CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Mərkəzi Nəbatət bağı - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəkər xəstəliyinin müalicəsində ən çox istifadə olunan bitki zəncirotudur. Təbabətdə çox zaman bu bitkini anlamırlar. Uzun müddət zəncirotu qəbul etməklə şəkər xəstəliyini sağaltmaq olur" - Yusif Zeynalov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Təbiətimiz o qədər zəngindir ki, onun havası, bitkisi, hətta palçığı da min bir dərdə dərman ola bilər. Çox vaxt biz onun zənginliyindən, ayağımız altında qalan bitkilərin faydasından xəbərsizik. İndi, demək olar ki, hər kəs xəstələnəndə həkimə müraciət edib müxtəlif dərman vasitələri ilə müalicə alır. Onlar arasında insan səhhəti üçün bir tərəfdən faydalı olsa da, digər tərəfdən zərər verən antibiotiklər də azlıq təşkil etmir. Ancaq səhhətimizi korlamadan da sağlamlığımıza qovuşmaq imkanımız var.

Bakının Mərkəzi Nəbatat Bağında min bir dərdin dərmanı olan bitkilər var. Uzun illər burada çalışan, bağın "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboratoriyasının müdiri, elmi işçi Yusif Zeynalov Sputnik Azərbaycan-a buradakı bitkilərin faydaları haqda danışıb.

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağının "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboratoriyasının müdiri, elmi işçi Yusif Zeynalov
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağının "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboratoriyasının müdiri, elmi işçi Yusif Zeynalov

Həmsöhbətimiz deyir ki, bağda  "Talış", "Qafqaz", "Dərman bitkiləri", "Soğanlı bitkilər", "Aralıq dənizi bitkiləri", "Orta Asiya bitkiləri" və bir sıra floralara aid sahələr var. Y.Zeynalov bağın yaranması, buraya gətirilən bitkilər haqda danışır: "1936-cı ildən fəaliyyət göstərən Mərkəzi Nəbatat Bağı bu gün bir çoxları üçün şəfa ocağına çevrilib. Bura öncələr mövsümlük buğda əkini üçün nəzərdə tutulan bir yer olub. Əvvəllər boş, quraq sahə olsa da, hazırda bu bağ Bakının oksigenlə zəngin, ən səfalı yerlərindən bəlkə də birincisi hesab edilə bilər. Burada dünyanın hər yerindən ağac, kol bitkisini görmək mümkündür".

Bağda qonşu Türkiyə və Rusiya ilə yanaşı, hətta Yaponiyadan, Afrikadan gətirilən bitkilər də var. Y.Zeynalov deyir ki, bu bitkilərin burada böyüdülməsi üçün uyğun şərait yaradılır: "Tropik və subtropik bitkilər istixanalarda əkilir. Onları çoxaltmaqla həm Abşeronun endoflorasını zənginləşdirmək, həm havasını təmizləmək, həm də hakim küləklərin qarşısını almaq mümkündür. Hazırda bağda 5 laboratoriya fəaliyyət göstərir. Bundan başqa, buraya Qafqazdan kənardan da müxtəlif dərman bitkiləri gətirilir, yetişdirilir, tədqiq edilir. Bu bitkilərin tərkibi, həmçinin müxtəlif xəstəliklərə yararlılığı öyrənilir".

Y.Zeynalovun sözlərinə görə, hazırda bağda 4 mindən çox bitki növü var. Lakin bu rəqəm vaxtilə daha da yüksək olub. Sonradan, müharibə illərində su qıtlığı, mütəxəssislərin sayının azlığı bir çox bitkilərin məhv olmasına səbəb olub.

Bağın özəyini təşkil edən isə dərman bitkiləridir. Dərman bitkilərinin xüsusi xidmət, qulluq tələb etdiyini deyən alimin sözlərinə görə, Azərbaycanda 5 mindən çox bitki növü var ki, onların da yarıdan çoxu, təxminən 3 minini dərman bitkiləri təşkil edir: "İnsan övladı var olandan özünü dərman bitkiləri ilə sağaldıb. Sonradan, ötən əsrin 60-cı illərində kimyanın inkişafı ilə dərman bitkilərinin tərkibi süni şəkildə alınmağa başlandı. Ucuz olduğundan hər kəs kimyəvi dərmanlara üstünlük verməyə başladı. Lakin onlardan fərqli olaraq bitki dərmanları zərərli deyil. Bu səbəbdən qiyməti də yüksəkdir. Məsələn, kimyəvi yolla əldə olunan aspirin 5 qəpikdirsə, təbii yolla əldə olunan aspirinin qiyməti 50 qəpikdir. Aspirindən söz düşmüşkən, onu qeyd edim ki, o ilk dəfə 1854-cü ildə tobulqadan əldə olunub. Sonradan öyrənilib ki, aspirin söyüddə daha çoxdur. Ümumiyyətlə, aspirin həm də soyuqdəymənin aradan qalxması, bədəndə qan dövranını tənzimləmək üçün istifadə olunub. Belə deyim, kimyəvi dərman olan aspirin mədə-bağırsağa ziyanlı olsa da, təbii yolla alınan dərman mədə-bağırsaq sisteminə ziyanlı deyil. Biz dərman bitkilərini əldə edərkən müəyyən zərərləri təhlükəsizləşdirmək üçün maddələr də alırıq".

