Avtomobillər, arxiv şəkli

Yüksək gömrük rüsumları ƏDV: Azərbaycan "ikinci əl" avtomobillər diyarına dönüb

116
(Yenilənib 01:29 21.09.2020)
Ekspert: "Azərbaycana avtomobillər TIR-lar və ya evakuatorlarla Gürcüstan, Almaniya, Dubay, ərəb ölkələri və digər yerlərdən gətirilir ki, onların da 70-80 faizi "ikinci əl"dəndir".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Yeni avtomobillərin qiyməti çox baha, gömrük rüsumları və ƏDV yüksək olduğu üçün onların ölkəyə gətirilməsi də baha başa gəlir.

Bu fikri nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Azərbaycana idxal olunan avtomobillərlə bağlı problemi şərh edərkən deyib. 

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 27792 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəyə 25999 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 25% çoxdur.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 2453 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Pandemiya dövründə avtomobillərin idxalının artması çox müsbət prosesdir.

Elməddin Muradlının sözlərinə görə, avtomobillərin ölkəyə gətirilməsi iki ildir ki, sürətlənib. Pandemiya dövründə bir qədər zəifləmə müşahidə edilsə də, son iki ayda yenidən ölkəyə avtomobillərin gətirilməsi artıb:

"Bu artım da avtomobil salonları sayəsində olur. Çünki şəxslər gedib, bir avtomobil gətirə bilərlər. Vətəndaşların isə ölkədən çıxması və ya ölkəyə daxil olması qadağandır".

E.Muradlını dediyinə görə, Azərbaycana avtomobillər TIR-lar və ya evakuatorlarla Gürcüstan, Almaniya, Dubay, ərəb ölkələri və digər yerlərdən gətirilir ki, onların da 70-80 faizi "ikinci əl"dəndir:

"Yeni avtomobillər çox az gətirilir. Düzdür, əhali arasında aparılan təbliğata görə, son zamanlar əhali yeni avtomobillərə üstünlük verir. Amma yeni avtomobillərin qiyməti çox baha olduğundan, həmçinin gömrük rüsumları və ƏDV yüksək olduğu üçün bu avtomobillərin ölkəyə gətirilməsi də baha başa gəlir. Bu səbəbdən avtomobil alarkən vətəndaşlar başqa üsullara əl atır, Çin və yerli avtomobillərə üstünlük verirlər".

Onun sözlərinə görə, harada istehsal edilməsinə baxmayaraq, yeni avtomobillərin uzun müddət istismar dövrü var. Dövlət proqramında da nəzərdə tutulduğu kimi, köhnə avtomobillərin istismardan çxıarılması, avtomobil parkının yenilənməsi məsələsi gündəmdədir. Bu da yeni avtomobillərə olan marağı artırır. Ancaq rüsumların çox olması, yeni avtomobillərin qiymətini bahalaşdırır və bu da alıcılıq qabiliyyətini zəiflədir.

Ekspertin fikrincə, pandemiya dövründə zərər görən sahələrdən biri də avtomobil sənayesidir. Bu bazarın dirçəlməsi üçün gömrük rüsumlarının, əlavə dəyər vergisinin azaldılması vacibdir:

"Bu rüsumları 2017-ci il səviyyəsinə qaytarmaqla müəyyən qədər vəziyyətdən çıxmaq olar. Belə olarsa, ölkəyə gətirilən avtomobillərin də sayı artacaq və əhalinin alıcılıq qabiliyyəti yüksələcək. Hazırda isə ilk növbədə ölkədə avtomobil parkı yenilənməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil idxalında 25 faiz artım çox müsbət prosesdir. Bu bir daha sübut edir ki, pandemiya dövrü olmasına baxmayaraq, ölkə iqtisadiyyatında müəyyən hərəkətlilik var. Bu, milli valyutanın stabil qalması ilə əlaqəlidir və ticari əlaqələrə təsir edir.

Azərbaycana gətirilən avtomobillər
© Sputnik / Elnur Salayev

Ekspertin fikrincə, idxal siyahısında ekoloji təmiz avtomobillərin sayı çox azdır. Halbuki bütün dünyada, xüsusən Avropa ölkələrində ekoloji təmiz avtomobillərə xüsusi üstünlük verilir. Ekologiyaya az zərər vuran avtomobillərin gətirilməsinə gömrük rüsumlarında güzəştlərin edilməməsi mane olur:

"Yaxşı olardı ki, hökumət səlahiyyətliləri ekoloji təmiz avtomobillərin rüsumları haqqında bir daha düşünsünlər. Çünki hazırda iqlim dəyişikliklərinin baş verdiyi, ətraf mühit problemlərinin olduğu bir dövrdə ekoloji təmiz avtomobillərə böyük tələbat var. Və bu məsələ öz həllini hər-hansı bir formada tapmalıdır".

E.Cəfər qeyd edib ki, ölkəyə gətirilən ikinci əl avtomobillərin böyük bir qismi onlayn şəkildə sifariş edilir. Vətəndaşlar ABŞ, Avropa və Yaponiya sığorta şirkətlərinin təklif etdiyi avtomobilləri onlayn şəkildə saytlar vasitəsilə ala bilirlər. Həmin avtomobilləri konteynerlərlə ölkəyə gətirmək mümkün olur".

Ekspert bildirib ki, Azərbaycanda da onlayn şəkildə avtomobillərin alqı-satqısının həyata keçirilməsi prosesləri baş tutsa, yaxşı olar.

"Düzdür, hazırda bəzi internet saytlarında atomobillərin satışı həyata keçirilir. Lakin bu saytlarda onlayn şəkildə pul ödəyib avtomobil almaq mümkün deyil. Ölkədə bu sahədə qanunvericilikdə dəyişikliklər edilməlidir", - deyən E.Cəfər bildirib ki, avtomobillərin DYP-də deyil, sertifikatlaşdırılmış servislərdə texniki baxışdan keçirilməsi məsələsi ləngiyir. Əgər bu proses həll edilsə, Azərbaycanda da onlayn avtomobil alqı-satqısı prosesi rahatlaşacaq.

116
Teqlər:
ƏDV, Dubay, Almaniya, Çin, nəqliyyat, gömrük rüsumu, gömrük, avtomobil
Bakubus avtobusu, arxiv şəkli

Pik saatlarda paytaxta ehtiyat avtobuslar cəlb olunub

7
(Yenilənib 18:19 20.10.2020)
Axşam pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərinə ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobuslar cəlb olunub.

BAKI, 20 oktyabr — Sputnik. Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub. Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib:

"Zərurət olduqca daşımalara əlavə avtobuslar cəlb olunacaq. Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

7
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

19
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

19
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi

0
(Yenilənib 19:23 20.10.2020)
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulub.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

0
Əlaqədar
MN: Ermənistana məxsus taktiki PUA Tovuz üzərində məhv edildi
Qarşı tərəfə məxsus daha bir PUA məhv edilib
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"