Azərbaycan uçuşların təhlükəsizliyinə təminat istəyir

68
(Yenilənib 22:16 05.10.2020)
Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə çağırırıq

BAKI, 5 oktyabr - Sputnik. Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif  Məmmədovun ICAO Şurasının prezidenti cənab Salvatore Şakkitanoya və ICAO-nun baş katibi  doktor Fan Lyuya ünvanladığı  məktubda deyilir. Həmin məktubda Arif Məmmədov uçuşların təhlükəsizliyinin təmin edilməsi probleminə göstərdikləri diqqətə görə onlara səmimi təşəkkürünü və ehtiramını bildirir.

Məktubda deyilir ki, ICAO, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətini aydın şəkildə bildirmiş, BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını təsdiq edərək Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini vurğulamışdır (ICAO-nun  EUR/NAT 19-0505.TEC (NAE/CUP) nömrəli 15 noyabr 2019-cu il tarixli məktubu).

Eyni zamanda, həmin məktubda beynəlxalq hava nəqliyyatının bərpası və davam edən böhran şəraitində mülki aviasiya uçuşlarının təhlükəsizliyinin lazımi şəkildə təmin edilməsi üçün ICAO-nun qəbul etdiyi ardıcıl qərarlar da xüsusilə qeyd olunmuşdur.

Məktubda bildirilir: “Azərbaycan Respublikası, təşkilatın qarşısında duran məsələlərin mühümlüyünü dərk edərək, uçuşların təhlükəsizliyinin təmin edilməsi kimi əsas mövzudan kənar olan məsələləri qaldırmaq üçün ICAO-ya üzvlüyündən istifadə etmir. Lakin regionumuzda baş verən son hadisələri nəzərə alaraq,  uçuşların təhlükəsizliyi ilə bağlı çox vacib məsələ üzrə müraciət etmək istərdik.

Ermənistan Respublikasının Silahlı Qüvvələri son bir neçə gün ərzində orta və uzaq təsir radiuslu raketlərdən istifadə etməklə Azərbaycan Respublikası ərazisində yerləşən mülki obyektləri intensiv atəşə tutur. Bu hərəkətlər Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bundan əlavə, Ermənistanın  silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv etmə vasitələrinin istifadəsi ağır nəticələrə səbəb ola bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulan mülki təyyarənin ssenarisi təkrarlana bilər.

Azərbaycan Respublikasının aeronaviqasiya xidmətləri təminatçısı “Azəraeronaviqasiya” (AZANS) Azərbaycanın Uçuş Məlumatı Bölgəsində (UMB) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür və görməyə davam edir. Operativ vəziyyət AZANS-ın tam nəzarəti altındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sektoru ilə sıx əməkdaşlıq şəraitində vəziyyətin ümumi qiymətləndirilməsi dəqiqliklə həyata keçirilir.

Agentliyimiz, EUROCONTROL təşkilatı və qonşu dövlətlər arasında ələqələndirmə tədbirləri görülərək, Ermənistan Respublikasının təcavüzü və beynəlxalq normaların pozulması ilə bağlı risklərin qarşısının alınması, habelə  Azərbaycan Respublikasının hava məkanında təyyarələrin təhlükəsiz aeronaviqasiyasının təmin edilməsi və risk zonalarından kənarlaşma məqsədilə  müvafiq NOTAM-lar dərc edilmişdir. 

Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə və Ermənistanın mülki obyektlərə və hava gəmilərinə qarşı hüquqazidd hərəkətlərinin qarşısını almağa çağırırıq. Biz ümidvarıq ki, dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO zamin duraraq Ermənistan Respublikası tərəfindən 1944-cü il tarixli Çikaqo Konvensiyasının müddəalarına əməl edilməsini təmin edə biləcəkdir. Öz növbəsində, Azərbaycan hava məkanının istifadəçilərinə Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Məcmuəsində dərc olunmuş AZANS-ın tövsiyələrini və xəbərdarlıqlarını izləmək,  hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlərin göstərişlərinə riayət emək, uçuş planlarını əvvəlcədən göndərmək və nəzərdə tutulmuş uçuş trayektoriyasından mümkün kənara çıxmalara hazır olmaq ciddi tövsiyə olunmuşdur.

Biz bir daha təsdiq edirik ki, Azərbaycan Respublikası ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə sadiqdir, qüvvədə olan aeronaviqasiya qaydalarına uyğun olaraq öz ölkəsinin hava məkanında uçuşların təhlükəsizliyini təmin edir və ümid edir  ki, ICAO Ermənistan Respublikası tərəfindən də eyni mövqeyə əməl olunmasını tələb edəcəkdir”. 

68
Teqlər:
təminat, təhlükəsizlik, Azərbaycan, uçuş, AZAL
Əlaqədar
Azərbaycan Prezidentinin köməkçisi: "Ermənilər Xızı və Abşerona raket atıb"
Ermənistanın Mingəçevirə atdığı üç raketdən ikisi partlamayıb, beş mülki şəxs yaralanıb
Qurbanların sayı artır: Bərdədə ev deşik-deşik edilib – video
Atılan raketlərin çoxu havadaca məhv edilir – Hikmət Hacıyev
Ermənistanın Gəncəni atəşə tutması nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

2
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Payızda yarpaq tökümü, arxiv şəkli

Sabaha hava proqnozu açıqlandı

7
(Yenilənib 13:55 22.10.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 22 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

7
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri

Suqovuşan Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb

0
(Yenilənib 14:25 22.10.2020)
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a agentlikdən məlumat verilib.

Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.

  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
1 / 4
© Azerbaijan Highway State Agency
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

0