksəlməsi olduğunu söyləyir: "Bu gün hamımıza təsəlli verən qızımın Vətən uğrunda şəhid olmasıdır. Oğlum zəng edib qızımın yaralı olduğunu söyləyəndə əlim-ayağım yerdən üzüldü. Oktyabrın 23-ü gecə ilə rayona getdik. Orada bizi qarşılayan hərbçi qızımın şəhid olduğunu söylədi".

Nəvələrinin hər gün anasını soruşduğunu deyən M.Baxışova hər gecə ən çətin suallara cavab verməli olduğunu bildirir: "Analarının dəfnində nəvələrim də iştirak etdilər. İstədik ki, onlar uşaq olsalar da analarının daha geri dönməyəcəyini anlasınlar. Amma yenə hər gecə analarını soruşurlar. O gün nağıl kitabı almışıq ki, axşamlar oxuyaq başları qarışsın. Nağıl bitən kimi analarını soruşurlar. Qızı "qəbirdən çıxart gətir anamı" deyir, oğlu "anamın səsini eşitmək istəyirəm" deyib ağlayır. Mən isə nə cavab verəcəyimi bilmirəm..."

© Sputnik / Zulfiyya Guluyeva
Şəhid Arəstə Baxışovanın qızı Zəhra Məmmədli

Qızının Vətəni çox sevdiyini söyləyən Məktubə ana elə bu peşəyə də onu sevgisinin sövq etdiyini söyləyir. Deyir ki, Arəstə hərbi hospitalda tibb işçisi kimi çalışırmış: "Mənə dedi ki, bu gün cəbhədə tibb bacısına ehtiyac var. Elə cəbhədə yaralı əsgərlərimizə yardım edərkən də şəhid oldu".

İndi 31 yaşlı Arəstədən Vətənə iki əmanət qalıb. 12 yaşlı oğlu Mərdan və 10 yaşlı Zəhra... Anasından ayrı qalmağın çox çətin olduğunu söyləyən Zəhra şəhid qızı olmağı ilə fəxr etdiyini söyləyir. Bildirir ki, anası üçün darıxsa da, onun Vətən üçün canından keçdiyini anlayır: "Anam bizi çox sevirdi. Biz hər gün işdən gələndə onun yolunu səbirsizliklə gözləyirdik. Anamın tək istəyi o idi ki, biz dərslərimizi yaxşı oxuyaq, nənəmizin sözündən çıxmayaq". Elə şəhid xanım oğlu ilə son telefon danışığında da bu sözləri söyləyib.

© Sputnik / Zulfiyya Guluyeva
Şəhid Arəstə Baxışovanın oğlu Mərdan Məmmədli

Mərdan Məmmədli deyir ki, anasına zəng etsə də, telefonu açmayıb. Sonra özü zəng edib: "Anama bir neçə dəfə zəng etdim cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, yəqin xəstələnib. Soruşdum ki, ana nə olub sənə? Dedi ki, yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bir də bacına yaxşı bax".

Bu balaca Mərdanın anası ilə son danışığı olub. Daha sonra anasının yaralı olduğu xəbərini alıblar. Anasının hərbçi papağını başından yerə qoymayan Mərdan gecə də bu papaqla yatır. Anasının ətrini onun əsgər mundirindən alan övladları qisas hissi ilə yaşayırlar. Mərdan böyüdükdə anası kimi hərbçi olacağını söyləyir.

© Sputnik / Zulfiyya Guluyeva
Şəhid Arəstə Baxışovanın yaşadığı ev

Məktubə ana isə bundan sonra olan-qalan ömrünü qızının yadigarlarına həsr edəcəyini bildirir: "Qızımın arzuları çox idi. Demək olar ki, hamısı yarımçıq qaldı. Məni Şuşaya aparmağa söz vermişdi. Mənə deyirdi ki, ən böyük arzusu bayrağımızı Şuşada dalğalanan görməkdir. Bu günü görə bilməsə də, Ordumuz bütün şəhidlərimizin qisasını alaraq bayrağımızı Şuşaya asdı".

93
Teqlər:
şəhid, Qarabağ müharibəsi, müharibə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8