Məktəblərin birində, arxiv şəkli

"Nazirlik bu qədər müddətə bir problemin öhdəsindən gələ bilməyib"

404
(Yenilənib 08:28 29.10.2020)
"Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində elan olunmuş tətil davam edir. Noyabrın 2-dən sonra təhsilin hansı formada davam edəcəyi isə hələ aydın deyil. Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, noyabrın 2-dən sonra tədrisin hansı formada aparılması ilə bağlı işlər gedir: "İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək".

Sputnik Azərbaycan pandemiya dövründə və hərbi vəziyyətdə noyabrın 2-dən sonra dərslərin hansı formada bərpa edilməsinin mümkünlüyünü araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını dəyərləndirib. O bildirib ki, hər şey proseslərin gedişatına bağlıdır: "Özünüz də qeyd etdiniz ki, bir tərəfdən koronavirusa yoluxma artır, digər tərəfdən isə cəbhədə vəziyyət gərgindir. Mən həmişə vurğulamışam ki, təhsil dəyərdir. Amma sağlamlıq bir ayrı dəyərdir. Vətəni qorumaq isə müqəddəs dəyərdir. İndi əgər müqəddəs dəyər və sağlamlıqla yanaşı, həm də ali dəyər uğrunda mübarizə aparırıqsa, ilk növbədə bu dəyərləri qorumalıyıq. Vətənimizi düşmən tapdağından qurtaraq, ondan sonra Təhsil Nazirliyi qalan problemləri həll edəcək. Dövlətimizin hər zaman təhsilə qayğısı var, bundan sonra da bu qayğını artıracaq".

Ş.Əsgərov deyir ki, hər şey ölkəmizdə virusa yoluxma ilə bağlı vəziyyətin necə dəyişəcəyindən asılıdır: "Əgər virusa yoluxma sayı aşağı düşərsə, yəqin ki, əyani təhsili bərpa etmək mümkün olacaq".

Kamran Əsədov isə Təhsil Nazirliyinin problemdən çıxış yolu tapmaqda gecikdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, 9 aya normal bir uşaq dünyaya gətirmək mümkün olduğu halda, Təhsil Nazirliyi bu qədər müddətə bir resurs hazırlayaraq ortaya çıxarda bilməyib: "Pandemiya mart ayından başlayıb. Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər. Amma indiyədək işlək bir resurs hazırlayıb ortaya qoymadılar. Bu gün ümumi internetin verilişində problem yoxdur. Problem bir sıra platformalara girişdədir. Xarici saytlara giriş məhdudlaşdırılıb. Hər məktəbin öz videokonfrans proqramı vasitəsilə dərslərin keçirilməsi mümkündür. Azərbaycanda kompüter üzrə bu qədər mütəxəssislərimiz olduğu halda, bütün ölkənin şagirdləri teledərslərin ümidinə qalıb".

K.Əsədov bildirir ki, hazırda yeganə əlçatan resurs teledərslər olduğundan, teledərslərlə işləmək əsas çıxış yoludur: "9 aya bir normal uşaq dünyaya gəlir. Amma Təhsil Nazirliyi 9 aya yaxın müddətdə normal işlək resurs hazırlayaraq ortaya çıxartmayıb ki, şagirdlər məsafədən dərs keçsinlər. İndi nazir problemi iki həftəyə aradan qaldırmağı vəd edir. Bunun nə dərəcədə mümkün olduğunu isə tətil bitəndən sonra görmək mümkündür".

Qeyd edək ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib. Nazir qeyd edib ki, noyabr ayında ənənəvi tətil günləri qabağa çəkilib. Odur ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günlərindən istifadə edilir. Xatırladaq ki, payız tətili 16-20 noyabr müəyyən edilmişdi.

404

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7