Arxeoloji qazıntılar, arxiv şəkli

"Onların işi qazıb təhvil verməkdir" - Tariximizə sahib çıxmaq niyə belə çətindir

392
(Yenilənib 17:45 21.09.2020)
"Nazirlər Kabineti qərar verməlidir ki, yeni aşkar edilmiş abidələr siyahıya alınsın. Siyahıda olmayanda abidələrin qorunmasında çətinlik yaranır" - F. Xəlilli.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Ölkədə son dövrlər "arxeoloji bum" yaşanır. Qədim tarixin təsdiqi olan müxtəlif karvansaralar, kurqanlar, qəbirlər, yaşayış məskənləri aşkarlanır, araşdırmalar aparılır. Ancaq onların sonrakı taleyi qaranlıq qalır. Ya həmin abidələr nəzarətdən kənarda qalıb dağılır, ya da restavrasiya zamanı abidələrin tarixiliyi itir.

Abidələr necə qorunmalı və kim tərəfindən təmir edilməlidir?

Sputnik Azərbaycan bu məsələni araşdırıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tarixi abidə, yaşayış məskəni yeni aşkarlanıbsa, üzərində aparılan araşdırmalar hələ bitməyibsə, tapıntı arxeoloqlar tərəfindən qorunmalıdır.

"Abidənin araşdırılması başa çatdıqdan sonra, abidə tarixi əhəmiyyətə malikdirsə, tapıntı dəyərli tapıntıdırsa və tikinti qalıqları tam şəkildə açılıbsa, abidənin konservasiyasına dəstək olması üçün layihə şəklində Mədəniyyət Nazirliyinə və müvafiq qurumlara müraciət edilir", - deyə tarixçi qeyd edib.

Onun sözlərinə görə, qazıntılar zamanı qəbirtipli abidələr aşkar edilərsə (küp qəbirlər, katakombalar, kurqanlar) materiallar götürüləndən və ərazinin CPS kartı qeyd ediləndən sonra həmin maddi-mədəniyyət nümunələrindən iki dənədirsə, biri diyarşünaslıq muzeyinə verilir. Digərləri isə Bakıya gətirliərək tədqiq olunur. Daha sonra həmin abidələr muzeylərdə sərgiyə qoyulur.

Xoşbulaq yaylağında 3000 min il bundan əvvələ aid ibadətgah yeri aşkar edildi - FOTO>>

Tarixçi qeyd edib ki, orta əsr qalaları Mədəniyyət qoruğu tərəfindən inventarlaşdırılır: "Qalalar qeydiyyata alındıqdan sonra Mədəniyyət qoruğu tərəfindən qorunur. Həmin qurumun bölgələrdə əməkdaşları əraziyə mütəmadi baxışlar keçirirlər. Leysan, zəlzələ və s. təbiət hadisələri zamanı dağıntılar baş verərsə, bu barədə Mədəniyyət Nazirliyinə məlumat verilir. Nazirlik həmin qalalar barədə müvafiq qərar verir".

Mütəxəssislərə görə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha qeyd edilib.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, maddi-mənəvi irs abidələrinin qorunması ilə bağlı qanunvercilik aktları var və bu aktlar abidələrin qorunması ilə bağlı hər şeyi - abidələrin qorunması, bərpası, öyrənilməsi və s.-ni özündə ehtiva edir. Eyni zamanda bu məsələ ilə bağlı Nazirlər Kabinetinin təlimatları var və bu işlər həmin təlimatlar əsasında həyata keçirilir.

F.Xəlillinin sözlərinə görə, tarixi abidələrin baxımsız olmasının müxtəlif səbəbləri var.

"Bəzən insanlar özlərini mədəni hesab etsələr də, ətraflarına qarşı belə davranmırlar. Bu, çox böyük bir problemdir. Məsələn, tutaq ki, hər-hansı bir abidə arxeoloji baxımdan öyrənilib. Orada qazılmış sahə əmələ gəlib. Əgər həmin əraziyə arxeoloq davamlı olaraq getmirsə, həmin yeri çevrədəki insanlar zibilliyə çevirirlər. Bu, böyük problemdir. Və ya hər-hansı böyük daş kütləsinə sahib abidənin daşını, kərpicini insanlar daşıyıb aparırlar. Bu, sovet dövründə də belə olub, indi də belə hallara rast gəlinir", - deyən tarixçi tarixi abidələrin qorunmamasını yerlərdə bu işlə məşğul olan insanların ixtisaslı olmaması ilə əlaqələndirib.

