Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

63
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

63

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7