Marketdə reyd, arxiv şəkli

Bakıda birgə reydlərə başlandı

21
(Yenilənib 10:25 30.10.2020)
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur

BAKI, 30 oktyabr — Sputnik. Son günlər COVID-19-a yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir.

İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata bildirilir ki, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir, ilk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır. Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur. Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.

21
Nizami Paşayev

Ağlayaraq muğam oxuyan o balaca oğlan: Cefri filmin üçüncü hissəsini yəqin Füzulidə çəkər

29
(Yenilənib 02:35 24.11.2020)
Nizami Paşayev deyir ki, aradan uzun illərin keçməsinə baxmayaraq, əgər evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib onu rahatlıqla tapa bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. "İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir", - oxuyaraq göz yaşlarını saxlaya bilmir. 20 il əvvəl 13 yaşlı Nizaminin ifası nəinki bütün İmişlini, hətta Azərbaycan muğamının əcnəbi tədqiqatçısı Cefri Verboku da heyran qoymuşdu.

C.Verbok Nizaminin ifasını bəyənir və onun haqqında film çəkməyə qərar verir. Yenidən Azərbaycana gələrək onu axtarmağa başlayır.

"İlk video İmişli rayonunun Bayramtəpə qəsəbəsində, bizim məskunlaşdığımız qaçqın düşərgəsində çəkilib. O zaman mənim 14 yaşım var idi", - deyə Sputnik Azərbaycan-ın qonağı olan Nizami Paşayev bildirir.

Nizami Paşayev əslən Füzuli rayonunun Zərgər kəndindəndir. Rayonlarından köçkün düşdüyü günü bu gün kimi xatırlayır. Deyir, hamı bacardığı qədər əşyasını götürüb, çıxmağa çalışırdı. Bu zaman onların da ailəsi rayondan çıxır.

© Sputnik / Irade JELIL
Nizami Paşayev
"Füzulidə yaşayanda özümü ən xoşbəxt uşaq hesab edə bilərdim. Böyük problemlərimiz yox idi. Müharibə başlayandan sonra çətinliklərimiz başladı. Evimizin arxasındakı təpədə "ocaq" adlandırılan bir yer var idi. Erməni atmağa başlayanda ailəliklə ora yığılır, atəşin səngiməsini gözləyərdik. O zaman düşünürdüm ki, düşmənlə qarşı-qarşıya qalmaq qorxuludur, çətindir. Amma əsl çətinliklərimiz Füzulidən çıxandan sonra başladı", - Nizami danışır.

Onun sözlərinə görə, İmişlidə qaçqın şəhərciyində çox çətinliklər yaşayıb.

İmkansızlıq, soyuq evlər, işsizlik.

Həmin dövrdə ailədə təkcə Nizaminin anası işləyir, ailəni saxlamağa çalışırdı.

Həyat onlar üçün heç də düşünüldüyü qədər asan olmayıb: "Beş nəfər bir otaqda qalırdıq. Evlər dəmirdən olduğu üçün çox soyuq olurdu. Kimin imkanı çatırdısa, özünə palçıqdan ev tikirdi …".

Nizami 2005-ci ilə qədər ailəsi ilə İmişlidə yaşayır. Sonra isə Bakıya gələrək, müxtəlif işlərdə işləməyə başlayır.

Cefri Verbok 2008-ci ildə Azərbaycana gələndə Nizamini asanlıqla tapa bilmir. Çünki onun əlində Nizaminin 14 yaşı olanda çəkilən fotosundan başqa heç bir məlumat yox idi. Bir neçə rayonu gəzəndən sonra nəhayət, Nizaminin ailəsini tapa bilir.

Cefri Verbok Nizaminin ifa etdiyi muğam haqqında film çəkməyə başlayır. Filmin çəkilişi 2015-ci ildə tamamlanır:

"Cefri haqqımda iki film çəkib. Biri uşaq olanda ifa etdiyim muğam, ikincisi isə 2008-2015-ci ildə çəkilən filmdir. İkinci filmin təqdimatı 2017-ci ildə Nizami kinoteatrında oldu. Həmin ərəfədə Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovun çox dəstəyini gördüm".

Hazırda Cefri Verbok Nizami haqqında üçüncü filmi çəkməyi düşünür. Buna görə də Bakıya gələndə onunla ilə görüşür, söhbətləşir.

© Sputnik / Irade JELIL
Nizami Paşayev

Nizami hesab edir ki, filmin üçüncü hissəsi yəqin Füzulidə çəkilər.

Sənətə marağı böyük olsa da, yaşadığı sıxıntılar, maddi problemlər ona sənətinin arxasınca getməyə mane olur. O, təhsil ala bilmir və taleyin yönləndirdiyi istiqamətə üz tutur, hərbçi olur:

"Mən yenidən təhsil almaq istəyirəm. Məsələn, Mənsum İbrahimovun tələbəsi olmağı çox arzulayıram. İstərdim o, mənimlə məşğul olsun. Dost-tanışın toyuna dəvət alıram. Amma axı mənim arzum xanəndə olmaq idi. Buna can atıram".

Qəhrəmanımızın dünyaya göz açdığı Zərgər kəndi artıq düşmən işğalından azad edilib. İndi onun bir arzusu var. Zərgərdə muğam ifa etmək. Deyir ki, aradan uzun illər keçməsinə baxmayaraq, evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib asanlıqla onu tapa bilər.

 

29
Şuşa şəhərinin ətrafında dağılmış evlər, arxiv şəkli

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

11
(Yenilənib 02:17 24.11.2020)
Etibar Əliyev: "İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər".

BAKI, 24 noyabr - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, peşə təhsilində inkişaf, oyanış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra başlayıb.

Deputatın sözlərinə görə, hazırda peşə təhsilli kadrlara ciddi ehtiyac var. Həmçinin ixtisaslı peşə təhsilli kadrların hazırlanması üçün peşə məktəblərində maddi-texniki bazanın, infrastrukturun genişləndirilməsi zəruridir.

Etibar Əliyevin sözlərinə görə, regionlarda infrastrukturu, maddi-texniki bazası inkişaf etmiş peşə təhsili məktəblərinin yaradılması üçün ayrıca fəaliyyət planı hazırlanmalıdır:

“Biz Vətən müharibəsində qələbə çalmışıq. İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər”.

Deputat təəssüflə bildirib ki, peşə təhsili ilə bağlı cəmiyyətimizdə bilgi azdır.

“Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmaldır. Buna çox ciddi ehtiyac var. Tikinti infrastrukturunu əhatə edən sahələr üzrə, İKT sahəsində, elektronika, kənd təsərrüfatı sahəsində texnologiyalar gətirilməlidir ki, gənclər peşə təhsilinə meyl etsinlər".

Millət vəkili əlavə edib ki, bu gün söhbət ali təhsilli kadrlara tələbatın azalmasından getmir. Burada əsas məqam texnologiya dövrünün tələbləri ilə bağlıdır.

"Müasir avadanlıqları idarə etmək bacarığına malik peşə təhsilli kadrlar hazırlanmalıdır. Düşünürəm ki, regional peşə məktəblərinin yaradılması işğaldan azad olunmuş rayonlarımızın sakinləri üçün cəlbedici ola bilər”, - deyə E. Əliyev əlavə edib.

11
Teqlər:
Milli Məclis, deputat, XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Etibar Əliyev, "Peşə təhsili haqqında" qanun layihəsi, peşə təhsili müəssisələri, peşə təhsili, peşə