Həmçinin F.Xəlilli qeyd edib ki, yerlərdə fəaliyyət göstərən abidə mühafizləri təchiz edilməyiblər.

Yəni hansısa bir rayon ərazisində fəaliyyət göstərən abidə mühafizi dağda və ya çölün düzündə olan abidəni görməyə ezam olmaq üçün hər-hansı bir texnikaya malik deyil: "Sadəcə əmək haqqı alır və ara-sıra gedib abidələri müşahidə edirlər. Abidələr dağılan zaman məlumat verirlər. Hər-hansı bir inşaat şirkəti biləndə ki, hansısa ərazidən abidə aşkarlanıb, ağına-bozuna baxmadan qazırlar. Məlumat aşkarlanana qədər isə iş-işdən keçmiş olur. Toplumun özündə abidələrə qarşı münasibətdə problem var".

Tarixçi bildirir ki, abidələri dağıdan insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

"Məsələn, Cəlilabadda "Qazan köşkü" adlanan ərazini arxeoloq üsulu ilə qazıb, nəsə əlvan metal axtarıblar. Onlar bir qrupdur. Bu yaxınlarda Kürdivan ərazisində, Tovuzda və bir çox yerlərdə aşkar olunmuş mədəni irs abidələri üzərində belə qazıntılar aparılıb, insanlar onları dağıtmağa çalışıblar. Qarşısı alınıb. Son zamanlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarəti gücləndirib", - deyə tarixçi vurğulayıb.

Buğurt qalası
© Photo : Azerbaijan National Academy of Sciences

F.Xəlilli xatırladıb ki, 2001-ci ildən bu günə qədər abidələrin yenidən reyestri aparılmayıb. Yəni Nazirlər Kabinetinin yeni qərarı yoxdur.

"Nazirlər Kabineti qərar verməlidir ki, yeni aşkar edilmiş abidələr siyahıya alınsın. Siyahıda olmayanda abidələrin qorunmasında çətinlik yaranır", - deyə F.Xəlilli əlavə edib.

Tarixçi Akif Quliyev xatırladıb ki, qazıntı və tədqiqat işləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılır. Əldə edilən mədəniyyət nümunələri - saxsı, bəzək əşyaları və digər məmulatlar arxeoloji fonda verilir.

"Materialların bir hissəsi qeydiyyatdan keçəndən sonra bölgə muzeylərinə və Azərbaycan Tarixi muzeyinə verilir.

Ekspert vurğulaylb ki, abidələrin qorunmasına birbaşa Mədəniyyət Nazirliyi nəzarət edir.

Turizm Agentiyinin balansında olan ərazilərə Turizm Agentliyi nəzarət edir. Bərpa və konservasiya işləri də həmin qurumun məsuliyyətindədir: "Arxeoloq sadəcə qazır, aşkarlayır və təhvil verir".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər-hansı fəaliyyət, təsərrüfat işləri nəticəsində arxeoloji abidə aşkar olunarsa, dərhal işlər dayandırılmalı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və AMEA-nın müvafiq institutuna məlumat verilməlidir. Bundan sonra ərazi nəzarətə götürülür, mütəxəssislərin rəyi ilə arxeoloji qazıntı işləri aparılır.

392
Teqlər:
təmir işləri, biganəlik, tarixi abidələr, arxeoloji qazıntı, arxeoloji tapıntı, arxeoloqlar, arxeologiya, AMEA Arxeologiya institutu
Əlaqədar
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?
Qarabağda Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb –qazıntı yerindən kadrlar
Uşaqları evin içində, böyükləri həyətdə basdırıblar: Lələtəpənin sirrini türklər açacaqlar
Tarixi abidənin yerində restoran tikilməsinin qarşısı alındı - FOTO
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

20
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

20
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

39
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

39
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN