Hikmət Musayev, arxiv şəkli

Pensiyasını orduya bağışlayan Hikmət baba: "İndi ayaqqabı almağın vaxtı deyil..."

810
(Yenilənib 14:02 07.10.2020)
Hikmət baba Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orduya yardım etdiyi 180 manatı öz halal təqaüdündən yığıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayevin öz təqaüdündən 180 manat Silahlı Qüvvələrə Yardım  Fonduna ianə etməsi dünəndən bəri sosial şəbəkələrdə geniş rezonans doğurub.  “ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərovun sosial şəbəkədə Hikmət Musayevlə bağlı paylaşımı isə hər kəsi riqqətə gətirib. Belə ki, Hikmət Musayevin ayağındakı nimdaş çəkməsi “ASAN Xidmət”in əməkdaşlarının diqqətindən yayınmayıb. Buna rəğmən babanın ordumuza 180 manat yardım etməsi hər kəsi heyrətləndirib.

Sputnik Azərbaycan bu davranışı ilə hər kəsə örnək olan Şəkinin Baş Küngüt kənd sakini Musayev Hikmət Məhərrəm oğlu ilə söhbətləşib.

Hikmət baba Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orduya yardım etdiyi 180 manatı öz halal təqaüdündən yığıb:

"180 manatı təqaüdümdən xırda-xırda yığıb saxlamışdım. Niyyətim pulu yığıb ordumuza dəstək olmaq idi.  Bu, lazımlı işdir. Niyə bizim uşaqlar erməni tapdağı altında qalsınlar ki? Burada təəccüblü heç nə yoxdur. Borcumdur, ürəyimdən gəlib, eləmişəm. O pulu az-az yığmışam. Yoxsa indi pensiyanı almaq vaxtı deyil".

H.Musayev ayda 230 manat pensiya aldığını bildirdi: "Mənim aylıq pensiyam artımdan sonra 230 manat olub. Allah əsgərlərimizi qorusun. Prezidentimizi qorusun. Türkiyəyə də Azərbaycana dəstəyə görə təşəkkür edirəm".

Hikmət baba ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməsinə təəccüblənənlərə isə belə cavab verib: "İndi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin", deyə bildirib.

Qeyd edək ki, öz təqaüdündən ordumuza ianə edən Hikmət babanın bu davranışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) də diqqətindən yayınmayıb. Nazirliyin əməkdaşları H. Musayevlə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, H. Musayevə Nazirliyin fərqli strukturlarının xidmətləri göstəriləcək: "Həmçinin onun  həyat şəraitinin yaxşılaşdırılması üşün əlimizdən gələni edəcəyik. Bu kənddə camaat ordumuza çox kömək edir. Bu məcburiyyət və göstərişlə deyik, ürəkdən gələn istəkdir. Biz Hikmət babaya bank hesabı açdıracağıq ki, kim ona kömək etmək istəsə, etsin. Artıq bizə bununla bağlı böyük şirkətlərdən zənglər gəlir".

“ASAN Xidmət”in əməkdaşı Orxan Cəfərov Hikmət baba ilə bağlı  sosial şəbəkədə bunları yazıb: "Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm”.

"Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxanda qayıtdı ki, azdır? Dedim, "ay baba, sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdir..."

Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...

Sonda "Əsgərə məktub" da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi...”

Sosial şəbəkədə qeyd edilib ki, həmin ağsaqqal Şəkinin Baş Küngüt kənd sakini Musayev Hikmət Məhərrəm oğludur.  Xeyriyyə işlərinə vasitəçilik edən aktiv gənclər Facebook-da yazıblar ki, ayqqabısı köhnə, yırtıq olduğu halda, orduya 180 manat yardım edən Hikmət Musayevin bu yaxşılığının əvəzini ödəmək niyyətindədirlər. “O, orduya 180 manat pul köçürüb, biz bu məbləği 10-a vurub özünə qaytaracağıq. Biz bunu belə qalmağa qoyarıq, onun köhnə ayaqqabıda qalmasına izn verərik? Qətiyyən. Hamımız birimiz, birimiz hamımız üçün. Qarabağ Azərbaycandır!” - deyə gənclər qeyd ediblər.

810
Teqlər:
Baş Küngüt, Şəki, təqaüdçü, dinc sakin, ASAN Xidmət, Silahlı Qüvvələrə Yardım Fondu, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım toplayan şəxslərə müraciət etdi
Bir millət, iki dövlət olduğumuzun əyani sübutu: İstanbul Azərbaycanı necə dəstəklədi
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Amerikada yaşayan reperdən dəstək gəldi
Baş Prokurorluq Silahlı Qüvvələrə yardım fonduna bir milyon 280 min manat köçürdü
Sonuncu filmindən kadr

Azərbaycanlı rejissorun filmi Beynəlxalq Film Festivalının rəsmi proqramında - VİDEO

3
(Yenilənib 21:19 16.04.2021)
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir

BAKI, 16 aprel — Sputnik. Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş "Sonuncu" adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasının direktoru, kinorejissor Fariz Əhmədovun "Sonuncu" sənədli filmi Festivalın "Qısa və orta metraj" (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı. 68 yaşlı Vitalidən başqa. O, adayla nəfəs alır. Son nəfəsini də adada alır. Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A" kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir. 2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu" filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq. Film haqqında qısa məlumat, treyler və fotolar artıq Festivalının rəsmi saytında da yerləşdirilib (https://iffr.com/nl/2021/films/the-last-one). Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

3
Rejissor Eldar Quliyev

Kino xadimləri Eldar Quliyev haqqında: Azərbaycan möhtəşəm rejissorunu itirdi

2
(Yenilənib 23:37 16.04.2021)
Azərbaycanın məşhur kino xadimləri müxtəlif filmlərin çəkiliş prosesində birlikdə çalışdıqları kinorejissor haqqında xatirələrini bölüşüblər.

