Avtomobil tıxacı, arxiv şəkli

Pilləli saatı olarsa, yollardakı sıxlıq aradan qalxa bilərmi? - ZİDDİYYƏT

106
(Yenilənib 16:07 26.10.2020)
"Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı" - Fazil Mustafa

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Sentyabrın 28-dən etibarən komendant saatının elan olunması xüsusən Bakıda yollarda sıxlığa səbəb olub. Yollarda yaranan sıxlıqla əlaqədar olaraq avtobusların da intervallarında gecikmələrin yaranması dayanacaqlarda böyük sərnişin sıxlığı ilə nəticələnir. Artıq bir neçə gündür ki, metronun da fəaliyyətinin dayandırılması və bununla əlaqədar olaraq avtobus sərnişinlərinin sayının çoxalması da bu sıxlığı artırır.

Belə olan vəziyyətdə nə etməli? Digər ölkələrin təcrübələrindən yararlanaraq iş saatlarının müxtəlif vaxtlarda başlanıb, müxtəlif vaxtlarda bitmə təcrübəsini necə, tətbiq etmək olarmı?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında komendant saatında bunun elə bir effekt verməyəcəyini deyir:

"Komendant saatı var. Cərimə olunmamaq üçün hər kəs çalışır ki, 9-dək evdə olsun. Bu səbəbdən vəziyyəti tənzimləmək çox çətindir. Belə bir ərəfədə hərəkət etmək ümumiyyətlə mümkün olmur. Hesab edirəm ki, iş saatlarının pilləli olması ilə nəsə həll olunmur. Komendant saatı, hərbi vəziyyət bitdikdən sonra bu barədə danışmaq daha doğru olar".

"Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı", - deyə millət vəkili əlavə edib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında pilləli iş saatlarının olmasının səmərəsindən danışıb: "Operativ Qərargahın dövlət qurumlarında çalışan işçilərin sayının 30 faiz azaldılması ilə bağlı qərarı var. Biz də bildiririk ki, pilləli iş saatlarının olması çox yaxşıdır. Bu həm yollarda nəqliyyat vasitələrinin intensivliyi, həm də sərnişin axınının idarə olunması baxımından səmərəlidir".

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında sıxlığın aradan qaldırılması üçün təkliflər irəli sürüb: "Faktiki olaraq sıxlıq metronun fəaliyyətinin dayandırılması ilə bağlıdır. Reallıq ondan ibarətdir ki, metro pandemiyanın müxtəlif dövrlərində də işləmədiyindən ictimai nəqliyyat sırf avtobusların üzərində köklənmişdi. Buna görə də bu sıxlıq nəzarətdə olan bir prosesə çevrilmişdi. Yəni intervallar, daha çox avtobusların xətlərə buraxılması, dövlət müəssisələrində, özəl sektorlarda mərhələli, pilləli iş qrafikinin tətbiqi, işçilərin məhdud sayda işə cəlb olunmasını görə bildik. Yəni yay aylarında bütün bunların olması ictimai nəqliyyatda sıxlığın yüksəliş həddinə çatmamasına səbəb oldu".

"Dərhal metronun bağlanması ictimai nəqliyyatın, avtobus seqmentinin iflasına gətirib çıxartdı. Bu haradasa başa düşüləndir. Çünki insanlar işləyir, avtobusdan istifadə edirlər. Nazirlər Kabinetinin dövlət qurumları ilə bağlı qərarına görə, işçilərin say həddi 30 faizədək azaldılır. Bununla bağlı NK-nın özəl sektora tövsiyələri olsa da, görünən budur ki, özəl sektor bununla bağlı hələ ki qərar qəbul etməyib", - deyə ekspert əlavə edib.

A.Allahverənov deyir ki, pilləli iş rejimi ilə yanaşı, dövlət qurumlarına şamil olunan 30 faizin özəl sektora da şamil edilməsi, daha çox avtobusların xəttə buraxılması, intervalların azaldılması vacibdir ki, sıxlıq aradan qaldırılsın. Ekspert bildirir ki, bu məsələ kompleks şəkildə həll olunarsa, müəyyən nəticələr əldə edilə bilər.

Xatırladaq ki, pilləli iş saatı təcrübəsi 2016-cı ildə olmuşdu. Belə ki, I Avropa Oyunlarının keçirildiyi vaxtda, Nazirlər Kabineti bununla əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün sərəncam vermişdi. Sərəncama görə, bir aylıq müddətdə, yəni, mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib. Sərəncama əsasən, işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək, 25 faizi üçünsə saat 9:30-dan saat 18:30-dək pilləli iş rejimi müəyyən edilmişdi. Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə edilmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Lakin indiki şəraitdə yollardakı sıxlığa nəzər yetirərək özəl sektorun bu tövsiyələrə nə dərəcədə əməl etdiyini demək çətindir.

106
Teqlər:
saat, , sıxlıq, yollardakı tıxac
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam
Evdə özünü müalicə ecən xəstə, arxiv şəkli

Baş infeksionist: Koronavirus xəstələri internetdəki reseptlərlə özlərini müalicə edirlər

24
(Yenilənib 23:21 28.11.2020)
"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir" - Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov.

BAKI, 28 noyabr — Sputnik. Bu gün COVID-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı - nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:

"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər".

T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:

"Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".

24
Teqlər:
internet, Koronavirus, epidemiya, COVID-19

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa