Gəncədə vəziyyət

"Sabah - 18 oktyabrda onun ad günüdür" Dağıntılar altında qaldı

110
(Yenilənib 14:25 17.10.2020)
Ermənistan silahlı qüvvələri ötən gecə saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib

BAKI, 17 oktyabr — Sputnik. "Ermənistanın Gəncəyə etdiyi SCUD raket hücumu nəticəsində dağıntılar arasında yeniyetmə Nigar Əsgərovaya aid şəxsiyyət vəsiqəsi tapılıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

"Sabah - 18 oktyabr - onun ad günüdür", - Hikmət Hacıyev yazıb.

​Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ötən gecə saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıblar. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

110
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (763)
Əlaqədar
Erməni faşizminin Gəncədə üzə çıxan sübutları - Bu kadrlar ürək ağrıdır
Gəncənin dəhşətli gecəsi – şəhərin ballistik raket atəşinə məruz qalmış ərazisindən video
Gəncəyə raket əhalinin sıx yaşadığı əraziyə atılıb - Nazir
Gəncəyə SCUD atması Ermənistan rəhbərliyinin şizofreniya düşüncəsini göstərir - Hacıyev
Ermənistan XİN Gəncə cinayətinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır - Hacıyev

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı

0
(Yenilənib 18:27 27.10.2020)
Dinc sakinlərdən dörd nəfər həlak olub. Onlardan biri 2013-cü il təvəllüdlü qızdır. Xəsarət alanların sayı 7 nəfərdir

BAKI, 27 oktyabr - Sputnik. Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölən dinc sakinlərin sayı 4 nəfərə çatıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (763)
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Allahşükür Paşazadə, arxiv şəkli

Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."

4
(Yenilənib 18:15 27.10.2020)
"Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib?"

BAKI, 27 oktyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırmasına dair açıqlaması ilə bağlı bəyanat verib. QMİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda deyilir:

"Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb. 30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükədib və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.

Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmalar əldə olunub. Lakin faktlar onu göstərir ki, Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan göstərilən razılaşmalardan dərhal sonra BMT-nin məlum qətnamələri və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirməkdə və Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgədən yüz km aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. Bunun nəticəsində 27 sentyabr tarixindən bu günədək Ermənistan ərazisindən Azərbaycanın şəhər və yaşayış məntəqələrinin, o cümlədən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində azyaşlı uşaqlar olmaqla, 65 dinc sakinimiz həlak olub, 297 nəfər yaralanıb, 2243 fərdi ev, 90 çoxmənzilli ev, 402 mülki obyekt dağıdılıb, salamat qalan uşaqlar arasında hər iki valideynini itirənlər var.

Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyiblər. Erməni ekstremistləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 taixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılıb və talan edilib".

Şeyxülislam bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və ictimaiyyəti daim münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olub: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb.

Təəssüflə qeyd olunmalıdır ki, bizim hər zaman münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərməyimiz müqabilində qarşı tərəf, xüsusilə də erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir.

Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib? Erməni dini lideri bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz. Bu din xadiminin təcavüzə bəraət verməsi və xalqları qarşıdurmaya sövq etməsi deyilmi? Sual olunur - on minlərlə erməni vətəndaşının bu gün də Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını, Bakının mərkəzində yerləşən, bərpa edilən və abad şəkildə qorunan erməni kilsəsini və kitabxanasını nə tez unutdunuz? Bunun əksi olaraq, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-mənəvi irsimizin məhv edilməsi, bir nəfər belə azərbaycanlının qalmadığı sizin etnik təmizləmə və vandalizm siyasətinizin bariz nümunəsi deyilmi?

Erməni kilsəsi bizi düşmən adlandıraraq, beynəlxalq birliyi "bu vəhşılikdən qurtarmağa" çağırır. Sual olunur - öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa Azərbaycan ərazilərində - Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareginin dediyi kimi, "vətən və dövlətçiliyin qorunması üçün" tarixə qanlı hərflərlə yazılıb?

Bütün dünya bilməlidir, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan erməniləri düşmən deyil, öz vətəndaşımız hesab edirik. Biz liderimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş öz əzəli torpaqlarımızı qəsbkarlardan azad etdikdən sonra ermənilərlə birgə yaşamaq, Qarabağımızı inkişaf etdirmək və firavan məkana çevirmək əzmindəyik.

Biz Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!"

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (763)
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"