BAKI, 17 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hadisə ilə bağlı Gəncə şəhərində müvəqqəti operativ qərargah yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə hadisə yerində olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, qərargahın yaradılmasında məqsəd Gəncədə baş verən terror nəticəsində evsiz qalan ailələrin müvəqqəti sığınacaqla təmin edilməsidir.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib. Dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlayıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Son anda" adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.
Sənədli filmdə Nazim Ələkbərovun obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.
Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki "Zaporojets" markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda" adlanır.
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər. Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrları da "Son anda" filmində yer alacaq.
Filmin ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir. "Son anda" sənədli filmi yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.
BAKI, 16 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.
MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.
Qeyd edək ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.