Həmsöhbətimiz deyir ki, bəzən dərman bitkisi kimi tanınmayan bitkinin elə gözəl faydaları üzə çıxır ki, görürsən, digərlərindən daha çox üstünlüyə malikdir. Bu günədək bağda təxminən 120-dən çox dərman bitkisi yetişdirilib. Burada istər şəkər, istər sinir sistemi, istərsə də digər xəstəlikləri müalicə edəcək, ürək, qan-damar sisteminin fəaliyyətini yaxşılaşdıracaq müxtəlif bitki növləri var.

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağı

Xəstəliklərdən söz düşmüşkən, söhbət əsnasında öyrənirik ki, əslində müalicəsi olmadığı söylənilən onkoloji xəstəliklər, şəkər, zob, miqren kimi bir sıra dərdlərə də burada şəfa tapmaq olar: "Onkoloji xəstəliklərin müalicəsi üçün istifadə olunan bitkilərdən biri də qabalaqdır. Ona başqa cür "at bitrağı" da deyilir. Gicitkən də bu xəstəliyin müalicəsində çox faydalı hesab edilir. Amerikalı alimlərin son zamanlar apardıqları araşdırma nəticəsində bəlli olub ki, birillik yovşanlar da xərçəng müalicəsində müsbət təsirə malikdir. Bu bitkidən bizdə də var".

Yusif müəllim deyir ki, bəzən həkimlər səhvən belə xəstələrə kimyaterapiya təyin edirlər ki, bu zaman verilən kimyaterapiya xəstəliyə yaxın olan hüceyrələri daha da aktivləşdirir. Lakin bitkilər vasitəsilə bu xəstələrə şəfa vermək olur: "Əgər bədəndə yayılma varsa, bu zaman proses çətin ola bilər. Bu zaman biz sadəcə olaraq yayılmanın qarşısını ala, ömrü uzada bilirik. Yəni ən azından xəstəlik o adamda yox olmasa da, ömrü uzanır. Bir xəstə var idi, ona 1 ay vaxt qoymuşdular. Onu müalicə elədim, 7 il yaşadı. Bu gün miqren xəstəliyindən əziyyət çəkənlər var. Hələ də dünyada onun dərmanı yoxdur. Mən isə artıq 30 ildir ki, bu xəstəliyi müalicə edirəm. Müalicə elədiyim bir şəxs deməyib ki, bu xəstəlik onda geri qayıdıb. Türkiyədəki fəaliyyətim vaxtı orada yarım milyondan çox miqren xəstəsini müalicə etmişəm. Həkimlər deyirlər ki, bu xəstəliyin müalicəsi yoxdur".

Həmsöhbətimiz müxtəlif bitkiləri toplayaraq onlardan dərmanlar hazırlayır. Lakin miqren xəstəliyinin dərmanı haqda hələlik Y.Zeynalov heç bir açıqlama vermək istəmir, deyir ki, hələlik bu işə görə patent almayıb.

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağı

Miqren, onkoloji xəstəliklərlə yanaşı, bu gün dünyada əsas bəlalardan biri də endokrinoloji xəstəliklərdir. Müsahibimiz bu dərdlərə də çarə tapıb: "Şəkər xəstəliyinin müalicəsində ən çox istifadə olunan bitki zəncirotudur. Təbabətdə çox zaman bu bitkini anlamırlar. Uzun müddət zəncirotu qəbul etməklə şəkər xəstəliyini sağaltmaq olur. Öncə onu qeyd edim ki, şəkər xəstəliyi əksər hallarda sonradan qazanılır. Bu, mədəaltı vəzin funksiyasının pozulmasıdır. Zəncirotu isə mədəaltı vəzin fəaliyyətini yavaş-yavaş düzəldir".

"Bir gün Nəbatat bağının həyətində idim, gördüm, bir qadın oturub ağlayır. 85 yaşı vardı, sən demə, bu qadın özü də həkim imiş. Qadının oğlu şəkər xəstəliyindən əziyyət çəkirmiş. Ona yaxınlaşıb nə üçün ağladığını soruşanda dedi ki, 2-3 saatdır, bağı gəzir və ona qızılağac bitkisini göstərən olmayıb. Bağı gəzib onun üçün 2 torba bitkidən, yarpağından yığıb verdim. Sonra dedi ki, oğlum, gəl gedək sənin otağında oturaq. O mənə bu bitkinin hazırlanma üsulunu öyrətdi. Ona da bu üsulu bir alman həkim öyrədibmiş", - deyə həmsöhbətimiz başına gələn bir hadisəni nəql edir.

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağı

O daha sonra eyni üsulla hazırladığı bu dərmanı uğurla sınaqdan keçirib: "O vaxt bizim katibənin anası ağır şəkər xəstəsi idi. İnsulinsiz yaşaya bilmirdi. Qız mənə dedi ki, artıq anası ölüm ayağındadır. Bu dərmandan hazırlayıb verdim, bir neçə gün sonra artıq xəstənin vəziyyəti yaxşılaşdı, gözünü açdı. Dedim, hazırladığım dərman bitənədək müalicə kursunu davam etsinlər. Halbuki, həkim artıq demişdi ki, qadın öləcək. Çünki şəkərini aşağı salmaq olmurdu, insulin də kömək etmirdi. Beləcə, o xəstə 10 il insulinsiz, dərmansız yaşadı. Hazırladığım bu dərman elə idi ki, onu içdikdən 6 ay sonra bir də içmək lazım idi. Bundan sonra isə ildə bir dəfə həmin dərmanı içməlidir və bu zaman şəkər üçün digər dərmanları qəbul etməyə ehtiyac qalmır. Ümumiyyətlə, sizə deyim ki, orqanizmdə nə qədər xəstəlik varsa, ondan çox da müalicə üsulu var. Yəni təkcə bitkidən deyil, heyvandan da dərman əldə etmək mümkündür. Hətta adi palçıq, kristaldan da dərman alınır". 

Statistikaya baxsaq, bu il yanvarın 1-nə ölkə üzrə ümumi qalxanabənzər vəzi xəstəlikləri ilə dispanser qeydiyyatına 16 986 nəfər götürülüb. Dünyada isə 665 milyondan artıq insan yod çatışmazlığı və "zob" xəstəliyindən əziyyət çəkir. 1.5 milyon insan yod çatışmazlığı ilə qarşılaşmaq riskini yaşayır. Hər il qalxanabənzər vəzi xəstəliklərinin sayı 5% artır. Lakin sağalması mümkünsüz hesab edilən bu xəstəliyin Azərbaycanda müalicəsi var. Y.Zeynalov bu işi bilən mütəxəssis olaraq ya 1, ya da 2 kursla zobu birdəfəlik sağalda bilir. 

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağı

"Azərbaycanda müalicəvi vulkanlar çoxdur. Lakin çox adam gedib palçığa girmək istəmir. Bu palçıqların orqanizmdəki müxtəlif xəstəliklərin, o cümlədən müxtəlif oynaq xəstəlikləri, xüsusən də yel xəstəliklərinin müalicəsində təsiri böyükdür", - deyə həmsöhbətimiz əlavə edir.

Y.Zeynalov deyir ki, immuniteti gücləndirmək üçün dərmansız meyvə-tərəvəz, göyərti, səbzə yemək lazımdır. İnfeksion xəstəliklərdən söz salan laboratoriya müdirinin sözlərinə görə, bu gün Azərbaycanda da yayılan Hepatit B-nin müalicəsi üçün aloe çox faydalıdır: "Onu xüsusi üsulla hazırlamaq lazımdır. Aloe həm immuniteti gücləndirir, həm mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Bir kilo aloenin şirəsini çıxarıb onu bir kilo təmiz balla qarışdırmaq lazımdır. Bir neçə gün soyuducuda saxlayıb, səhər, günorta, axşam bir xörək qaşığı yeməklə həm orqanizm, həm immunitet güclənir".

Bağı gəzərək buradakı nadir bitkilərlə də tanış oluruq: "Vaxtilə olan, sonradan yayılma əraziləri kiçilmiş bitkilər nadir adlanır. Bir də var endemik bitkilər, onlar nəsli kəsilməkdə olan bitkilərdir. Məsələn, buradakı Eldar şamı da nəsli kəsilməkdə olan bitkilər sırasına daxildir. Bu bitki təbiətdə təkcə "Eldar Oyuğu" adlanan yerdə, Mingəçevirə bitişik ərazidə, 50 hektarlıq sahədə qalıb. Burada isə bu bitkilərə ikinci həyat verilib. Alimlər bu bitkiləri öyrənməklə onları çoxaltmağa başladılar. Demək olar ki, bu gün dünyanın müxtəlif botanika bağlarına bu bitkilər verilib, orada çoxaldılıb. Qeyd edim ki, hazırda təbiətimizdə 300-ə yaxın nadir bitki növü var. Onların içində toxumlu, toxumsuz, ibtidai bitkilər, şibyələr, mamırlar da var. Ekologiyanın dəyişməsi, insan və yem faktoru olaraq bu bitkilərin arealları kiçilib".

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağı

Hazırda bağda 70-dən çox növdə yalnız ağac-kol bitkiləri var. Burada təkcə Azərbaycanın deyil, eyni zamanda Qafqazın, Türkiyənin, Avropanın da nadir bitkiləri toplanıb. Digər bitkilərlə müqayisədə burada ot bitkilərinin sayı daha çoxdur. Orta Asiyadan tutmuş Avropanın qərbinədək olan ölkələrdən toplanmış ot bitkiləri bağda cəmlənib: “150-yə yaxın belə bitki növləri var. Hazırda bağımızda təxminən 280 növdə nadir və nəsli kəsilməkdə olan bitki var. Afrikadan isə tropik bitkilər gətirilib, onları açıq havada yetişdirmək olmur. Kaktuslar istisna olmaqla digər bitkilər istixanalarda yetişdirilir, orada qorunur. Biz bu bitkilərin burada yaşaması üçün lazım olan mühiti, nəmliyi yaradırıq".

Təkcə Afrika deyil, Amerikanın tropiklərindən də gətirilən bitkilər buradakı istixanalarda yetişdirilir. İl ərzində isə buraya təxminən 100-200 bitki gətirilir. Lakin onların hamısını burada yaşatmaq, uyğun şərait yaratmaq çətin olur.

Özünü təbib hesab etməyən həmsöhbətimiz deyir ki, bioloq, eyni zamanda da insan, heyvan fizioloqudur. O, 70-ci illərdə məşhur fizioloq Paulonun adını daşıyan Mərkəzi Tibb institutunda bir neçə ay diplomla əlaqədar olaraq təcrübədə olub. Ümumiyyətlə, uşaqlıqdan insan orqanizmini öyrənməkdə maraqlı olduğunu deyən mütəxəssis deyir ki, insan orqanizmini bilirsənsə, onu müalicə etmək çox asandır.

© Sputnik / Nigar IskanderovaMərkəzi Nəbatət bağı
Bakının bir əsrə yaxın yaşı olan bağı - Burada min bir dərdin dərmanı gizlənib - Sputnik Azərbaycan
Mərkəzi Nəbatət bağı

O, bizdən giley-güzarını da gizlətmir: "Yanıma gələn loğmanlar arasında bitkiləri tanımayanlar da var. Loğmanların əsas səhvi də budur ki, onlar bitkiləri tanımırlar. Düzdür, kitabdan lazım olan hər şeyi oxuyurlar. Ancaq bitkiyə çatanda onları anlamırlar".

Y.Zeynalovun bir başqa gileyi isə bu gün tibb təhsili alan tələbələrlə bağlıdır: "Biz tələbə ikən harasa ekspedisiyaya gedəndə çantalarımız dolu qayıdardıq. 5-10, 50 bitki növü ilə geri qayıtmağı həzm edə bilməzdik. Olurdu ki, səfərdən 500-dək bitki növü ilə qayıdırdıq. Lakin indi, elə bil, tələbələrdə də məsuliyyət azalıb. Baxırsan ki, 1-2 növ bitki ilə ekspedisiyadan geri qayıdıb. Onlar da çox vaxt yolun kənarından yığılan bitkilər olur. Halbuki, nələrisə kəşf etmək üçün təbiətin qoynuna girmək lazımdır. Bitkini bilməsən, tanımasan, onu toplayıb gətirib ya bilən birindən haqqında məlumatlar toplamalısan, ya da flora haqda olan kitabları qabağına qoyub onları təyin etməlisən".

Xəbər lenti
0