Bakubus avtobusu, arxiv şəkli

Bu şəhər rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

45
"Avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb"

BAKI, 16 oktyabr — Sputnik. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

N.Allahyarovanın sözlərinə görə, qeyd edilən regionlarda epidemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb: "Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək. Avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb".

45
Şuşada vəziyyət

Şuşanı işığa qərq elədilər - VİDEO

0
(Yenilənib 15:51 16.01.2021)
Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb

BAKI, 16 yanvar — Sputnik. "Azərişıq" ASC Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı şəhərə elektrik enerjisinin verildiyini bildirib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoyublar. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

0
Teqlər:
elektrik enerjisi, "Azərişıq" ASC, Şuşa
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

4
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

4
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti