Gənc cütlük, arxiv şəkli

Karantinin ailəyə həsrət qoyduqlarının könlünü almaq üçün inqilabi - TƏKLİF

262
(Yenilənib 19:24 22.09.2020)
"Məqsədəuyğundur ki, 4 faiz də 2 faizə endirilsin. Xüsusən də gənc ailələrin daha aşağı faizli ipotekadan yararlanmaqla onlaırn mənzil probleminin həllinə imkan yaradıla bilər" - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Ölkədəki pandemiya şəraiti ilə əlaqədar olaraq martın 15-dən etibarən Azərbaycanda toyların keçirilməsi dayandırılıb. Bir çox ekspertlər toylaırn keçirilməməsinin demoqrafik təsirinin ola biləcəyini söyləyir. Demoqrafik təsirin olmaması, gəncləri toy bazarı açılmadan nikaha təşviq etmək üçün onların maraqlarına xidmət edəcək nələr etmək mümkündür?

ZAQS, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Öncə dünya təcrübəsinə nəzər yetirək. Azərbaycanla yanaşı digər ölkələrdə də bu kimi kütləvi mərasimlərin keçirilməsi dayandırılıb. Bu isə demoqrafik vəziyyətə, əhalinin say artımında azalmalara səbəb olur. Artıq bu problemin qarşısını almaq üçün müxtəlif ölkələr tərəfindən layihələr, paketlər hazırlanır. Belə addımlardan biri kimi, bi sıra hökumətlər tərəfindən 3-5 min avro civarında yeni ailə quran cütlüklərə vəsait verilir. Bu da yeni ailə həyatı qurmaq istəyənlər üçün həm də bir fürsət hesab edilir.

Azərbaycanda da toyların formatının dəyişdirilməsi müzakirə edilir. Millət vəkili Musa Quliyev artıq toyların öncəki kimi kimi 300-400, hətta 1000 nəfərlə keçirilməsinin düzgün olmadığını deyir. O toyların formatının sadələşdirilməsinin tərəfdarı olduğunu deyib.

Sosioloq Əhməd Abbasbəyli isə Sputnik Azərbaycan-a açıqlamasında həm toyların keçirilməməsinin demoqrafik təsirlərindən danışıb, həm də gəncləri nikah mərasimlərinə təşviq etmək üçün maraqlı bir təklif irəli sürüb:

"Bu gün toyların olmaması, nikahların sayının az olması gələcəkdə müəyyən dövrlərdə öz təsirini göstərə biləcək. Təsəvvür edin ki, martdan bu yana toylar yoxdur. Bu vəziyyət ilin sonunadək davam etsə, təsəvvür edin ki, il ərzində 10-15 min cütlük toy gözləyir. 20 il sonra, yəni təxminən hərbi xidmətəgetmə illərində digər illərlə müqayisədə bu rəqəmlərdə müəyyən fərqlər nəzərə çarpacaq. Düşünürəm ki, müəyyən say məhdudiyyəti olaraq, sosial məsafəni gözləməklə toyları təşkil etmək olar. Necə ki, məktəblər açılır, insanlar məsafə qorumaqla məktəbə gedir, eyni formada da toyları təşkil etmək olar".

"Boşanmalaırn səbəblərindən biri də iqtisadi problemlər, gənc ailədə olan maddi sıxıntılardır. Sosial addım olaraq isə bu gün bəzi ölkələr yeni ailə quranlar üçün ilkin kapital verir, onlaırn mənzil almaq imkanlarını yaxşılaşdırır. Məncə, bu amil həm də boşanmaların qarşısını almağa kömək edəcək. Yəni, gənc ailələrə imakn yaradılsa ki, müstəqil olsunlar, ilkin dönəmdə maliyyə mənbələri olsa, bu amil ailələrin daha da möhkəm olmasına və boşanmaların asyının azalmasına səbəb olar. Ailələrdə özünəinam artar. Rusiyada "ana kapitalı" adlanan vəsait var", - deyə həmsöhbətimiz əlavə edib..

Ekspert söhbət əsnasında toyların keçirilməməsinini müsbət tərəflərindən də danışıb: "Lakin bu gün toyların keçirilməməsinin bir müsbət tərəfi də var. Bu həddindən artıq ifratçılığın qarşısını almaq üçün bir şans yaradıb. Bu qədər ifratçılıqdan qaçmaq üçün bir şans yaranıb. Çünki toyların bu formatda keçirilməsinin nə qız, nə də oğlan evinə bir xeyri var. Bu cür toyların yalnız böyük şəbəkə sahiblərinə xeyiri var. Türkiyə toylarında belədir ki, qonaqlar yeni ailənin ilkin kapitalını toplayaraq onlara verirlər".

Millət vəkili Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında təkliflə bağlı münasibətini bildirib. O deyib ki, gənclərin mənzil probleminin həlli ilə bağlı bir neçə proqram fəaliyyət göstərir: "İlkin olaraq sosial mənzillər layihəsinin icrasına başlanıldı, Hövsanda da 3 minə yaxın belə mənzilin satışa çıxarılacağı gözlənilir. Mövcud proqramlar gənclər üçün mənzil problemini həll etmək istiqamətində müəyyən imkanlar yaradır. Bundan başqa, gənclərin mənzil probleminin həlli üçün ipotekalı kreditlər üzrə faiz dərəcələrinə baxılması və onların aşağı salınmasını təklif edirik".

"Sosial ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşir. Dövlət büdcəsindən ayrılan vəsaitlər sırf kommersiya məqsədli olmadığına görə həmin kreditlər üzər faizlərə baxılması və faizlərin aşağı salınması mümkündür. Hazırda sosial ipoteka kreditləri üzrə dərəcə 4 faizdir. Daha məqsədəuyğundur ki, 4 faiz də 2 faizə endirilsin. Xüsusən də gənc ailələrin daha aşağı faizli ipotekadan yararlanmaqla onların mənzil probleminin həllinə imkan yaradıla bilər. Adi ipoteka üçün də faizlərə baxılması və aşağı salınması mümkündür. Adi ipoteka kreditləri üzrə maliyyə vəsaitinin cəlb edilməsi Dövlət İpoteka və Kredit Zəmanət Fondunun yerləşdirdiyi istiqrazlardan əldə edilən vəsaitlər hesabına formalaşır. Həmin istiqrazlar üzrə orta faiz dərəcəsi 3 faiz ətrafında dəyişməsi imkan verir ki, adi ipoteka kreditləri üzrə faizlər 8 faizdən 5 faizə endirilsin. Buna görə biz adi və sosial ipoteka kreditləri üzrə faizlərə baxılmasını təklif edirik. Faiz dərəcələrinin aşağı salınmasının reallaşması ilə gəncərə bu imkanlardan istifadə etməklə mənzil problemlərini həll etməyə imkan veriləcək", - deyə millət vəkili bildirib.

262
Əlaqədar
Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək
Açıq havada yatan köçkünlər: "Ölsək də, buradan çıxmayacağıq"
Ümidsizliyin susdurduğu sevgilər: "Niyə onu bağışlamayım ki?!"
Azərbaycanın daha bir şəhərində güzəştli mənzillər tikiləcək
Daşı daş üstünə qoya bilməyəcəyik... Belə getsə, ölkədə dişə çəkməli daş da olmayacaq
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

3
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

3
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

77
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

77