BAKI, 16 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan kinematoqrafiyasına ağır itki üz verib, istedadlı rejissor, Azərbaycanın Xalq artisti Eldar Quliyev bu gün 81 yaşında dünyasını dəyişib. Rejissorun gerçəkləşdirməyə fürsət tapa bilmədiyi neçə-neçə maraqlı ideyası yarımçıq qalıb...

Bu barədə rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib. Eldar Quliyevin vəfatını Azərbaycan mədəniyyəti üçün böyük itki hesab edən Salayev bildirib ki, rejissor şəxsən onun həyatında da mühüm rol oynayıb. Hətta Salayev rejissorluğa məhz onun sayəsində gəlib.

"Məsələ burasındadır ki, mən ixtisasca kinoşünasam. Bədii rəhbəri Eldar Quliyev olan "Debüt" studiyasına gedib çıxdığım vaxt həyatım tamamilə dəyişdi. Ondan xahiş etdim ki, mənə film çəkmək fürsəti versin. Həmin vaxt bir bədii film üçün o qədər də uğurlu olmayan ideyam var idi. O isə təklif etdi ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım haqqında sənədli film çəkim", – deyə Salayev qeyd edib.

Eldar Quliyevin Əməkdar incəsənət xadiminin həyatında oynadığı rol bununla da bitmir. Belə məqamlardan biri də Salayevi uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv qəbul etmək istəmədikləri vaxt yaşanıb. Ancaq Quliyev İttifaqın katibi təyin olunan kimi Salayev də bu quruma üzv seçilib.

"O, çox alicənab adam idi. Onun yoxluğu bizim kinomuz və şəxsən mənim üçün çox böyük itkidir. Mən onunla bütün problemlərimi bölüşə bilirdim. Son bir ildə ağır xəstə yatırdı, buna baxmayaraq, Bədii Şuranın bütün iclaslarına gəlir, ağıllı, müdrik məsləhətlər verirdi", – deyə Salayev əlavə edib.

Xalq artisti Həmidə Ömərovaya Eldar Quliyevin iki filmində çəkilmək qismət olub – "Nizami" və "Burulğan". Aktrisa üçün Eldar Quliyev yalnız rejissor deyil, həm də bütün məsələlər haqqında danışa biləcəyi yaxın dost, sirdaş olub.

"Deməyə söz tapmıram... Bu mənim üçün böyük itkidir! O çox gözəl insan idi. Tez-tez tədbirlərdə görüşürdük. Çətinliklə də olsa, həmkarlarını dəstəkləmək üçün bütün tədbirlərə qatılmağa çalışırdı. Biz çox xeyirxah, güclü insanı itirdik. Xoşbəxtəm ki, onunla çalışmaq mənə də qismət olub. İşdə isə çox ciddi və tələbkar idi. Həyatda bir cür idi, rejissor pultu arxasında tamam başqa cür", – deyə Ömərova vurğulayıb.

Azərbaycanın Xalq artisti Məbud Məhərromov isə Eldar Quliyevin yalnız bir filmində çəkilib – "Nə gözəldir bu dünya".

Aktyorun həmin filmin çəkilişi ilə bağlı unudulmaz xatirələri var. Onun sözlərinə görə, Eldar Quliyev çox tələbkar rejissor idi. Bununla belə, aktyora onunla işləmək rahat olub.

"Azərbaycan kinematoqrafiyası yüksək mədəniyyətə və intellektə sahib insanı itirdi. Onun doğmalarına başsağlığı verirəm. Eldar Quliyev kimi insanların həyatdan getməsi böyük itkidir", – deyə Məhərrəmov əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Eldar Quliyev 2021-ci ilin yanvar ayında infarkt keçirib. Rejissor bir müddət müalicə alandan sonra bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

Quliyev öz vəsiyyətinə əsasən, "Qurd qapısı" qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq. Dəfn mərasimi rejissorun xaricdə yaşayan qızı Azərbaycana gələnə qədər təxirə salınıb.

Xatırladaq ki, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino şöbəsinin professoru, Kinematoqrafçılar İttifaqının katibi, "Şərəf" və "Şöhrət" ordenlərinin sahibi, rejissor Eldar Quliyev 1941-ci il yanvar ayının 18-də Bakıda anadan olub. 1960-1966-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində Sergey Gerasimovun kursunda oxuyub. Məzun olduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayıb.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib ki, həmin ekran əsəri də peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınmışdı. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə də quruluş verib.

Eldar Quliyev, həmçinin bir neçə filmin ssenari müəllifi də olub. Çəkdiyi filmlər dəfələrlə kinofestivallarda mükafatlara layiq görülüb.

2