Termometr, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı

79
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Sentyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

79

Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur

19
(Yenilənib 20:09 20.10.2020)
Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

BAKI, 20 oktyabr - Sputnik. Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

19
Əlaqədar
VPN istifadə edənlər cərimə ediləcəklərmi?
Aktyor Kənan Yusif atası şəhid Elxan Yusifovun məzarı üstündə

Şəhid oğlu: "Atama Füzulinin işğaldan azad olunması xəbərini birinci mən çatdırdım"

31
(Yenilənib 18:03 20.10.2020)
"Döyüş yoldaşları danışır ki, atam döyüşlərdə başı dik gedirmiş, deyirmiş ki, "erməni kimdir ki, mən başımı əyim. Mənim başım dik olmalıdır"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Körpə bir uşaq... Dodağının südü qurumamış, doyunca anasının qoynunda uyumamış, ana qoxusuna doymamış bir körpə...

Kənan anasını itirəndə iki yaşı var imiş. Kiçik qardaşı dünyaya gələndən bir müddət sonra anası dünyasını dəyişir. Kənan və qardaşı elə körpə yaşlarından ana nəvazişindən məhrum olurlar. İki yaşında uşaq ana itirməyin nə olduğunu da dərk etmir. Bircə onu bilir ki, həyatında nə isə çatmır. Sevgimi, qayğımı, nəvazişmi... bilmir. Bircə onu bilir ki, bir boşluq var...

Hamının bu gün cəmiyyətin reallıqlarını əks etdirən film və videoları ilə tanıdığı Kənan Yusifin heç kimin bilmədiyi, dilinə gətirməyə çəkindiyi, yanlış anlaşılmaq istəmədiyi üçün danışmamağa üstünlük verdiyi, əslində isə qürurverici bir həyat hekayəsi var.

Kənan Yusif 1992-ci ildə Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Elxan Yusifovun oğludur.

© Sputnik / Irade JELIL
Şəhid Elxan Yusifovun məzarı

Bəli, Kənan aktyor olduğu üçün heç bir zaman atasının şəhid olduğunu dilə gətirməyib. Düşünüb ki, əgər şəhid oğlu olduğunu dilə gətirsə, ətrafdakılar, cəmiyyət bunu reklam kimi dəyərləndirər.

Deyir, cəmiyyət belə məsələləri birmənalı qarşılamır. Buna görə də illərlə bu ağrını ürəyində saxlayıb. Təsəllini isə hər gün atasının dostları ilə görüşməkdə, bir də atasının Şəhidlər Xiyabanında olan məzarını ziyarət etməklə tapıb.

Kənan Yusif Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

Kənanla görüşüb, Şəhidlər Xiyabanına yollanırıq. Yol boyu xatirələrini dilə gətirməyə çalışır.

Atasını 5 yaşında itirib, deyir, üzü dumanlı şəkildə yadında qalıb. Hətta sonuncu dəfə atası döyüşə gedəndə boynunu qucaqlayıb ağladığını da xatırlayır: "Beş yaşım var idi. Uşaq idim. Hər şey yadımda qırıq-qırıq, kəsik-kəsik, dumanlı qalıb. Bircə onu bilirəm ki, atam anamı dəlicəsinə sevirmiş. Evləniblər. Xoşbəxt olublar. Sonradan anam ağır xəstələnir və dünyasını dəyişir. Atam bu faciə ilə barışa bilmir. Əvvəlcə anam üçün böyük mərmərdən məzar düzəltdirir. Sonra müharibə başlayır. Atam anamı o qədər sevirmiş ki, anamın qəbrini mühafizə edirmiş. Döyüş yoldaşlarına deyirmiş ki, məzara bir güllə dəysə, erməniləri darmadağın edər. Atam baş leytenant olub. Onun elə bir vəzifəsi olub ki, əslində müharibəyə getməməli idi. Amma o, könüllü batalyon toplayıb və döyüşlərdə iştirak edib".

Füzulidə vəziyyət gərginləşməyə başlayanda Kənanın atası onları Bakıya gətirir. Kənan və qardaşı Sənan nənəsi və əmisi ilə yaşamağa başlayırlar. Bir müddət sonra atasının şəhid olduğu xəbərini alırlar.

"Bildiyimə görə, Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Nənəmə atamın şəhid olma xəbərini deyilməsi bu gün də yadımdan çıxmır. Əvvəlcə dedilər ki, ağır yaralanıb. Sonra həlak olduğunu dedilər. Nənəm və əmim bizə hər zaman yaxşı baxıblar. Heç bir sıxıntımız olmayıb. Əmim ailə həyatı qurandan sonra, onun yoldaşı da sağ olsun, bizdən qayğısını, diqqətini əsirgəməyib, mənə öz övladları kimi baxıblar", - deyə Kənan danışır.

© Sputnik / Irade JELIL
Şəhid Elxan Yusifovun məzarı

Elxan Yusifov son nəfəsində həyat yoldaşının yanında dəfn edilməsini istəsə də, şəhid olduğu üçün onu Şəhidlər Xiyabanında dəfn edirlər.

"Atam əmimin yuxularına gəlirmiş. Sonra bir din xadimi ilə məsləhətləşir. Əmimə deyirlər ki, gedib anamın məzarından torpaq götürsün, atamın qəbrinə töksün. Belə də edir əmim. Sonra daha yuxularına narahat halda gəlmir atam", – deyən Kənan atasının 32 yaşında şəhid olduğunu bildirir.

Kənan məzarı əli ilə oxşayır, sanki atasını oxşayırmış kimi. Qəhər onu boğsa da, səsini çıxarmır, bir siqaret yandırır.

Döyüş yoldaşları danışırlar ki, atam döyüşlərə başı dik gedirmiş, deyirmiş ki, "erməni kimdir ki, mən başımı əyim. Mənim başım dik olmalıdır..."

Elxan Yusifovun döyüş yoldaşları da onun məzarını ziyarət edirlər. Kənana onunla bağlı xatirələrini danışırlar. Kənan atasını döyüş yoldaşlarının xatirələri ilə tanıyır: "Əvvəl atam haqqında danışmaq istəmirdim. Düşünürdüm ki, deyəcəklər ki, aktyordur, özünü reklam edir. Amma Füzuli işğaldan azad olunan gün, yuxudan duran kimi Şəhidlər Xiyabanına gəldim. Atama Füzulinin işğaldan azad olunması xəbərini birinci mən çatdırdım. Sonra düşündüm ki, kim nə düşünür, düşünsün, qoy hamı bilsin ki, mən şəhid Elxan Yusifovun oğluyam. Və Vətənim düşmən işğalından azad edilib. Qürurluyam".

32 yaş... Əslində 32 yaşında hər şeydən keçib, Vətən üçün mübarizəyə qalxmaq böyük qəhrəmanlıqdır.

Bu gün Kənan 32 yaşındadır. Atasının şəhid olduğu yaşdadır...

Düşünür ki, Füzuliyə gedib, heç vaxt görmədiyi anasının məzarını görəcək.

"Yəqin, ermənilər anamın məzarını da dağıtmış olarlar. Ancaq gedib görmək istəyirəm. Anamın adı Gülbəniz idi. Atamın adını əmim qoyub övladına, ancaq qismət olsa, anamın adını mən yaşatmaq istəyirəm", - Kənan deyir.

31
Teqlər:
şəhid, aktyor, işğaldan azad etmə, Füzuli, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"
İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

40
(Yenilənib 20:33 20.10.2020)
Oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

BAKI, 20 oktyabr - Sputnik. Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə