Komendant saatı, arxiv şəkli

Komendant saatını pozan şəxslər cərimə ya həbs edilə bilərlər

2239
(Yenilənib 19:39 29.09.2020)
Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, komendant saatı tətbiq edilir. Ötən gün sosial şəbəkələrdə komendant saatını pozan şəxslərin cəbhə bölgələrinə aparılması barədə məlumatlar yer almışdı.

Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, komendant saatını pozan şəxslər cəbhə bölgəsinə deyil, polis bölmələrinə aparılır və ya cərimə edilirlər: "Bəzi vətəndaşlar bunu normal qəbul edə bilmirlər. 1992-1993-cü illərdə olduğu kimi "oblava" kimi qiymətləndirirlər. Bu, səhv fikirdir. Bilirsiniz ki, qismən hərbi səfərbərlik elan edilib. Və cəbhə bölgələrinə ancaq hərbi vəzifəli şəxslər çağırılır. Komendant saatını pozan şəxslər qanunvericiliyə uyğun olaraq, müvafiq şəkildə cərimə edilirlər".

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə dünəndən hərbi rejimlə bağlı komendant saatı tətbiq edilib. Komendant saatını pozan şəxslərə xəbərdarlıq edilir, onlar cərimə edilə və ya həbs edilə bilərlər:

"İlk gün olduğu üçün vətəndaşlara komendat saatında, yəni saat 21.00-dan sonra küçədə, ictimai yerlərdə olduqlarına görə xəbərdarlıq edilə bilər və ya onlar 50 manat məbləğində cərimə edilə bilərlər. Əgər vətəndaş nəqliyyat vasitəsilə komendant saatını pozursa, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

F.Həmidli qeyd edib ki, komendant saatında yığıncaq, mitinq, küçə yürüşü və s. kütləvi şəkildə toplaşmaq qadağandır və iştirakçı şəxslər olan fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər.

"Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, vətəndaşların icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törətməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilirlər.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub.

Bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və "icaze.e-gov.az" portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

2239
Teqlər:
həbs, cərimə, saat, komendant, hərbi vəziyyət
Əlaqədar
Azərbaycan Prezidenti hərbi vəziyyətlə bağlı Fərman imzaladı
TƏCİLİ: Azərbaycanda hərbi vəziyyət tətbiq olunur
Bakıda ictimai nəqliyyatın hərəkəti hərbi vəziyyətə uyğunlaşdırılır

Goranboy Tərtər rayonlarının ərazisi atəşə tutulub

0
(Yenilənib 09:51 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Məktəblərin birində, arxiv şəkli

"Nazirlik bu qədər müddətə bir problemin öhdəsindən gələ bilməyib"

17
(Yenilənib 08:28 29.10.2020)
"Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində elan olunmuş tətil davam edir. Noyabrın 2-dən sonra təhsilin hansı formada davam edəcəyi isə hələ aydın deyil. Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, noyabrın 2-dən sonra tədrisin hansı formada aparılması ilə bağlı işlər gedir: "İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək".

Sputnik Azərbaycan pandemiya dövründə və hərbi vəziyyətdə noyabrın 2-dən sonra dərslərin hansı formada bərpa edilməsinin mümkünlüyünü araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını dəyərləndirib. O bildirib ki, hər şey proseslərin gedişatına bağlıdır: "Özünüz də qeyd etdiniz ki, bir tərəfdən koronavirusa yoluxma artır, digər tərəfdən isə cəbhədə vəziyyət gərgindir. Mən həmişə vurğulamışam ki, təhsil dəyərdir. Amma sağlamlıq bir ayrı dəyərdir. Vətəni qorumaq isə müqəddəs dəyərdir. İndi əgər müqəddəs dəyər və sağlamlıqla yanaşı, həm də ali dəyər uğrunda mübarizə aparırıqsa, ilk növbədə bu dəyərləri qorumalıyıq. Vətənimizi düşmən tapdağından qurtaraq, ondan sonra Təhsil Nazirliyi qalan problemləri həll edəcək. Dövlətimizin hər zaman təhsilə qayğısı var, bundan sonra da bu qayğını artıracaq".

Ş.Əsgərov deyir ki, hər şey ölkəmizdə virusa yoluxma ilə bağlı vəziyyətin necə dəyişəcəyindən asılıdır: "Əgər virusa yoluxma sayı aşağı düşərsə, yəqin ki, əyani təhsili bərpa etmək mümkün olacaq".

Kamran Əsədov isə Təhsil Nazirliyinin problemdən çıxış yolu tapmaqda gecikdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, 9 aya normal bir uşaq dünyaya gətirmək mümkün olduğu halda, Təhsil Nazirliyi bu qədər müddətə bir resurs hazırlayaraq ortaya çıxarda bilməyib: "Pandemiya mart ayından başlayıb. Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər. Amma indiyədək işlək bir resurs hazırlayıb ortaya qoymadılar. Bu gün ümumi internetin verilişində problem yoxdur. Problem bir sıra platformalara girişdədir. Xarici saytlara giriş məhdudlaşdırılıb. Hər məktəbin öz videokonfrans proqramı vasitəsilə dərslərin keçirilməsi mümkündür. Azərbaycanda kompüter üzrə bu qədər mütəxəssislərimiz olduğu halda, bütün ölkənin şagirdləri teledərslərin ümidinə qalıb".

K.Əsədov bildirir ki, hazırda yeganə əlçatan resurs teledərslər olduğundan, teledərslərlə işləmək əsas çıxış yoludur: "9 aya bir normal uşaq dünyaya gəlir. Amma Təhsil Nazirliyi 9 aya yaxın müddətdə normal işlək resurs hazırlayaraq ortaya çıxartmayıb ki, şagirdlər məsafədən dərs keçsinlər. İndi nazir problemi iki həftəyə aradan qaldırmağı vəd edir. Bunun nə dərəcədə mümkün olduğunu isə tətil bitəndən sonra görmək mümkündür".

Qeyd edək ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib. Nazir qeyd edib ki, noyabr ayında ənənəvi tətil günləri qabağa çəkilib. Odur ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günlərindən istifadə edilir. Xatırladaq ki, payız tətili 16-20 noyabr müəyyən edilmişdi.

17